Əsas Səhifə > Partiya, Güney Press > “Torpaq uğrunda mübarizə hakimiyyət-müxalifət mübarizəsinə çevrilməməlidir”

“Torpaq uğrunda mübarizə hakimiyyət-müxalifət mübarizəsinə çevrilməməlidir”


1-10-2018, 08:31
“Torpaq uğrunda mübarizə hakimiyyət-müxalifət mübarizəsinə çevrilməməlidir”
Sentyabrın 29-da Qarabağ Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən Qarabağ mitinqinə münasibət birmənalı olmadı. Az və ya çox adam gəlməsindən asılı olmayaraq, mitinq hər halda baş tutdu. Hakimiyyət aksiyaya icazə vermişdi. Kimiləri Qarabağla bağlı mitinqin vacib olduğunu, kimiləri isə Qarabağ məsələsinin mitinqlə həll olunmayacağını və mitinqlərə ehtiyac yaranmadığını deyir. Hətta hakim Yeni Azərbaycan Partiyasının deputatları arasında da bu məsələdə fikir ayrılığının olduğu ortaya çıxdı.

Məsələn, mitinqdən bir gün öncə YAP İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov Qarabağ məsələsinin millətin məsələsi olduğunu və mitinqə hər kəsin gəlməsinin vacibliyini bəyan edib. Mitinq günü isə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov və YAP-çı deputat Aydın Mirzəzadə Qarabağla bağlı fərqli, bu cür mitinqlərə ehtiyac olmadığını ehtiva edən açıqlamalar veriblər.

Bəs, Qarabağla bağlı mitinqlər keçirməyin hansı əhəmiyyəti var? Yaxud hansı zərəri ola bilər?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Qarabağ mitinqini izləyib. Çıxışların bir hissəsinə tənqidi münasibəti var: “Məsələn, tribunadan İslam Partiyasının həbsdə olan sədrinin salamlarının mitinq iştirakçılarına çatdırılmasına bütün mitinq iştirakçılarının adekvat yanaşmadığını hiss etdim. İslam Partiyasının üzvünə çıxış üçün şərait yaradıldı. Məndə olan məlumata görə, mitinqdə çıxış etmək istəyənlər çox olub və heç də hamıya belə şərait yaradılmayıb. Ancaq İslam Partiyası üzvünün çıxışına imkan yaratdılar. Bu, bəzilərində belə təəssürat yarada bilərdi ki, mitinqi təşkil edənlər İslam Partiyasının dəyərlərini bölüşürlər. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu İslam Partiyasının üzvünün çıxışından dərhal sonra söz alaraq İran hakimiyyətinin işğalçı Ermənistanla əlaqələrini tənqid edən cümlə işlətdi. Böyük ehtimalla, Mirmahmud Mirəlioğlu bunu ona görə dedi ki, mitinqi təşkil edənlərin mövqeyi ilə İranla əlaqələrə önəm verən İslam Partiyasının siyasətinin üst-üstə düşmədiyi görünsün.

Hakim Yeni Azərbaycan Partiyasının deputat üzvlərindən biri mitinqdən əvvəl Qarabağla bağlı mitinqi dəstəklədiyini bildirdi. Bunu bəziləri belə qələmə verdi ki, YAP Qarabağ mitinqini dəstəkləyir. Halbuki bu belə deyildi. Mitinq bitər-bitməz YAP-ın bir çox üzvləri mitinqi tənqid etdilər. Bunun iki vacib səbəbi olduğunu düşünürəm.

Birinci səbəbi mitinqdə “istefa” şüarlarının səslənməsiydi. Mitinqdə çıxış edənlərdən bir neçəsi hakimiyyəti sərt tənqid etdi və bu da istər-istəməz “istefa” şüarlarının səslənməsinə şərait yaratdı. Aydındır ki, “istefa” şüarlarının səsləndiyi mitinqə hakimiyyət və ya YAP dəstək verə bilməzdi".

Politoloq hesab edir ki, mitinqə birmənalı münasibətin olmamasının ikinci səbəbi bu mitinqlərin davamlı hal ala biləcəyi ehtimalıdır: “Qarabağ Komitəsinin üzvlərinin tamamı müxalif mövqedə dayanan siyasətçilərdir. Bu da hakimiyyət üçün uyğun deyil. Qarabağ ümumi problemdir. Hakimiyyət müxalifəti başqa müstəvilərdə xeyli zəiflədib. Ancaq Qarabağ platformasında Qarabağ Komitəsinə yığılan insanlara qarşı hansısa addımların atılması ölkə daxilində və xaricində doğru anlaşılmaya bilər. Məsələn, düşünülə bilər ki, Azərbaycanda Qarabağ uğrunda müharibə çağırışları edənlərə qarşı sərt siyasətə üstünlük verilir. Halbuki, başda prezident olmaqla hakimiyyət nümayəndələrinin bir çoxu işğalçıya qarşı güc yolunu istisna etmirlər və 2016-cı ilin aprel savaşı və ya Naxçıvan əməliyyatı buna sübutdur. Qarabağ xalq üçün həssas və birləşdirici mövzudur. Hakimiyyət də siyasətində bunu nəzərə alır. Buna baxmayaraq, bəzi müxalif qüvvələrin Qarabağ üzərindən hakimiyyətə təzyiq etmək istəyi və hakimiyyəti zəiflətməyə çalışması da istisna deyil. Bu baxımdan Qarabağ Komitəsinə gələn dəfə mitinq təşkil etmək asan olmayacaq. İlk mitinqə bəlkə də gözlənildiyindən çox insan qatıldı. Ancaq Qarabağ Komitəsi onu da nəzərə almalıdır ki, hətta hakimiyyət növbəti mitinqə maneələr yaratmasa belə, Komitənin özü üçün ikinci mitinqə kifayət qədər insan toplamaq çətin olacaq. Çünki ilk mitinqdə Qarabağla bağlı hər şey deyildi. Yenə eyni mövzu və eyni şüarlar olacaqsa, mitinqə qatılmaq istəyənlərin sayı azala bilər”.

E.Şahinoğlu sonda onu da dedi ki, əslində Qarabağ uğrunda ictimaiyyətin artan səsi hakimiyyət üçün zərərli deyil: “Bununla hakimiyyət beynəlxalq aləmə, o cümlədən ATƏT-ə mesaj göndərmiş olar ki, cəmiyyət hakimiyyətdən Qarabağla bağlı sərt addımlar, müharibə tələb edir və əgər vasitəçilər tələsməsələr, vəziyyət gərginləşə bilər. Ona görə də Qarabağ uğrunda mübarizə hakimiyyət-müxalifət mübarizəsinə çevrilməməlidir. Mən deyərdim ki, YAP-ın özü də Qarabağ mitinqi keçirsəydi, bu, işin yararına olardı. Bu, danışıqlarda prezidentin əlini gücləndirərdi”.

Geri qayıt