Əsas Səhifə > Partiya, Güney Press > "Əslində heç biz Qurbanı ifşa etməmişik"

"Əslində heç biz Qurbanı ifşa etməmişik"


24-10-2018, 08:27
"Əslində heç biz Qurbanı ifşa etməmişik"
Müxalifət düşərgəsi qaynayır. Amma fəaliyyətlə deyil, daha çox qarşıdurmalarla... REAL Məclisinin sədri Erkin Qədirlinin müxalifət təcrübə toplayana qədər hakimiyyətin qalması ilə bağlı açıqlamalarının üstündən 20 gündən çox vaxt keçib. Amma hələ də Müsavat və AXCP-dən ibarət Milli Şura onu “məhşər ayağına” çəkir, ən ağır ifadələrlə aşağılayır.

Müxalifət düşərgəsində daha bir savaş İngiltərədə yaşayan hüquqşünas Qurban Məmmədovla Milli Şura arasında gedir. Bu savaşın başlanmasından yarım aydan çox vaxt ötməsinə baxmayaraq hələ də davam edir.

Milli Şura sədri Cəmil Həsənli Q.Məmmədova bu statusu həsr edib: “Deməli, Qurban Məmmədov indi məsələni o istiqamətə yönəltmək istəyir ki, guya biz onun yeni ”tapıntısı" Aslan İsmayılovun dezinformasiyasına inanıb onu ifşa etmişik. Bu növbəti oyunbazlıq, ictimaiyyəti aldatmağa yeni cəhddir. Bizim Qurbanı ifşa etməyimizin Aslanın boş-boş danışması ilə, Qərbi tənqid edib, Avropaya “təhsil” arxasınca getməsi, Polşada pənahəndə olması ilə heç bir əlaqəsi yoxdur.

Əslində heç biz Qurbanı ifşa etməmişik. O, özü-özünü ifşa edib. Sovet dövründə belə bir film var idi: “İlin doqquz günü”. Elmi araşdırma institutunda fiziklərin elmi axtarışlarından bəhs edirdi bu film. Həmin filmdə pis işləyən, işə ziyan vuran, lakin tez-tez təşəbbüs qaldıran fiziklərin birini danlayan laboratoriya müdiri deyir ki, (lətifəsi Qurban Məmmədovdan uzaq) “ən təhlükəli axmaq, təşəbbüskar axmaqdar”. İndi bu Qurban Məmmədov da öz təşəbbüskarlığından ifşa olunub. O, Azərbaycan dövlətçiliyini xilas etmək “təşəbbüsü” ilə Londona hicrət edib deşifrə olunduqdan sonra, bu Aslan Aslanov da Qurbanın özünü xilas etmək üçün Polşadan xuruc edib. Məsələ burasındadır ki, biz Qurban Məmmədovun böhtanlarına çox dözdük. Biz dözdükcə o, daha da azğınlaşdı. Əlbəttə, bunun bir sonu olmalı idi. İndi artıq görürsünüz, Şeyx Nəsrullah kimi o, ölü diriltməklə məşğuldur. Özünə hörmət edən heç kim artıq onun kanalına getmir.

Adam Londonda xanənişin olandan sonra Nardaran hadisələrinin ardınca Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısında xalıqımızın İslam inanclı olduğuna dayanaraq “şəriət dövləti” yaratmaq təklifindən kəmali-ehtiramla yan keçmək istəyir. Bu təklif həmin iclasda iştirak edən bütün üzvlərin qarşısında edilib. Birinci olaraq Gültəkin xanım onun ağzından vurub ki, biz bura şəriət dövləti yaratmağa yığışmamışıq. Biz Milli Şura olaraq xalqımızın ideallarını Qərb dəyərlərində, Avropa Birliyi sərhədlərində görürük. Cavabında Qurban Məmmədov bildirib ki, xanım siz əgər Allaha inanmırsınızsa bu o demək deyil ki, bütün Azərbaycan xalqı sizin kimidir. Mən müdaxilə edib müzakirəni dayandırmışam. İndi Qurban iclas zamanı apardığı “qeydlərə” əsasən sübut etsin ki, yox, belə deyil. Londona gedəndən sonra birinci işi də bizi debata çağırmaq olub, özü dediyi kimi, tribuna vermək üçün yox, “anamızı ağlatmaq” üçün.

Bütün ömrü boyu bu adamın işi öz “dostlarının” əleyhinə “kompromat” toplamaq olub. Onun topladığı “kompromat” qovluqlarını üst-üstə yığsan boyundan çox-çox hündür olar. Deməli, Pənah Hüseyn baş nazir işləyəndə kabinetinin arxasındakı məxfi danışıqlar otağının açarını tənha olaraq Qurbana vermişdi. O da bu “etimadı” yüksək qiymətləndirərək Pənah bəyin məxfi danışıqlarını dinləmək üçün gətirib orada səsyazma aparatı quraşdırmışdı. İndi belə adamdan nə gözləyirsiniz? O, Qılınc Qurban olmaq iddiasında idi, amma təəssüf ki, gülünc Qurban oldu".

Q.Məmmədov C.Həsənliyə onun deputat olarkən parlamentdən hakimiyyətin təhsil siyasətini tərifləyən videosunu paylaşmaqla bu cümləni yazıb: “Əsl sifətiniz budur, Cəmil Həsənli”.

Hüquqşünas son günlərdə C.Həsənlinin əsas müdafiəçisinə çevrilərək, şəxsinə yönəlik təhqirlər, tənqidlər yağdıran Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin 2008-ci ilin prezident seçkilərində hakimiyyətin seçki mitinqlərindəki çıxışlarından birini bu başlıqla paylaşıb: “Afərin, Gültəkin! Məni söyməyə də, böhtan atmağa da haqqın var, bu ağılla”.

Milli Şuranın Koordinasiya Mərkəzinin daha bir üzvü Eldəniz Quliyevin Q.Məmmədovu hədəf aldığı status bütün etik sərhədləri keçib: “Qurban Məmmədov, hər şey bir qırağa...

Əzab-əziyyət içində qovrulan siyasi məhbus ailələrinin çörək puluna tamah saldığın üçün sən vicdansızsan".

Q.Məmmədovun cavabı: “Bilirdim, ancaq bu qədər kütbeyin olduğunu bilmirdim, Eldəniz. Nə gündə imişsən. Bu ”ağıl-kamalla" sən çox uzağa gedəcəksən. Payını artırıblar deyəsən, nuş olsun. Bilirəm, Heydər Əliyev Gəncədən qayıdan gün keçirdiyi mətbuat konfransında dediyin: “Haradasız, gəlin bu cəbhəçilərdən bizi xilas edin” - deyə, bağırmağını xatırlatdığım üçün mənə qızğınsan. Ancaq faktlar amansız olur. Başım qarışıb. Sənə də vaxt ayıracağam, gözlə. Get qurban ol Mehdi bəyə..."
“Yeni Müsavat”

Geri qayıt