Əsas Səhifə > Partiya, Güney Press > Keçmiş MTN-çinin kitabında nələrdən və kimlərdən, hansı sirlərdən yazılıb?
Keçmiş MTN-çinin kitabında nələrdən və kimlərdən, hansı sirlərdən yazılıb?1-09-2017, 08:29 |
AXC hakimiyyəti dönəmində milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, müstəqil Azərbaycanın sonradan akademiyaya çevrilən ilk xüsusi xidmət məktəbinin yaradıcısı olmuş, hazırda Azad Demokratlar Partiyasına (AzDP) sədrlik edən Sülhəddin Əkbərin kitabı çapdan çıxıb. “Dövlət siyasətinin əsasları” adlanan 607 səhifəlik kitab “Qanun” nəşriyyatında çap olunub. Kitab “Dövlət siyasətinin əsasları: milli maraqlar və milli təhlükəsizlik”, “Milli təhlükəsizlik və milli maraqlar”, “Azərbaycan Respublikasının milli maraqları”, “Azərbaycan Respublikasına yönəlik təhlükələr”, “Azərbaycan Respublikasının milli təhlükəsizlik durumunun qiymətləndirilməsi”, “Azərbaycan Respublikasının milli siyasəti” və “Azərbaycan Respublikasının tarixi inkişaf strategiyası və perspektivləri” sərlövhəli 7 xüsusi bölmədən ibarətdir. Hər bir bölmədə də mövzunu tam şəkildə oxucuya açan, geniş informasiya və istiqamətlər verən fikirlər yer alıb. “Dövlət siyasətinin əsasları” kitabı siyasi, idarəçilik, diplomatik, hərbi və təhlükəsizlik akademiyalarının tələbələri üçün nəzərdə tutulsa da, ondan siyasətçilər, yüksək vəzifəli dövlət məmurları, diplomatlar, hərbçilər, kəşfiyyatçılar və təhlükəsizlik işçiləri, eyni zamanda milli siyasət sahəsində çalışan alimlər, mütəxəssislər, araşdırmaçılar və ekspertlər də istifadə edə bilərlər. Kitabda müəllif təkcə milli maraqların və milli təhlükəsizliyin qorunması ilə bağlı zəruri olan yeni anlayışlar sistemi yaratmaq və onun ətraflı izahını verməklə kifayətlənməyib, həm də müstəqil Azərbaycanın strateji gücünü, milli maraqlarını və milli təhlükəsizliyini, tarixi inkişaf perspektivlərini analiz edib, qiymətləndirmələr aparıb və ortaya cəsarətli mövqe qoyub. Məsələn, kitabda müstəqil Azərbaycanın milli təhlükəsizliyinə əsas təhdid və təhlükə kimi, qonşu Rusiyanın imperiya arzu və planları, bu niyyət və planlarını həyata keçirməkdə də Ermənistan Respublikasını necə yaratmasından, istifadəsindən geniş bəhs edilib, Rusiyanın bölgə ilə bağlı siyasəti kəskin tənqid edilib, həmçinin durumdan çıxış yolları göstərilib. Eyni zamanda kitabda Azərbaycanın digər bir böyük qonşusu-İrana münasibətdə də xüsusən Cənubi Azərbaycan məsələsi ilə bağlı tamamilə fərqli və yeni baxış ortaya qoyulub, Azərbaycanla İran, həmçinin Türkiyə-İran-Azərbaycan arasında mümkün koalisiyaların, birgə ittifaqların qurulma perspektivləri araşdırılıb. Kitabda SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda cərəyan edən, eləcə də milli-azadlıq hərəkatının necə başlaması və inkişaf etməsi, müstəqilliyin necə əldə edilməsi, həmçinin Mütəllibov, Elçibəy və Əliyev hakimiyyətlərinin necə qurulması, idarə olunması ilə bağlı da xeyli informasiyalar, yeni yanaşmalar, baxışlar sistemi əksini tapıb. Müəllif Sülhəddin Əkbər “Yeni Müsavat”a açıqlamasında bildirib ki, kitabın rəsmi təqdimatı sentyabrın 16-da “Qanun” nəşriyyatında keçiriləcək. Kitabın nə qədər müddətə ərsəyə gəldiyi, necə maliyyələşdiyi və satışa çıxarılıb-çıxarılmayacağı barədə sualımıza müəllifin cavabı belə oldu: “Mən 1986-87-ci illərdən gizli dərnəklərdən siyasi fəaliyyətə başlamışam. Kitabdakı ortaya qoyulan milli baxış sistemi mənim 30 illik siyasi düşüncələrimin məhsuludur. Mətn isə 3 il ərazində yazılıb. 22 sentyabr 2014-cü ildə yazmağa başlamışam. Kitabın sponsorları var. Kitabı əldə etmək istəyənlər yalnız o sponsorların çəkdiyi xərci ödəmək üçün kimin imkanı varsa, ianə formasında pul ödəyir. Kitab satışa verilmir, satış və maddi qazanc üçün deyil”. Kitabın tədris edilməsi üçün müvafiq hökumət strukturlarına müraciət edib-etməyəcəyinə gəlincə, S.Əkbər bunları dedi: “Müəllif olaraq, əlbəttə, istərdim ki, kitab bir sıra akademiyalarda və ali məktəblərdə tədris edilsin. Bunun üçün müvafiq dövlət və hökumət orqanlarına hələlik müraciət etmək niyyətim yoxdur. Sentyabrın 16-da kitabın təqdimatı olacaq və bundan sonra hakimiyyətin pozitiv münasibətini hiss eləsəm, kitabı müvafiq qurumlara tədris edilməsi üçün təqdim edərəm. Kitab bu məqsədlə-Azərbaycanın siyasi, diplomatik, təhlükəsizlik akademiyalarında tədris edilməsi üçün yazılıb. Bundan ancaq sevinə bilərəm”. “Kitabda Rusiya barədə daha çox tənqidi mövqe əksini tapıb. Rusiyanı Azərbaycan üçün təhlükə adlandırırsınız. Moskvanın və buradakı rusiyalıların qəzəbinə gəlməkdən ehtiyatlanmırsınız” sualına S.Əkbər belə cavab verdi: “Belə bir məsəl var ki, canavardan qorxan meşəyə getməz. Təbii ki, insan hər hansı addım atanda onun nəticələrini də hesablayır. Artıq kitabda qeyd etdiyiniz məqamlarla bağlı mənə hücumlar olub. Bundan sonra da olması mümkündür. Ciddi hücumlar gözləyirəm. Mən hazıram. Kitabda obyektiv düşüncələrimi ifadə eləmişəm, hər şey faktlara əsaslanıb. Rusiyaya hansısa böhtan atılmayıb”. S.Əkbər kitabını diplomatik korpusa da təqdim etməyi düşünür: “Hələlik ilkin olaraq Türkiyə səfirliyi ilə görüş planlaşdırıram və onlara təqdim etmək niyyətindəyəm”. Geri qayıt |