Əsas Səhifə > Partiya, Güney Press > "Bu, böyük bir ictimai qınağa səbəb ola biləcək bir hadisədir"

"Bu, böyük bir ictimai qınağa səbəb ola biləcək bir hadisədir"


31-10-2018, 09:03
"Bu, böyük bir ictimai qınağa səbəb ola biləcək bir hadisədir"
Bu insanlığa, analığa ləkədir, böyük bir ictimai qınağa səbəb ola biləcək bir hadisədir.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva Sumqayıtda bir ananın körpəsini dünyaya gətirdikdən sonra öldürərək basdırmasına münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, baş verən hadisəyə körpənin atası da səbəbkardır:

“Bu o qədər ürəkağrıdıcı bir hadisədir ki, insan hətta danışanda belə özünə hakim ola bilmir, kövrəlir. Bu insanlığa, analığa ləkədir, böyük bir ictimai qınağa səbəb ola biləcək bir hadisədir. Düşünürəm ki, bunu edən insanın Allahı üstündə olmayıb. Allahı üstündə olan və dünyaya uşaq gətirən bir qadın bunu necə edə bilər? Heç cür anlaya bilmirəm. Ola bilsin ki, o, qadın gənc olub, bəs onun anası bu hadisənin baş verməsini necə istəyib? Qadının gəncliyi ona heç cür haqq vermir. Təbii ki, heç bir hadisədə bir tərəf buna səbəb olmur, burda hər iki tərəfin günahı var. Burda günahkar bir tərəfdən qadındırsa, digər tərəfdən də kişidir. Məsələnin kökünə getsək görərik ki, qadından çox elə kişinin özü qınaq obyektidir. Çünki o, bir qadının taleyi ilə oynayıb”.

Qeyd edək ki, Sumqayıt şəhər H.Zeynalabdin Tağıyev qəsəbəsində 22 yaşlı Səbinə İsmayılova qeyri-rəsmi nikahda yaşadığı şəxsdən hamilə qalıb. Daha sonra həmin şəxs onunla əlaqələrini kəsib. Həmin oğlandan sonra körpəsini dünyaya gətirən Səbinə, anası-56 yaşlı Nigar Salmanovanın təkidi ilə uşağı öldürərək qəbiristanlqda basdırarkən qəbiristanlığın nəzarətçisi onlardan şübhələnib və polisə zəng vurub. Polisin əraziyə gəlməsindən sonra körpə basdırıldığı yerdən çıxarılıb. Hadisədən sonra Səbinə İsmayılova saxlanılıb.

Geri qayıt