Əsas Səhifə > Partiya, Güney Press > Radikal dindarlar Azərbaycan üçün təhlükədir
Radikal dindarlar Azərbaycan üçün təhlükədir15-11-2017, 09:44 |
Hər il minlərlə günahsız insan amansız terrorun qurbanı olur. Bu aktları həyata keçirənlərin böyük əksəriyyəti radikal dini cərəyanların nümayəndələridir. Son zamanlar tez-tez İŞİD terror şəbəkəsinə qoşulanlar arasında azərbaycanlıların, eləcə də qadınların olduğunu eşidirik. Onlar bilərəkdən və ya məcbur terror təşkilatlarının köləsinə çevrilirlər. Bu da dini radikalizmin ciddi təhlükəyə çevrildiyini deməyə əsas verir. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a açıqlamasında bildirib ki,siyasi müxalifətin meydanının daralması dini radikal təmayüllərə meyli daha çox artırır: “Dini radikalizmə qarşı mübarizədə daha səlis yol tutmaq lazımdır. Əks halda bunun təhlükəsi duyulacaq. Bu, əslində müxalifətin özünü sistemləşdirə bilməməsindən doğan bir istiqamətdir. Çünki siyasi müxalifətin meydanının daralması dini radikal təmayüllərə meyli daha çox artırır. Bu baxımdan bütün siyasətin yolunu açmaq lazımdır ki, insanlar fikirlərini normal, səviyyəli, təndiqi üslubda dilə gətirə bilsinlər. Yalnız bu zaman onların başqa istiqamətə meyllənməsinin qarşısını almaq olar”. Deputatın sözlərinə görə, dini radikalizmə qarşı mübarizədə yalnız maarifləndirci tədbirlərlə kifayətlənmək olmaz: “Azərbaycanda bu istiqamətdə atılan addımlar kifayət qədər çoxdur və dövlət tərəfindən də müəyyən işlər görülür. Həmçinin Dini Komitə maarifləndirici işləri gücləndirib. Bu tendensiyanı müsbət hesab edirəm. Düşünürəm ki, bu sahədə yaxşı mənada inkişaf var. Amma bu, yalnız bizdən asılı məsələ deyil. Həm qonşu ölkələrdən, həm də digər yerlərdən qurumlar vasitəsilə müəyyən vəsaitlər ötürülür. Hər halda biz bunu nəzərə almalıyıq. Məsələ təkcə daxili maarifçiliklə yekunlaşmır. Ölkədə müəyyən dərəcədə özünüifadənin daha təkmilləşmiş forması tapılmalıdır ki, dini özünüifadə siyasətin yerinə keçməsin”. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu düşünür ki, azsaylı radikal qruplar çoxsaylı demokratik qruplardan qat-qat təhlükəlidir: “Müxalifət siyasi sistemin zəruri elementidir. Həmçinin Azərbaycanda da müxalifətin olması qaçılmazdır. Demokratik müxalifətin yolunu bağlayan zaman xalq radikal müxalifətçiliyə doğru meyl edir. Təcrübə də göstərir ki, ölkə daxilində hansısa radikal dini addımların meydana çıxması qaçılmazdır. 2000-ci ildən sonra Azərbaycanda demokratik müxalifət tam susdurulub, dövlətin ərazisindən uzaqlaşdırılıb və xalqla demokratik müxalifət arasında sədd yaranıb. Xalq onsuzda kiminsə ardınca getməli, hansısa vasitə ilə öz etirazlarını hakimiyyətə bildirməlidirlər. Demokratik yollara imkan verməyəndə insanlar qeyri-demokratik, radikal yollar seçirlər. Bu, məsələnin birinci tərəfidir”. S.Cəlaloğlu bildirib ki, radikal qüvvələrlə bacarmaq mümkün deyil: “Digər tərəfdən demokratik mübarizənin fəaliyyəti şəffafdır, zorakılığı rədd edir və qanun çərçivəsində aparılır. Amma radikal mübarizə əksinə, zorakılığı təbliğ edir, heç bir qayda-qanun tanımır və şəffaf fəaliyyət göstərmir. Bu üç əlamət azsaylı radikal qrupları çoxsaylı demokratik qruplardan qat-qat təhlükəli edir. Məsələn, terroristlər hüquqa zidd hərəkət etməklə, zorakılığın tətbiqi ilə meydana çıxır. Radikal qüvvələrin hamısının fəaliyyəti demokratik mübarizənin tam əks prinsipləri ilə həyata keçirilir. Bu baxımdan gizli qüvvə az sayda olsa da, onu aşkarlamaq və neytrallaşdırmaq çox çətindir. Hökumət üçün azsaylı radikal qüvvə, çoxsaylı demokratik mübarizə aparan qüvvədən təhlükəlidir və belə qüvvələrlə bacarmaq da mümkün deyil. Amerika kimi inkişaf etmiş ölkədə hər gün terror baş verir. Eynilə Avropa ölkələrində də bu cür hallar müşahidə edilir və hökumət qarşısını ala bilmir. Niyə Azərbaycanda radikal qüvvələr aktivləşməyib? Onların xarici mərkəzləri var və hələlik əsas hədəfləri Yaxın Şərqdir. Azərbaycanda da minlərlə insan İŞİD-a qoşulub mübarizə aparır”. Müsahibimizin sözlərinə görə, xalqı demokratik mübarizə aparanların ətrafından qoparmaq onları radikal qrupların qucağına atmaq deməkdir. Geri qayıt |