Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət liderlərinə istefa tələbi aranı qatdı

Müxalifət liderlərinə istefa tələbi aranı qatdı


19-09-2018, 09:38
Müxalifət liderlərinə istefa tələbi aranı qatdı
AXCP sədri Əli Kərimlinin sabiq müşaviri Sahib Kərimlinin Bakıda keçirilən paraddan sonra facebook profilində paylaşdığı status qalmaqal yaradıb. S.Kərimli ənənəvi müxalifət liderlərini siyasətdən getməyə çağırıb.

Sitat: “Başda Əli Kərimli olmaqla xalq hərəkatından doğulan partiyaların iddialı müxalifət liderləri siyasi postlarından getməlidilər. İddialarını saxlamaqlarına qarışmaq olmaz, onların haqqıdır. Məhz Heydər Əliyevə və İlham Əliyevə belə böyük fərqlə və faktla uduzduqlarına görə getməlidilər. Milli Təhlükəsizlik Konsepsiyasında Türkiyə üzərindən Avroatlantik dünyaya açılacağımızı yazmışıq. YAP və klassik müxalifətin ortaq mövqeyi idi. Türkiyədəki rejimlərin fərqindən asılı olmadan, Məhəmməd Əmin Rəsulzadə ordu çağırdı, dövlət qurdurdu, Heydər Əliyev Türk şahinlərini çağırıb İranın təyyarələrini qovdurdu, İlham Əliyev də parad keçirir. Siz isə dinc əhalini çıxarmağa helikopter belə ala bilməmişdiniz. Bir cəbhəçi, bir müsavatçı görmür ki, Türkiyədə onları tanıyan yoxdur?”

S.Kərimli aznews.az-a açıqlamasında onu da vurğulayıb ki, AXCP və ya Müsavatın zamanında Türkiyə ilə ciddi siyasi əlaqələrinin olmasına baxmayaraq, bu gün onlar Türkiyə-Azərbaycan siyasi əlaqələri kontekstində heç bir əhəmiyyət kəsb eləmir: “Bu da bir cəbhəçi olaraq məni ciddi şəkildə narahat edir. Bugünkü müxalifət heç bir yaddaqalan iş görə bilməyib. Söhbət Əli Kərimlinin siyasətdən uzaqlaşmasından getmir. Bu adam xalq hərəkatından qalma rüşeym olan AXCP sədrliyindən getməlidir”.

Sabiq AXCP funksionerinin bu fikirləri ilə bağlı ənənəvi müxalifətin liderlərindən sayılan ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bunları deyib: “Bu hərbi parad ermənilərə bir gövdə göstəricisi idi. Azərbaycan müxalifətinin acığına keçirilən parad deyildi ki, desinlər müxalifət uduzdu. Digər tərəfdən, bu, Azərbaycan dövlətinin paradı idi. Xalqımızın böyütdüyü övladların iştirakı ilə o parad keçirildi. Bu ordu iqtidar və müxalifətin övladlarından, qohum-əqrəbəlarından və yaxınlarından ibarətdir. Aprel döyüşlərində Lələtəpədə qazanılan uğur zamanı bir klassik müxalifət lideri kimi qardaşım oğlu şəhid oldu. Özü də tank qoşunları mayoru idi. Əslində Azərbaycan müxalifəti uduzmayıb. Sadəcə olaraq, müxalifət kimi qarşımıza qoyduğumuz məqsədlərin bir hissəsini yerinə yetirə bilməmişik. Onun da obyektiv və subyektiv səbəbləri var. Bunun subyektiv səbəblərindən biri də Azərbaycan xalq hərəkatında və sonrakı dönəmdə Sahib Kərimli kimi savadsız, əqidəsini, mövqeyini dəyişən insanların çox olmasıdır.

O zaman zahirən göründü ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası iqtidara yaxındır, həmin vaxt Sahib Kərimli Şəkidən gəlib Bakıda mitinqlər aparırdı. Amma indi AXCP-nin şansları bir qədər az görünür, mövqeyini, cəbhəsini dəyişib, Sahib Kərimli hərəkətə keçərək Əli Kərimlinin, İsa Qəmbərin və Sərdar Cəlaloğlunun istefasını tələb edir. Əvvəla, onu deyim ki, Azərbaycan iqtidarının müxalifətə qarşı apardığı mübarizə metodlarından biri o idi ki, müxalif liderlər yaşlanıblar, tutduqları postları tərk etməli və onları gənclər əvəzləməlidir. Zaman göstərdi ki, hər bir müxalif lider öz postunu tərk etdiyi zaman həmin partiya məhv olub getdi. Bunu həm Müsavat, həm AXCP, həm AMİP, həm ALP, həm də ADP kimi qurumların təcrübəsi göstərdi. İndi də ömrünü bu xalqa sərf edən şəxslərin siyasətdən getməsi tələbləri var. Bunlara lazımdır ki, elə şəxslər siyasətə gəlsinlər ki, onların xalq hərəkatından xəbərləri olmasın, rus istismarının nə olduğunu bilməsinlər. Beləliklə, daha asan bir zəmində öz bildiklərini etsinlər. Sahib Kərimlinin də bu bəyanatı bununla bağlıdır”.

S.Cəlaloğlu onu da qeyd etdi ki, Sahib Kərimli onları lider seçməyib ki, onun sözləri ilə hərəkət etsinlər: “Demokratiyada belədir, hər bir şəxs öz müstəqil qərarı ilə siyasətə gələ və gedə bilər. Kim istəyirsə istefa verib getsin, kimsə də istəsə qalsın. Bunun Sahib Kərimliyə heç bir aidiyyəti yoxdur. O, yalnız özünün siyasətdə iştirakı ilə bağlı qərar verə bilər. Başqalarına o yol göstərə bilməz. Buna onun siyasi çəkisi də çatmır”.

Geri qayıt