Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət düşərgəsində İlqar Məmmədov qovğası
Müxalifət düşərgəsində İlqar Məmmədov qovğası15-09-2018, 08:51 |
REAL Partiyasının sədri İlqar Məmmədov həbsdən azadlığa çıxandan sonra müxalifət düşərgəsində bir hərəkətlənmə müşahidə edilməyə başlayıb. Maraqlıdır ki, hərəkətlənmə müxalifətin rəqibi sayılan hakimiyyətə qarşı yox, İlqar Məmmədova və REAL-a qarşı baş verir. Özünü yeganə müxalifət təşkilatı kimi qələmə verən Milli Şura-AXCP düşərgəsindən İlqar Məmmədovun ünvanına sərt açıqlamalar verilir. Uzun illərin tanınmış partiyaları olan Müsavat və ADP-dən də İlqar Məmmədovun heç də xeyrinə olmayan mövqe ara-sıra sərgilənir. Əsasən də ADP-nin sədri Sərdar Cəlaloğlu İlqar Məmmədovu xüsusilə sərt tənqidlərə “qonaq edir”. Bəs, İlqar Məmmədova qarşı müşahidə edilən bu mövqe nədən qaynaqlanır? Burada uzun illərdir müxalifətdə əsas söz sahibi kimi çıxış edənlərin “İlqar Məmmədov birdən yerimizi tutar” qorxusundan irəli gəlir, yoxsa sadəcə demoqogiya ilə məşğuldurlar? Ağ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, İlqar Məmmədova və REAl-a münasibətdə məlum vəziyyətin bir sıra səbəbləri var: “Onlardan biri də uzun illərdir ki, müxalifət partiyalarının öz aralarında dil tapa bilməməsi sindromunun hələ də qalmasıdır. Bunu haradasa başa düşmək olar. Belə ki, hər bir partiya siyasi səhnədəki öz yerini möhkəmləndirmək və daha uğurlu mövqe tutmaq istəyir. Bir çox hallarda bu rəqabət öz sərhədlərini aşaraq düşmənçilik həddinə belə çatır. Hazırda da bu istiqamətə gedən bir rəqabət prosesinin şahidi oluruq. Yəni bu ”atışma" bu sürətlə davam edərsə heç də xoş olmayan siyasi səhnələr yaşanacaq. İkinci səbəb, belə demək mümkünsə, günah hazırkı bu məsələdə realçıların özlərindədir. Çünki onların rəhbəri İlqar Məmmədov həbsdən azad olandan sonra verdiyi ilk bəyanatlar, daha sonra mətbuat konfransında və digər müsahibələrində birləşdirici fikirlər səsləndirmək əvəzinə daha çox təfriqə salan, ara vuran bəyanatlar verdi. Təbiidir ki, belə münasibət də əks reaksiya doğurasıydı və doğurur da. Əslində bəlkə də İlqar Məmmədov belə bir gedişatın və reaksiyanın olacağını hesablayaraq belə bəyanatlar səsləndirib. Ya da siyasi baxımdan təcrübəsizliyinin nəticəsidir ki, bu vəziyyətə düşüb. Doğrusu, onun bəzi fikirləri AĞ Partiya olaraq bizə də xoş olmadı. Ancaq biz hazırkı vəziyyətdə kəskin reaksiyanın tərəfdarı olmadığım üçün daha loyal yanaşdıq". T.Abbaslının sözlərinə görə, istənilən halda gedişat onu göstərir ki, İlqar Məmmədov ona olan ümidləri doğrultmur: “Düzdür, bu məsələdə bəzi köhnə müxalif partiya rəhbərlərinin də yanlışları var. İstənilən halda heç xoş vəziyyət deyil və partiyaları əsas hədəf olan iqtidara qarşı mübarizədən yayındırır. Bəzi partiya sədrlərinin İlqar Məmmədov haqda dedikləri tənqid və ya hücum deyil, sadəcə bədbin proqnozdur”. “Yeni Müsavat” Geri qayıt |