Əsas Səhifə > Partiya, Güney Press > “Prezident Qarabağ mitinqi çağırışı etsə, milyonlarla insan meydanları doldurar”

“Prezident Qarabağ mitinqi çağırışı etsə, milyonlarla insan meydanları doldurar”


9-10-2018, 08:42
“Prezident Qarabağ mitinqi çağırışı etsə, milyonlarla insan meydanları doldurar”
Bir sıra siyasi, ictimai xadimin yaratdığı Qarabağ Komitəsinin 29 sentyabrda keçirdiyi mitinqə hakimiyyət razılıq versə də, mitinqin kütləviliyi üçün hər hansı bir dəstək verilmədi. Əksinə, hakim Yeni Azərbaycan Partriyasının tanınmış deputatları mitinqi sərt tənqid etdilər. Qarabağ məsələsinin mitinqlə həll olunmadığını təşkilatçılara sərt formada xatırlatdılar. Bu isə qarşı tərəfin etirazına səbəb olub.

Deputat Zahid Oruc hakimiyyəti mitinqə dəstək verməməkdə qınamağın yanlış olduğunu düşünür. “Yeni Müsavat”a açıqlamasında Zahid Oruc öncə bildirdi ki, kimliyindən, ideolojisindən, siyasi mövqeyindən asılı olmayaraq Qarabağ məsələsi ötən on illər ərzində yenə də Azərbaycanda vahid milli mövqenin saxlandığı bir cəbhədir: “Belə demək mümkündürsə, bütün başqa sahələrdə çox fərqli və ziddiyyətli münasibət daşıyıcıları belə hesab edirlər ki, Qarabağ məsələsi ətrafında səfərbər oluna bilərlər, onların səngəri birdir və hədəf də hamıya bəllidir, düşmən atəş açanda ayrıca iqtidara, yaxud müxalifətə istiqamətlənmir, bütövlükdə Azərbaycan xalqına istiqamətlənir. Belə olan təqdirdə itirilmiş torpaq problemi də yalnız ayrıca götürülmüş halda hakimiyyətin, yaxud hakim partiyanın deyil, mövqeyindən asılı olmayaraq hər kəsindir. Həmin ideya ətrafında, Qarabağ probleminin həlli üçün irəliyə duran qüvvələr avtomatik olaraq o müqəddəsliyi də qorumalıdırlar. Çünki sosial, iqtisadi problemə indekslənib buradan hökumətin konkret strukturlarını tənqid etmək anlaşıla bilir. Bu həm də demokratik mübarizənin ana şərtidir. Ancaq Qarabağ məsələsində ittihamlar, mühakimələr başlasa, 29 sentyabrdakı mitinqdə vitrində olanlar birinci növbədə cavab verməlidirlər. Ən azı mənəvi və siyasi məsuliyyətləri var onların. Həmin adamlar doğrudanmı fərqində deyillər söyləyirlər ki, şeytanla belə ittifaq hazırdırlar, ancaq bu gün dövləti idarə edənlərlə bir araya gəlmək istəmirlər. Kim bunları yaxın çağırır ki, gəlib 1990-cı illərdəki avantürist fəaliyyətlərini davam etdirsinlər? Axı bu millətin tarixi yaddaşı o qədər qısa deyil. O adamlar məgər fərqində deyillərmi ki, insanlar Qarabağın bir çoxları üçün hakimiyyət uğrunda mübarizə vasitəsi olduğunu yaddaşlarından silməyib. İndi də sanki Qarabağ məsələsi kimlər üçünsə özünü reablitasiya eləmək fürsətidir. Bəzi qüvvələr üçün düşmən tərəf haradır?! Bunlar İrəvana köklənmirlər axı. Həm ölkə içində olan qüvvələrin bəziləri, həm xaricdə məskunlaşmış qüvvələrin bir çoxu gerçəkdən də erməniləri unudublar. Bəziləri ümummilli bir davanı gətirib partiyalararası, məhəlli mübarizə səviyyəsinə çıxarmaq səviyyəsinə endirmək istəyir. Ona görə də parlamentdə hakim partiyanın deputatları məhz bu prosesə etirazlarını qaldırdılar”.

Deputat qeyd etdi ki, dövlətin rəhbərliyi ötən illər ərzində Qarabağ məsələsində ən sərt iradəni ortaya qoyub: “Əgər ölkəmizin rəhbəri İlham Əliyev Qarabağ mitinqi çağırışı etsə milyonlarla insan meydanları doldurar. Türkiyə prezidentinin keçirdiyi mitinqlər kimi, Qarabağ məsələsinin də mitinq səviyyəsində müzakirəsinin gərək olduğu təqdirdə mitinq çağırışı edilsə, o çağırışa milyonlarla insan qatılar.

Bu gün məcburi köçkünləri 29 sentyabr mitinqinə qatılmamaqda ittiham edənlər çox ciddi yanlışlıq edirlər. Onlar məcburi köçkünləri günahlandırmasınlar. İnsanlar vitrinə baxıb o mitinqə gəlməyiblər. İlham Əliyevin liderliyi altında isə milyonlarla insan meydana axışar və göstərərlər ki, Qarabağ məsələsi onların həyat idealıdır, mövcudluğunun, dövlətinin əsasıdır, Qarabağsız Azərbaycan yoxdur. Gərəkdiyi dövrdə bu cür Qarabağ mitinqi olacaq. Gerçəkdən də ictimai və milli iradəni danışıqlarda, yaxud gələcək savaşlarda göstərmək məqamı yetişəndə görəcəksiniz bir çağırışla insanlar meydana gələcək. Beləliklə, hər kəs görəcək ki, ümummilli aksiya necə keçirilir ”.

Geri qayıt