Əsas Səhifə > Partiya, Güney Press > "O komissiya onun üçün yaradılıb ki, dillə bağlı problemlərin həllinə kömək etsin"
"O komissiya onun üçün yaradılıb ki, dillə bağlı problemlərin həllinə kömək etsin"5-11-2018, 08:29 |
Prezident İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Bu fərmanla “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılır. Fərmanda deyilir ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranıb. Habelə, fərmanda qeyd edilir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir. Fərmana əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratmaq; “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirmək; Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayıb bir ay müddətində təsdiq etmək; Monitorinq Mərkəzinin nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etmək; Monitorinq Mərkəzinin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etmək; Monitorinq Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yer ayrılmasını və zəruri maddi-texniki təminat məsələlərini həll etmək; kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Fərmanı zəruri edən amillərlə bağlı Dövlət Dil Komissiyasının üzvü, VHP sədri Sabir Rüstəmxanlıya müraciət etdik. Sabir bəy bunları dedi: “Mətbuatımızda dillə bağlı kifayət qədər narahatçılıq ifadə olunub. Dilimizin əsasən Bakı şəhərində, reklamlarda, ictimai yerlərdə dil qanununun pozulduğu barədə yazılar gedir. Prezident də bir vətəndaş kimi Bakıya çıxır, hər şeyi görür. Ona görə də bu fərman çox ciddi bir ehtiyacdan doğur. Dil Komissiyasının sədri prezidentdir və mən də o komissiyasının üzvüyəm. O komissiya onun üçün yaradılıb ki, dillə bağlı problemlərin həllinə kömək etsin. Dilin işlənməsi, dövlət dili səviyyəsində qorunması, terminologiya məsələlərinin həlli, kənar dillərin turist axınından doğan söz axınının qarşısında dilimizin davamlılığı, duruş gətirməsi və beynəlxalq səviyyədə işlənməsi və bu kimi halların tənzimlənməsi üçün Dil Komissiyasının vəzifələri var. Daha əvvəl də buna bənzər sərəncam verilib. Eyni zamanda, bundan öncə akademiyada mənim də iştirakımla dilimizin qorunması və inkişafı ilə bağlı proqram hazırlanıb. O proqramın yerinə yetirilməsi sahəsində müəyyən işlər görülüb. Onun nəticəsində komissiya böyüdüldü və prezidentin özü onun sədri oldu. Bunların hamısı bir-birinə bağlı məsələlərdir. Bu onu göstərir ki, ölkədə dövlət dili siyasəti, dövlət dilinin qorunması ilə bağlı işlər gedir və bu istiqamətdə işlər getdikcə genişlənir. Əslində burada başqa bir yol da yoxdur. Başqa cür olsa biz dilimizi itirərik. Dilimizi itirmək isə milləti itirmək deməkdir. Fərmana baxdım, orada qoyulun məsələlər, monitorinq qrupunun yaradılması çox vacib idi. Yerində verilmiş fərmandır və bunu alqışlayıram. 2006-ci ildən Dil Qurumu yaranıb və onun sədriyəm. Davamlı olaraq dilimizin vəziyyətini çox ciddi şəkildə akademiklər, jurnalistlərlə birlikdə müzakirə edirik. Akademiyada alimlərin iştirakı ilə monitorinqlər də keçirilir. Təəssüflər olsun ki, keçirdiyimiz monitorinqlərə QHT-lərin rəyi kimi baxılır. Biz hətta dil qaydalarını pozan müəyyən təşkilatları məhkəməyə belə vermək istəmişik. Sənədlər hazırlamışıq, lakin qəbul etməyiblər. Görünür rəsmi şəkildə şikayət olunan tələblərdən qorxublar. Amma indi prezidentin sərəncamı ilə o səviyyədə yaranan Monitorinq Qrupunun şübhəsiz ki, rəyi əsas olacaq və buna daha məsuliyyətlə yanaşacaqlar. Bu baxımdan mənə elə gəlir ki, vaxtında verilmiş fərman və bu hökmən yerinə yetirilməlidir. Onu da qeyd edim ki, Monitorinq Qrupunun başında peşəkar, bu işi bilən, onun məsuliyyətini dərk edən, bu iş üçün yanan, təcrübəsi olan şəxs olmalıdır ki, bu istiqamətdəki işləri qanunauyğun şəkildə yerinə yetirsin. O zaman təsir və xeyirləri çox olacaq”. “Yeni Müsavat” Geri qayıt |