Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycana qarşı kampaniyanın səbəbi ölkəmizin müstəqil siyasət aparmasıdır
Azərbaycana qarşı kampaniyanın səbəbi ölkəmizin müstəqil siyasət aparmasıdır16-09-2017, 09:38 |
Azərbaycana qarşı kampaniya təsadüfi deyil. Bu kampaniya bu gün dünyada beynəlxalq münasibətlərdə mövcud olan ikili standartlarla bağlıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu “Baku Network” Ekspert Şurasının regionda siyasi vəziyyətə həsr olunmuş müzakirələrində deyib. H.Babaoğlu bildirib ki, hazırki mürəkkəb vəziyyətin kökləri 2001-ci ilə gedib çıxır: “2001-ci il 11 sentyabr hadisələrindən sonra dünyada çox mürəkkəb proseslər baş verdi və dünya siyasətinin paradiqmaları dəyişməyə başladı. Biz ötən dövr ərzində yeni bir müharibənin şahidi olduq. Bu müharibə informasiya müharibəsidir. Bu müharibəni aparan hərbi güc deyil, daha çox yumşaq güc, yəni informasiyadır. Sosial şəbəkələr, internet resursları, transmilli media qurumları - bunlar hamısı qlobal imperializmə xidmət edən yumşaq güc mərkəzləridir. Həmin mərkəzlər kimi hədəf alırlarsa, demək, bunların arxasında imperialist mərkəzlərin maraqları dayanır. Bu maraqlar bizim maraqlarla üst-üstə düşmədiyinə görə, Azərbaycan dövləti qlobal informasiya məkanında şantaj edilir. Buna səbəb Azərbaycanın müstəqil siyasət aparmasıdır”. Deputat vurğulayıb ki, Azərbaycan dövləti öz maraqlarından geri addım atmır: “Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində zərrə qədər də güzəştə getməyib. Tam əksinə, ordusunu, iqtisadiyyatını gücləndirib. Azərbaycan indiyə qədər özünün bütün maraqlarını qoruyub saxlaya bilib. Bu isə islamafob, ermənipərəst mərkəzlərin, ermənilərin, imperialist mərkəzlərin maraqlarına cavab vermir. Çünki hazırda mövcud olan və yeni formalaşan güc mərkəzlərindən heç biri hər hansı bir regionda, o cümlədən Cənubi Qafqazda güclü rəqib görmək istəmir”. H.Babaoğlu vurğulayıb ki, artıq Azərbaycanda intellektual bir cəmiyyət, vətəndaş cəmiyyəti institutları formalaşıb: “Azərbaycan cəmiyyəti hansı informasiyanın nəyə hesablandığını, nə məqsəd daşıdığını bilir və onu analiz edir. Ona görə də o mərkəzlərin növbəti təxribatı əlbəttə ki, baş tutmayacaq”. Deputat qeyd edib ki, böyük idman yarışları, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçirilir: "Bütün bunlar Azərbaycan Prezidentinin strateji, çox effektiv xarici siyasətinin nəticəsidir. Bir neçə ay bundan öncə ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisləri Azərbaycanda görüşdü və görüşdə müzakirə olunan məsələlərin mahiyyəti qlobal xarakter daşıyırdı. Bir neçə gün öncə yenə də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO-nun Hərbi komitəsinin sədri Bakıda görüşdü. Əgər bu gün qlobal gərginliyin azaldılması ilə bağlı məsələlər Bakıda müzakirə olunursa, bu, Azərbaycan diplomatiyasının nailiyyətidir. Eyni zamanda bu onun göstəricisidir ki, iki əks qütblər Azərbaycana etimad edir, Azərbaycanın hər iki qütb ilə yaxşı münasibətləri var. Bu isə əslində bizim milli maraqlarımıza xidmət edir. Azərbaycanın maraqları ondan ibarətdir ki, öz ərazi bütövlüyünü bərpa etsin”. Geri qayıt |