Əsas Səhifə > Partiya, Güney Press > “Deputatların etik davranışına belə təkliflər ”göydən düşməyib...””
“Deputatların etik davranışına belə təkliflər ”göydən düşməyib...””14-11-2018, 08:51 |
“Milli Məclisin deputatının statusu haqqında” və “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanunlara edilən dəyişikliklər geniş müzakirələrə səbəb olub. Deputatların bəziləri, hətta YAP-çı deputatlar qanunlara edilən dəyişikliklərin deputatların səlahiyyətlərini bir qədər də azaltdığını bildirərək narazılıqlarını ifadə ediblər. Bəzi siyasətçilər və siyasi təhlilçilər isə hesab edir ki, deputatların etik davranışları ilə bağlı qanuna edilən dəyişikliklər növbəti parlamentə hesablanıb, yeni qanun deputatlar üzərində nəzarəti daha da gücləndirəcək. Məsələn, VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, sözügedən qanunlara dəyişikliklər yeni parlament seçkilərinə gediləcəyinin və yeni tərkibdə parlamentin formalaşdırılacağının siqnalıdır: “Qanunlarda deputat səlahiyyətlərinin məhdudlaşdırılması, deputatların cəzalandırılması prosedurlarının daxili nizamnaməyə salınması növbədənkənar parlament seçkilərinin keçiriləcəyinin əsas əlamətidir. Hakimiyyət parlamenti buraxmağa hazırlaşır. Həm də bu onun göstəricisidir ki, iqtidar məcburiyyətdən nəzarət edə bilmədiklərini də parlamentə buraxmaq zorundadır. Yəni beynəlxalq təzyiq dözülməzdir. Deməli, yeni siyasi eranın başlanması haqda dediklərim təsdiqini tapır. Müxalifət bu siqnalı düzgün qavramalı, təşkilatlanmalıdır. Seçkilərə hazırlıq başlamalıdır. Ən geci gələn ilin payızına seçkilər olacaq. Büdcəyə transferlərin artırılması da seçkilərin olacağının indikatorudur”. REAL Partiyasının Məclis sədri Erkin Qədirli isə BBC- Azərbaycancaya açıqlamasında deyib ki, qanunda edilən bu sərtləşdirmələr növbəti parlamentə hesablanıb və gələcək parlament seçkilərinin nisbətən demokratik olacağı ehtimalını yaradır: “2016-cı ildə keçirilmiş referendumda parlamentin buraxılma səlahiyyətinin prezidentə verilməsini görəndə ağlıma ilk bu fikir gəmişdi. Bundan başqa, son 2 ildə deputatlarla bağlı etik qaydalara, nizam-intizam, daxili nizamnamə kimi məsələlərə edilən məhdudlaşdırmalar və cəzaların sərtləşdirilməsi, mandatın əldən alınmasına qədər hamısını toplayanda başqa izah qalmır. Belə bir məzmundakı qanun demokratik yolla seçilən parlament risk yaradacağı halda onu buraxmaq və ya ayrı-ayrı deputatları mandatdan məhrum etmək imkanı yaradacaq”. Qeyd edək ki, Əli Əliyev və bəzi digər müxalifətçilər, siyasi ekspertlər xeyli vaxtdır növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalının yüksək olduğunu bəyan etməkdədirlər. YAP-ın rəhbərliyi və hakimiyyətyönlü deputatlar isə növbədənkənar parlament seçkilərinə zərurət olmadığını bəyan edirlər. Gələn ilin sonlarında parlament seçkilərinin olacağı barədə hələ nə rəsmi qərar verilib, nə də bir rəsmi açıqlama səslənib. 2019-cu ilin sonlarında bələdiyyə seçkiləri keçirilməlidir. Bələdiyyə seçkiləri ilində həm də parlament seçkiləri keçiriləcəksə, bu, Azərbaycan təcrübəsində ilk olacaq. Hakim partiyanın deputatları isə bu fikirlə razılaşmırlar, onların fikrincə, dəyişikliklərdə uzaqgedən nəticələr axtarmaq əsassızdır, bu dəyişikliklər parlamentin daxili işidir. Qanunlara edilən dəyişikliklər və əlavələrdə yazılır ki, deputat öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməlidir. O, hətta səlahiyyət müddətindən sonrakı dövrdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədilə hər hansı bir hərəkət etməməlidir. Həmçinin deputat hər hansı maraqlı tərəflə, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdiyi görüş və bunun detallarını ictimaiyyətə açıqlamalıdır. Bu məlumatlar protokollaşdırılaraq Milli Məclis Aparatında saxlanmalıdır. Sözügedən qanuna təkliflərdə nəzərdə tutulub ki, deputat hətta növbəti parlamentə seçilməsə, məşğul olacağı sahədə keçmiş deputatlığından dəstək kimi yararlanmamalıdır. Əgər deputatın xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyyət yaranacaqsa, bu haqda İntizam komissiyasına məlumat verməlidir. Maraqlar toqquşarsa, deputat ictimai mənafeni həmişə öz maraqlarından üstün tutmalıdır. Onlar maraqlarının yarandığı məsələ ilə bağlı çıxış və ya səsvermədə iştirak edə bilməzlər. Keçmiş deputat, AMİP lideri Etibar Məmmədov isə bildirib ki, bu dəyişikliklərlə deputatlar üzərində nəzarəti gücləndirmək imkanı artır: “Bununla deputatlar üzərində nəzarəti gücləndirmək imkanı artır. Maraqların toqquşması da buna aiddir. Hamıya məlumdur ki, bizdəki deputatlar həm məmur yerlərini saxlayırlar, həm də bizneslə məşğul olurlar, öz maraqlarını həyata keçirirlər. Buna da göz yumulur. Amma bu əlavəni etməklə istənilən deputatı ”maraqlar toqquşması"nda ittiham etmək mümkündür". Hakimiyyətyönlü deputat Zahid Oruc isə bildirdi ki, bəzi siyasi təhlilçilərin və müxalifətçilərin yanaşması, qanuna edilən dəyişiklikləri növbədənkənar parlament seçkilərinin əlaməti adlandırması çox şişirdimiş və tünd boyalarla təsvir edilmiş mənzərədir: “Deputatların etik davranışına belə təkliflər ”göydən düşməyib", son referendumdan sonra konstitusiyada deputatların mandatdan məhrum edilməsi ilə bağlı yeni maddə belə bir dəyişikliyə hüquqi baza yaradıb. Düşünmürəm ki, bu qanun deputatların imkanlarını məhdudlaşdıracaq və ya gələcək seçkilərlə bağlıdır. Bu qanun, sadəcə, parlamentin etik davranışlarını tənzimləyir". “Yeni Müsavat” Geri qayıt |