Əsas Səhifə > Partiya, Güney Press > Lalə Şövkət siyasətdən niyə gedib
Lalə Şövkət siyasətdən niyə gedib11-11-2017, 09:32 |
Günlər öncə 66 yaşı tamam olan keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkət Hacıyeva yenidən mətbuatın gündəminə gəlib. Son 12 ildən etibarən siyasi arenadan addım-addım geri çəkilən xanım artıq siyasətin dəhlizlərində belə gözdən itib... Doğum günündə isə yenidən Lalə Şövkətin nə üçün bu addımı atdığı müzakirə edilir. Hər zaman olduğu kimi, yenə də bu istiqamətdəki fikirlər birmənalı deyil. Çoxları düşünür ki, sabiq dövlət katibi 12 il öncə artıq Azərbaycanda müxalifətin bir daha dirçələ bilməyəcəyini anlayaraq, siyasətdən gedib. Bir qisim də var ki, tamam fərqli düşünür, onlar hesab edirlər ki, müxalifətdaxili intriqalar Lalə xanımı bir növ siyasətdən bezdirib və o uzaqlaşmağa üstünlük verib. İstənilən halda dövlət katibi vəzifəsindən könüllü gedən, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən imtina edən, 2003-cü ilin prezident seçkilərindən təkbaşına iştirak edərək, əsas namizədlərdən sayılan, bundan iki il sonra deputat mandatından imtina etmiş bir liderin siyasətdə görünməməsi demokratik düşərgə üçün böyük itkidir. 2005-ci ildə “Azadlıq” blokunda ALP sədri ilə müttəfiq olan VHP sədri Əli Əliyev yenə də L.Şövkətin siyasətdə qaldığını düşünür: “Ad günü ilə bağlı təbrik mətnində Lalə xanımın siyasətdən getmədiyi, ALP-nin lideri qaldığını birmənalı demişdim. Ümumiyyətcə o çapda olan, özünü bitirməyən heç bir şəxsi siyasətdən kənar saymaq olmaz. Lalə Şövkət siyasətdən getməyib, sadəcə fəaliyyətini zəiflədib. Fikrimcə, onun belə qərar verməsinin müəyyən səbəbləri vardır. O barədə də demişdim. Bugünkü mübarizə şərtləri sivil siyasi mübarizə şərtləri deyil. Mövcud siyasi davranış tərzi olum-ölüm müstəvisində həll edilir. Görünür, belə vəziyyətdə Lalə xanım fəal mübarizəni mümkünsüz gördü, potensialını qorumaq üçün yavaşıdı. Bəlkə də haqlıdır. Baş verən siyasi proseslərdə Lalə Şövkətin üzərinə "yüklənməyin" əleyhinəyəm. Fəal olan kişi siyasətçilər, içi özüm qarışıq nəyə nail ola bildik ki, biz onun intensiv olmayan fəaliyyətindən nəyisə umaq? Əgər bir xanım gündəlik operativ müdaxiləsi ilə ölkəni dəyişə biləcəkdisə, onda yerdə qalan bizlər nəyə lazımıq? Dediklərimin fövqündə Lalə xanımın yaxşı bir aforizmini xatırladım: “Siyasətdə qadın, kişi olmur, "Kişi" və “nakişi” olur". Əlbəttə ki, Lalə Şövkətin bəzən operativ reaksiyasına ehtiyac olur. Söz yox ki, onun aktiv mövqeyi siyasi peyzaja rəng qata bilər. Lakin bugünkü şərtlərdə bu müdaxiləni həlledici görmürəm. Yarım-diktatura şəraitində miqyasından asılı olmayaraq, heç bir siyasətçi təkbaşına vəziyyəti dəyişə bilməz. Bunu Lalə xanım da bilməmiş deyil. Əgər o duysaydı ki, müdaxiləsi, yaxud fəallığı nəyisə müsbətə xalq üçün dəyişə bilər, onun ortada olacağına əminəm. Mənə görə ölkədəki acınacaqlı durum ayrı-ayrı fərdlərin fəal olub-olmamasından asılı deyil. Durum çoxcəhətli səbəblər məcmundan ibarətdir. Bunların içində subyektiv amil olmamış deyil. Lakin bunu Lalə xanıma aid etmək düzgün olmaz. Belə subyektiv amil üzdə olan və yaxud iddiaçıların birinci sırasında olmuş şəxslərin sonradan açıq və ya yarı-gizli, lakin hamının qavradığı şəkildə hakimiyyətə qulluğa keçməsi hallarına şamil edilməlidir. Misal üçün uzun müddət yekə-yekə danışmış şəxsin çıxıb hakimiyyətin siyasətini dəstəkləməsi, hakimiyyətdaxili qruplardan birində yer almış nazirin müstəsna bacarığından danışması, yaxud tapşırıq alaraq “müdrik”vari şəkildə siyasi hadisələrə qiymət verməsi nümunələrinə aiddir. Cəmiyyətin passivləşməsində xüsusi rol oynamış bəzi ünsürlərin belə davranması heç bir halda Lalə xanıma ünvanlana bilməz. Lalə Şövkət simasını, reytinq və nüfuzunu qorumuşlardandır. Biz VİP olaraq 2005-2012-ci illər arası ALP ilə müttəfiq münasibətlərində olmuşuq. “Azadlıq” siyasi bloku rəsmən 2006-cı ilin yanvarından 2010-cu ilin iyununa qədər fəaliyyət göstərib. Sonra biz iki partiya daha 2 il birgə fəaliyyət göstərmişik. Bu günə qədər də münasibətlərimiz xoş və etimadlıdır. Bunları sadalamaqda məqsədim 2005-ci il 26 noyabr təbirinizcə “uğursuzluğundan” sonra heç kəs qınına çəkilməyib, o cümlədən Lalə xanım başda olmaqla ALP az qala 5 il müddətində iqtidarın ən ciddi rəqibi “Azadlıq” siyasi blokunun mərkəzi fiqurlarından olub. Sonrakı 2 il müddətində də kifayət qədər fəal və prinsipial olub, ALP. Sonrakı dövrdə mən ALP-nin Milli Şuraya qoşulmasını yanlış saymışam. Çünki açıq Kreml layihəsində ALP-nin olmasını istəmirdim. Sonradan haqlı olduğumu onlar da MŞ-dan gedişləri ilə təsdiq etdilər". Ə.Əliyev son dövrlərdə keçmiş müttəfiq ilə görüşmədiyini də qeyd etdi: “Lalə xanım bir qədər şəhərdən kənarda yaşadığından təmaslarımız olmur. Amma telefon danışıqlarımız olur. Lalə Şövkət bir qədər qapalı adamdır. Bu da onun üslubudur, hörmətlə yanaşmaq lazımdır. Düşünürəm ki, Lalə Şövkəti bu nəsil fəal siyasətdə yenidən görəcək. Ola da bilsin növbəti seçkilərə qatılsın. İstərdim. Mənə gəldikdə, namizədliyim bu ilin iyununda partiya tərəfindən irəli sürülüb. Bu bir növ geri dönməz prosesdir. Namizədliyim olacaq. Başqa tərəfidir ki, gələcəkdə prosesə qatılan tərəflərin koordinasiyası mümkün ola bilər. Mən Lalə Şövkəti rəqib görmürəm, bizim çox yüksək tərəfdaş münasibətlərimiz vardır. İnşallah da rəqib olmarıq. Bizim hər ikimizin rəqibi digər, iqtidar düşərgəsindədir. Bizim hər ikimiz onlara rəqibik”. \\musavat.com\\ Geri qayıt |