Əsas Səhifə > Partiya, Güney Press > “Gəncə qiyamı” nədən baş verdi?
“Gəncə qiyamı” nədən baş verdi?4-06-2018, 12:19 |
1993-cü il 4 iyun hadisələrinin 24-cü ili tamam olur. “4 iyun hadisələri” illər keçdikcə, yenə də müzakirə obyektidir. Həmin vaxt Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. Keçmiş korpus komandiri olan Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub. Məlum hadisə nəticəsində qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə 35 nəfər həlak olub. “Gəncə hadisələri” kimi tarixə düşən 4 iyun olayı Azərbaycanda Elçibəy hakimiyyətinin yıılması ilə nəticələnib. Modern.az saytı 4 iyun olayları ilə bağlı fərqli baxışları təqdim edir: Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov o günləri heç vaxt unutmayacağını deyir: “4 iyun hadisələrinin iştirakçısı olan birisi kimi, qeyd edə bilərəm ki, həmin hadisələr hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün iflası idi. Bəzən hadisələri cəmiyyətə başqa ad altında təqdim edirlər. Amma belə deyil. Səriştəsizlik, idarəetmənin bilinməməsi nəticəsində ölkə xaos vəziyyətinə gətirilmişdi. Bir tərəfdən ərazilərimizin işğal olunması, digər tərəfdən isə hər bir siyasi partiyanın (Yeni Azərbaycan Partiyası xaric olmaqla-S.N.) özünün silahlı dəstəsinin olması, ayrı-ayrı şəxslərin ordunun müxtəlif qruplarına rəhbərlik etməsi, nizami ordunun olmaması, dövlət idarəçiliyində səriştəsi olmayan insanların rəhbərliyə gətirilməsi, o cümlədən yerli icra hakimiyyətlərində fəaliyyət göstərməsi hər şeyin bərbad hala düşdüyünü göstərirdi. Kim meydanda daha çox qışqırmışdısa, onu hansısa rayona icra başçısı qoymuşdular. O baxımdan da idarəçilikdən xəbərləri yox idi. Ölkədə bir xaos hökm sürürdü. Həmin vaxt bu xaosdan istifadə edən qüvvələr Surət Hüseynovun rəhbərliyi ilə Gəncədə qiyam qaldırdılar. Halbuki, həmin şəxsə o vaxtkı rəhbərlik tərəfindən “Milli Qəhrəman” adı verilmişdi. Surət Hüseynov isə qoşunları Qarabağ istiqamətinə deyil, Bakı istiqamətinə göndərmişdi. Ardıcıl olaraq o vaxtlar rayonların icra başçıları bir-bir güllələnirdi, ya da onların yerinə özlərinə yaxın olanı, əksəriyyəti də kriminal aləmə bağlı olanları təyin edirdilər. Gəncə kimi şəhərdə qiyam baş verdi və icra başçısı qətlə yetirildi. Bu səpkidə proseslər davam etməkdə idi. Bir tərəfdən də cənub zonasında Əlikram Hümbətov qondarma “Talış Muğan Respublikası” adlı separatçı qurum yaradırdı. Bununla da, Azərbaycan parçalanmağa doğru gedirdi. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan bu gün 100 illiyini qeyd etdiyimiz Cümhuriyyətimizin taleyini yaşayacaqdı. Belə bir anda ümummilli lider Heydər Əliyevə müraciət olundu. Ulu öndərə müraciət olunmaqla həm özlərini, həm də Azərbaycanı xilas etdilər”. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazir olmuş, hökumətin Gəncədə keçirdiyi əməliyyatlara birbaşa nəzarət etmiş Pənah Hüseyn isə bildirib ki, 4 iyun tariximizin ən ağır səhifələrindən biri kimi xatırlanır: “O vaxtlar ölkədə öncə hərbi, sonra isə siyasi müxalifət Azərbaycana düşmən münasibətdə olan xarici qüvvələrlə işbirliyi şəraitində Əbülfəz Elçibəyin qanuni hakimiyyətinə qarşı qiyam qaldırdılar. Nəticədə ölkədə ciddi siyasi böhran yarandı. 1992-c ildə müharibənin bitməsi, Kəlbəcərin azad olunması ilə ərazi bütövlüyümüzün saxlanması şərti çərçivəsində həyata keçirilməyə başlanan plan pozuldu. Daha bir neçə rayonumuz işğal olundu. Daxildə vətəndaş qarşıdurması baş verdi. Əlbəttə, bunların nəticələrini bu gün də hiss etməkdəyik. O baxımdan da 4 iyun tariximizin ən ağır səhifələrindən biri kimi yadda qalıb”. Geri qayıt |