Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycanla Rusiya arasındakı münasibətlər ermənipərəst qüvvələri qıcıqlandırır
Azərbaycanla Rusiya arasındakı münasibətlər ermənipərəst qüvvələri qıcıqlandırır6-10-2018, 10:37 |
Azərbaycanla Rusiya arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə RF Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulin kimi ermənipərəst qüvvələr təsir edə bilməz. Bunu Trend-ə açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasındakı münasibətlər ermənipərəst qüvvələri qıcıqlandırır: "Azərbaycanla Rusiya arasında həm xalqlarımız, həm də dövlət rəhbərləri arasında çox böyük səmimi münasibət var. Bu reallığı görən ermənipərəst qüvvələr əl-ayağa düşüblər. Onlardan biri də Zatulindir. Zatulinin ermənipərəst qüvvələrin əlində bir alət olduğu bizə çoxdan məlumdur. O hər zaman Azərbaycanla Rusiya arasında strateji münasibətlərə xələl gətirməyə cəhd edir. Bu şəxs yenə öz ampluasındadır və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə çalışır. Azərbaycanı sülh prosesini pozmaqda, hərbi ritorikada ittiham edir". E.Nəsirov bildirib ki, Azərbaycanın sülhpərvər olması hamıya məlumdur və Azərbaycanın işğal altındakı torpaqlarını hərb yolu ilə azad etməməsinin səbəbi də problemin sülh yolu ilə həllinə çalışmasıdır: "Zatulin isə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "şərəf ordeni" ilə təltif edilən şəxsdir. Bu cür məsuliyyətsiz şəxslər belə bəyanatlar verməklə həm Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə zərbə vurur, həm də Azərbaycanla Rusiya arasındakı strateji münasibətlərə xələl gətirmək istəyir. Zatulinin də bu cür cəfəng mövqeyi Rusiyanın mövqeyi deyil. Bu, Zatulin kimi erməni maraqlarına xidmət edən şəxslərin fikriləridir. Buna baxmayaraq Rusiya Dövlət Duması rəhbərliyi də belə məsuliyyətsiz deputatların davranışı ilə bağlı ölçü götürməlidir. Çünki bu cür ittihamlar Rusiya-Azərbaycan münasibətlərinə zidd məsələdir". Geri qayıt |