Əsas Səhifə > Partiya, Güney Press > “Meydan hərəkatından çıxan liderlərin hamısı etibardan düşüb”
“Meydan hərəkatından çıxan liderlərin hamısı etibardan düşüb”29-08-2017, 09:04 |
Son 17 ildə Azərbaycan müxalifətinin lider problemi yaşadığı göz önündədir. Xüsusilə mərhum prezident Əbülfəz Elçibəyin ölümündən sonra bu məsələ daim aktual olub. Onun kimi birləşdirici bir siyasətçinin olmasına daim ehtiyac duyulur və bu tipli bir şəxsin Elçibəyin davamçıları sırasından çıxmaması suallar doğurur. Hazırda ölkə müxalifətinin liderlərinin tam əksəriyyəti zamanında Elçibəy komandasının üzvü olublar, indinin özündə də hər birinin rəhbərlik etdiyi siyasi təşkilatlar mövcuddur ki, bu təşkilatlar demokratik düşərgənin əsasını təşkil edirlər. Artıq uzun illər müxalif camiədə təmsil olunan liderlər də belə bir problem yaşadıqlarını açıq şəkildə etiraf edirlər. “Yeni Müsavat”ın ötən saylarının birində geniş müsahibəsi gedən sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn də bu məsələni dilə gətirmiş, demokratik düşərgənin lidersizlikdən əziyyət çəkdiyini, bu problemin həlli yollarını tapmağın vacibliyini vurğulamışdı. Çoxları düşünür ki, müxalif liderlərin şəxsi ambisiyaları, bir-birilərinə güzəştə getməmələri, eləcə də onların bəziləri arasında olan soyuq münasibət bu problemi ortaya çıxarıb. AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, indiki şəraitdə lider axtarmaq faydasızdır: “Düşünürəm ki, müxalifətdaxili lider axtarışı indiki zamanda faydasız fəaliyyətdir. Doğrudur ki, Əbülfəz Elçibəyin vəfatından sonra müxalifəti öz ətrafında birləşdirə biləcək lider olmadı. Buna həm liderliyə iddialıların şəxsi keyfiyyətləri imkan vermədi, həm də digər müxalifət təmsilçilərinin eqo və ambisiyaları mane oldu. Ancaq mən yenə də o fikirdəyəm ki, müxalifətin bugünkü vəziyyəti onun birləşdirici lider çatışmazlığından irəli gəlmir. Əgər indiki hakimiyyətin dönəmində keçirilmiş bütün seçkiləri diqqətlə nəzərdən keçirsək görərik ki, müxalifət hamısında demək olar ki, birgə mübarizə aparıb və həmin dönəmin özünün müxalif lideri olub. Düşünürəm ki, müxalifətin uğursuzluğunun səbəbi yeniliklərə açıq olmaması, öz daxilində heç bir islahat aparmaq istəməməsidir. Analiz edəndə görürük ki, müxalifətin 88-ci illərin meydan hərəkatından çıxan liderlərinin demək olar ki, hamısı xalqın nəzdində etibardan düşüblər. Əsas məsələ onda deyil ki, bu məsələdə xalq nə dərəcədə haqlıdır. Əsas odur ki, etimad tükənib və müxalifət də bu etimadı bərpa etmək üçün heç bir addım atmaq potensialında deyil. Artıq zaman yeni dönəm üçün yeni yanaşma tərzləri və yeni siyasi simalar tələb edir. Baxın, özlərinə müxalifətin liderləri deyən siyasətçilər 92-93-cü illərdə hakimiyyətdə olan zaman Avropa, Kanada, Türkiyədə orta məktəbdə oxuyan şagirdlər indi dövlət başçılarıdır, ancaq bizdə hələ də eyni simalardır. ”Bugünkü ənənəvi müxalifət öz aralarından lider seçə bilərmi" sualına isə konkret deyə bilərəm ki, xeyr. Çünki bu insanlar artıq 25 ildir ki, bir-birilərini tanıyırlar və bir-birilərinin xarakter və xüsusiyyətlərinə bələddirlər. Əgər bu günə qədər ümumi bir dil tapa bilməyiblərsə, demək ki, bundan sonra da çətin taparlar. Nəinki öz aralarında ortaq dil tapıb vahid lider seçə bilmirlər, hətta 25 il əvvəl hakimiyyətdə olduqları zaman başlatdıqları düşmənçilikləri və intriqaları böyük həvəslə davam etdirirlər. Elçibəyin vəfatından sonra bəzilərinə elə gəlirdi ki, onlar bütün etiraz elektoratını öz ətraflarında rahatlıqla toparlaya biləcəklər. Ancaq göründüyü kimi, nəinki toparlaya bilmədilər, tam əksinə, Elçibəydən qalmış elektoratı da darmadağın etdilər. Ümumiyyətlə isə lider axtarışını ənənəvi müxalifətin gündəmdə qalmaq üçün istifadə edə biləcəyi son faydasız cəhd kimi qiymətləndirirəm". Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev P.Hüseynin dediklərində həqiqətlərin çox olduğunu bildirdi: “Hörmətli Pənah bəy dediklərində haqlıdır. Həqiqətən də Azərbaycan müxalifətində bu gün pramidal struktur mövcud deyil. Başqa sözlə, müxalif düşərgənin və narazı elektoratın əsas hissəsini ”qanadı altına" alan şəxsiyyət mövcud deyil. Bu acı reallıq, ilk baxışda subyekt mahiyyəti daşıyır. Pənah Hüseyn Azərbaycan siyasətində nadir şəxslərdəndir ki, onun siyasi təcrübəsi nəzəri biliklərə istinad edir. Belə təcrübəli şəxsin hadisəyə səthi qiymət verməsi ilə razılaşa bilmirəm. Əgər hörmətli Pənah Hüseyn Elçibəy dönəmini nəzərdə tutursa, o haqlıdır. Zaman keçdikcə, Elçibəyin birləşdirici və ümumiləşdirici missiyası daha qabarıq görünməyə başlayıb. Mən elə mərhum prezident Elçibəyin timsalında Pənah Hüseynin fikrinə münasibət bildirmək istərdim. Biz 89-93-cü illərdə xalq hərəkatının lideri Elçibəyin liderlik nümunəsini görmüşük. Həqiqətən də hərəkatda ümumi istəklərin bir nəfərin timsalında cəmlənməsi mühüm amildir. O zaman xalq hərəkatı böyük nəticələr əldə etmiş, hətta hakimiyyətə də gəlməyi bacarmışdı. Biz sonradan Bakıya döndükdən sonra vəfatına qədər 1997-2000-ci illər arasında da Əbülfəz Elçibəyi siyasi fəal gördük. Eyni şəxsin 2 müxtəlif dövrdə tamamilə fərqli nəticəli fəaliyyətinin şahidi olmuşuq. Deməli, şəxsiyyətin mövcudluğu həlledici deyil, vacib olsa da, mühit və dövran, rəqibin kimliyi və gücü də siyasi proseslərə həlledici təsir gücünə malik olur. Eynilə Nemət Pənahlını da misal göstərmək olar. 88-ci il meydan hərəkatının şəksiz lideri olan Pənahlı da, bu gün nəticə göstərə bilmir. Beləliklə, Pənah bəyin fikrini inkişaf etdirərək onu demək istəyirəm ki, lidersizliyimiz faktdır. Lakin liderlərimizin olduğuna əminəm. Eyni zamanda əminəm ki, şərait yaranan kimi millət içindən öz həlledici şəxsiyyətini ortaya çıxaracaq. O dövrün və məqamın tələblərinə uyğun kim məsuliyyəti üzərinə çəkəcəksə, lider də o olacaq. Ötən əsrin sonlarında insanımızın əksəri nə Elçibəyi, nə Pənahlını, nə də ki, digər liderləri, o cümlədən Pənah Hüseyni tanımırdı. Lakin həmin adlar 2-3 ilin içində tarix yaza bildilər. İnanıram ki, aramızda növbəti dönəmin lideri yaşayır. Sadəcə olaraq, ya obyektiv, ya da subyektiv səbəblərdən situasiyanın dəyişməsi yeni dönəmin liderini ortaya çıxaracaq". \\musavat.com\\ Geri qayıt |