Əsas Səhifə > Partiya, Güney Press > Prezident İlham Əliyevin sammitdə çıxışı göstərdi ki, Azərbaycan nəinki bölgə üçün, eyni zamanda dünya üçün əhəmiyyətli dövlətdir
Prezident İlham Əliyevin sammitdə çıxışı göstərdi ki, Azərbaycan nəinki bölgə üçün, eyni zamanda dünya üçün əhəmiyyətli dövlətdir23-10-2017, 08:16 |
Prezident İlham Əliyevin İstanbulda keçirilən D-8 Zirvə Toplantısına dəvət edilməsi Azərbaycanın beynəlxalq nüfuzunun bir göstəricisidir. Bunu Trend-ə açıqlamasında millət vəkili Musa Quliyev deyib. Millət vəkili bildirib ki, bu, həmçinin Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin mövqeyi ilə dünyanın aparıcı dövlətlərinin hesablaşmasından xəbər verir: "Prezident İlham Əliyevin sammitdə çıxışı bir daha göstərdi ki, Azərbaycan nəinki bölgə üçün, eyni zamanda dünya üçün çox əhəmiyyətli və nüfuzlu dövlətdir. İstər enerji ehtiyatlarına, istər yerləşdiyi regionun iqtisadi və beynəlxalq əhəmiyyətinə, istərsə də bir sıra transregional layihələrin müəllifi olmasına görə ölkəmiz bu gün vacib rola malikdir". M.Quliyev qeyd edib ki, Azərbaycan həm də multikultural dövlət kimi öz təcrübəsini dünyaya göstərib: "Prezidentin çıxışında dünya ölkələrinə müraciət etməsi, humanizmi, tolerantlığı önə çəkməsi əhəmiyyətli məsələdir. Azərbaycan Prezidentinin müsəlman ölkələrinə müraciəti də kifayət qədər cəsarətli və tarixi bir müraciət idi. Dövlət başçısı çıxışında bildirdi ki, məbədləri, tarixi abidələri, məscidləri dağıdan bir ölkə ilə müsəlman dövlətləri necə əməkdaşlıq edə bilər? Bu, bizim qonşularımıza da çox ciddi mesajdır. Eyni zamanda müsəlman birliyinə çağırış mühüm hadisədir". Qeyd edək ki, ötən gün İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib. Geri qayıt |