Əsas Səhifə > Partiya, Güney Press > Siyasətçilər xəbərləri hansı telekanallardan alır?

Siyasətçilər xəbərləri hansı telekanallardan alır?


27-09-2017, 08:15
Siyasətçilər xəbərləri hansı telekanallardan alır?
Son aylar dünyada yenidən gərginlik artıb. Azərbaycan teleməkanında xəbər proqramlarının zəif olması insanları digər ölkələrin xəbər məkanından informasiya almağa məcbur edir. Araşdıran zaman məlum olur ki, artıq tamaşaçılar xarici telekanallara yerli kanallara nisbətən daha çox baxır, informasiyanı həmin kanallarıda axtarırlar. Maraqlıdır, bəs siyasətçilərimiz dəqiq informasiya və xəbər əldə etmək üçün hansı kanalları izləyir?

Milli Məclisin deputatı Fazil Mustafa dəqiq informasiya əldə etmək üçün heç bir yerli telekanalı izləmədiyini bildirdi: “Daha çox internet mediasından istifadə edirəm, işimə yarayır. Kanal olaraq isə daha çox Rusiya TV-lərini izləyir, orada debatlara maraq göstərirəm. Amma bütövlükdə televiziyaya baxmağa marağım yoxdur. Çünki informasiyanın obyektivliyi mənə bir qədər inandırıcı gəlmir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə də yerli televiziya kanallarını izləmədiyini dedi:

“Heç bir yerli TV-ni izləmirəm. Xarici telekanallardan isə ”Euronews"u izləyirəm".

Politoloq Şahin Cəfərli isə televiziya kanallarını izləməyə vaxtı olmadığını dedi:

“Vaxt tapanda əsasən 3 kanaldan informasiya almağa üstünlük verirəm: ABŞ-ın CNN, Rusiyanın RBK, Türkiyənin NTV kanalı. Əslində hazırkı texnoloji inkişaf dövründə TV-lərin informasiya mənbəyi kimi önəmi azalıb. İnsanlar öz smartfonları ilə istənilən yerdə, istənilən saatda asanlıqla internetə daxil olub, məlumat əldə edə bilirlər. Hətta televiziya kanallarını izləmək üçün mütləq televizoru açmağa da ehtiyac qalmayıb, smartfon, iPad vasitəsilə TV kanallarını rahatlıqla izləmək mümkündür. Ona görə də mən informasiya ehtiyacımı daha çox internet vasitəsilə ödəyirəm”.

AĞ Partiyanın sədri Tural Abbaslı xəbərləri adətən müxtəlif televiziya kanallarından aldığını vurğuladı: “Çünki adətən TV kanal hansı dövlətindirsə, xəbərlər də o dövlətin siyasi baxış və maraqlarına uyğun təqdim olunur. Odur ki, mən eyni informasiyanı müxtəlif TV kanallarının müxtəlif növ təqdimatında izləyirəm. Bu zaman məlumat barədə özüm üçün obyektiv təsəvvür yaratmaq şansım olur. Regionumuzu və Azərbaycana təsir imkanlarını nəzərə alaraq əsasən məlumatları 3 kanaldan alıram. Bunlardan birincisi Türkiyənin NTV xəbər kanalı, digəri Avropanın mövqeyini sərgiləyən “Euronews”, sonuncusu isə Rusiyanın mövqeyini ortaya qoyan ORT və RTR kanallarıdır. Hələlik xəbərləri bu kanallardan alıram və məni qane edir".

Politoloq Elçin Mirzəbəyli isə qeyd etdi ki, mümkün qədər bütün yerli kanalları izləməyə çalışır: “”Xalq Cəbhəsi" qəzetinin və bir neçə xəbər saytının baş redaktoru kimi gündəlik işim informasiya ilə işləməkdi. Bu baxımdan, istədiyim informasiyanı ən müxtəlif leqal vasitələrlə əldə etmək imkanım var. Ölkədə yayımlanan bütün telekanalları mümkün qədər izləməyə çalışıram. AzTV, İctimai TV, ATV, CBS, Lider, ARB, Xəzər televiziyalarında yayımlanan siyasi proqramlara imkan düşdükcə baxıram. Xarici telekanallardan CNN, NTV (Türkiyə və Rusiya), TRT, ATV (Türkiyə), Rossiya 24, Russia Today və digərlərini izləyirəm. Rusiya telekanallarında yayımlanan xəbərləri və siyasi tok-şoularda səslənən fikirləri Kremlin ovqatını müəyyənləşdirmək üçün izləyirəm. Adətən çox yorulanda Rusiya telekanallarına yayımlanan siyasi tok-şouları və “analitik proqramları” izləyirəm. Çünki heç bir komediya kanalında bundan yaxşı məzhəkə tapmaq mümkün deyil".
\\musavat.com\\
Geri qayıt