Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycan hər zaman dünyada sülhün təmin olunmasına mühüm töhfə verib

Azərbaycan hər zaman dünyada sülhün təmin olunmasına mühüm töhfə verib


4-12-2017, 08:34
Azərbaycan hər zaman dünyada sülhün təmin olunmasına mühüm töhfə verib
Azərbaycan özü işğala məruz qalmasına baxmayaraq, hər zaman dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verib.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, Bakıda keçirilən “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransı da Azərbaycanın bu istiqamətdə növbəti töhfəsi idi.

Deputat bildirib ki, bu cür tədbirlərin keçirilməsi həm Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, həm də ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əlverişli imkanlar yaradır:

“Prezident VII nazirlər konfransında çıxışı zaman həm Azərbaycanın dünyaya verdiyi töhfələrdən geniş söz açdı, həm də əsas problemimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlət başçısı vurğuladı ki, “müstəqilliyinin bərpasının ilk illərindən Azərbaycanın təhlükəsizliyi Ermənistanın hərbi təcavüzü nəticəsində ciddi təhdidlərlə üzləşib”. Bu gün Ermənistan nəinki Azərbaycan, eləcə də bütün region və hətta dünya üçün bir təhdidə çevrilib. Bunu artıq hər kəs anlayır və xarici siyasətçilər də Ermənistanın bir təhdid olduğunu artıq dilə gətirir”.

C.Osmanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş siyasət nəticəsində Ermənistanın yalanları dünyada ifşa olunur: “Təbii ki, bu istiqamətdə aparılan işlər içərisində Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq konfranslar, forumlar və digər tədbirlər mühüm rol oynayır”.

Qeyd edək ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.

Geri qayıt