Əsas Səhifə > Partiya, Güney Press > “Maska taxmışamsa da keçici olub”

“Maska taxmışamsa da keçici olub”


14-08-2017, 09:03
“Maska taxmışamsa da keçici olub”
DİA.AZ Kulis.az-a istinadən keçmiş millət vəkili Gülər Əhmədova ilə müsahibəni təqdim edir.

- Sizin də yəqin yaxşı tanıdığınız psixoanalitik Freyddən belə bir fikir oxumuşdum: “İncəsənət, o cümlədən, din illüziyadır.” İllüziyadırsa real olan nədir? Reallıq nədir, illüziya nədir sizin üçün?

- NASA-nın tədqiatları göstərir ki, biz sürreal dünyada yaşayırıq. Eyni tədqiqatları Elon Mask da aparıb. Biz elə bil ki, kompüter oyunundayıq və burada hamımızın müəyyən rolları var. Bu oyunda müxtəlif “level”ləri keçib puan alırsan, yeni “level”ə - mərhələyə keçirsən. Dində də qədərçilər var, bir də qədərçi olmayanlar. Qədərçilər taleyin əvvəldən Tanrı tərəfindən yazıldığını qəbul edir. Digərləri insanın iradəsindən də asılı olduğunu söyləyir. Əslində hər ikisi var. Həyatdan ədəbiyyata keçid alaq. Ədəbiyyat kiminsə beyninin məhsulu olsa belə, həyatdan götürülür. Ya ki, məsələn, sürrealizmdə baş verən hər şey insan psixologiyasının dərinlərində, altşüurda olan məsələlərdir. Və çox vaxt deyildiyi kimi “Sürrealist sənəti anlamırıq” yox, “Ondan qorxuruq” demək lazımdır. Çünki altşüura girmək, orada qazıntı aparmağa hər kəsin cəsarəti və ya savadı çatmır.

- Gülər xanım, psixoloq kimi terapiyalar edirsizmi?

- Edirəm.

- Daha çox nə ilə bağlı sizə müraciət edirlər?

- Mənim sistemim “Xolotropik tənəffüs” metodudur. Stanislav Qrofun sistemidir. Yüngül narkotik effekti verir; insan hipnoz olmur, şüuru üstündə olur. Bu terapiyanın çox effektli nəticəsi olur. Bilirsiniz, bizi narahat edən bütün sualların cavabı fəzada, daha doğrusu bizim altşüurumuzda var. Biz bu altşüura daxil olur və cavabı götürürük. Bizə dəxli olan bəsit, ya mürəkkəb hər şeyin cavabı var.

- Məsələn, tutaq ki, sizi narahat edən şeylərin cavabını özünüz üçün tapmısınızmı?

- Puşkinin bir sözü var: Dünyada xoşbəxtlik yoxdur, azadlıq və rahatlıq var. Mən rahat və azadam. Mən hər şeyi özümə izah edirəm. Rahatlıq üçün başqalarına yox, ilk növbədə, özün-özünə izah etməlisən.

- Amma bu izah obyektiv olmaya bilər...

- Sizə deyim ki, sizin obyektiv dediyiniz şey dünyada yoxdur. Obyektiv nə var ki? Onsuz da nə qədər insan varsa o qədər də subyektivlik var. Siz ümumiyyətlə, obyektiv nəyə deyirsiz?

- Ümumi dəyərlər var, onlara əsasən obyektiv olmaq zorundayıq...

- Gəlin belə danışaq. Ümumi dəyərlər deyirsiz... Əla. Razıyam. Şərqdə, islamda üzüaçıq gəzmək günahdır, olmaz. Qərbdə belə bir şey yoxdur. Subyektivlikdir, yoxsa yox? Düşdüyün məkana və zamana uyğun həqiqətini tapmalısan.

- Onda faşizm zamanında Almaniyada faşistcə yanaşma da norma idi...

- Baxın... Hər kəsin öz dəyərləri var. Mən İrana heç vaxt getməmişəm. Hərçənd ki, mən başıma yaylıq bağlamağı sevirəm, bağlayıram da. Psixoloji baxımdan da doğru bir şeydir- insani neqativ enerjidən qoruyur. Amma o şeyi ki, mənə zorla etdirirlər, mən zora qarşıyam. Yəni, çıxış yolu varsa, mən onu etmirəm.

- Amma çıxış yolunuz olmayanda öz dəyərlərinə qarşı getmisiz?

- Bəli, olub və mən öz dəyərlərimə qarşı getmişəm. Həyatda elə şeylər olur ki, sən baxırsan ki, bunu etməsən, kiminsə həyatının və ya kiminsə ailəsinin bahasına başa gələ bilər. Bunlar müqəddəs yalanlardır. Sənin dediyin yalanla kiminsə ailəsi, canı, şərəfi qurtaracaqsa, bu yalan günah deyil. Əgər həqiqət ziyan vurursa, kiminsə həyatını, ailəsini məhv edirsə, mən inanmıram ki, bunu kimsə desin.

- O zaman lazımsız həqiqət var?

- Yox, bilirsiz necədir? Burada perfektsionist olmaq düz deyil. Adətən ya gənclər perfektsionist olur, ya da həyatını bitirmiş adamlar.

- Niyə ki, peşəkarlar da perfektsionist olur...

- Yox, perfektsionizmin də bir həddi var. Hər şeyin həddi olmalıdır. Nizami demişkən, artıq içiləndə dərd verir o da. Yalanın da, həqiqətin də həddi olmalıdır. Sadəcə elə şeylər var ki, onları heç vaxt eləmək olmaz. Məsələn, xəyanəti. Nə özünə, nə başqalarına, nə təbiətə, etmək olmaz. Təbiət deyəndə söhbət ekologiyadan getmir. Təbiət bizim ətrafımızdakı mikromühitdir. Maddi dəyərlərə görə ətrafındakı mikroklimatı pozursansa, bu xəyanətdir.

- Müqəddəs olanlara xəyanət etmək olmaz dediniz. O müqəddəs olanların içində cəmiyyət də varmı?

- Cəmiyyət amorf bir şey deyil. İnsanlardan ibarətdir. Mən insanlara zərər vurmağa bəraət verə bilmirəm. Təəssüflə demək istəyirəm ki, ictimai mənafeni dərsliklərdə düz izah etmirlər. Mən axı adada yaşamıram, bir toplumun içərisindəyəm. Əgər bu toplumun içərisindəyəmsə, deməli, toplumun mənafeyi mənim mənafeyimdir də... Bacımın, qardaşımın, övladlarımın mənafeyidir. Hə, yəni axmaq adamlar düşünə bilər ki, şəxsi mənafe və ya ictimai mənafe ayrı-ayrı şeylərdir. İnsanlara əvvəldən bir şeyi düz izah etməyəndə sonrası çətin olur. Bizim problemimiz təhsil deyil, düzgün tərbiyədir. Təhsili hər vaxt almaq olar, amma tərbiyəni sonra etmək olmur. Çünki tərbiyə vərdişdir. Mişel Montenin “Təcrübələr” əsərində bu çox yaxşı açıqlanır.

Elə şeylər var ki, biz seçirik, elə şeylər var biz seçmirik. Və ayıra biləndə ki, bunlar məndən asılıdır, bunlar yox, insan çox rahat olur. Biləndə ki, bunları edə bilərsən, amma bunlara gücün çatmaz, rahat olursan. Məncə ədəbiyyatın da, incəsənətin də ən böyük qayəsi bu olmalıdır, insanlara başa salmalıdır ki, ey gözəl insan, elə şeylər var ki, sən onu seçirsən, elə şeylər var ki, seçmirsən.

- Məsələn, nəyi?

- Doğulduğun ailəni, Vətəni, övladlarını, bacı və qardaşlarını, qohumlarını, nəhayət millətini. Ümumiyyətlə, bir şeyi bilmək lazımdır ki, istənilən inqilab səni bir addım qabağa atırsa, iki addım geri atır. Bəsit bir misal gətirim ki, aydın olsun. Hamı gedir plastik əməliyyatlar edir ki, qəfil gözəlləşsin. Gözəlləşir də, amma nə qədər geri düşür? Narkoz gərginliyi, hələ onlar beş ildən bir yenidən əməliyyata getməlidir... Çox qabağa düşəndə bir xeyli də geri düşürsən. İnqilab belədir. Amma addım-addım gəlib çatdığın şeylər daha möhkəm olur.

- Yəni zamanla onsuz da həll olunacaq?

- Yox, zamana buraxsan olmaya da bilər. Özün də iradə göstərməlisən. Hər ikisi olmalıdır. İradə də lazımdır, qədər də. Məncə, insanın çata biləcəyi ən yaxşı şey rahat yaşamaqdır. İnsan özü ilə barışıq olmalıdır.

- Gülər xanım, sosiallaşan insan xoşbəxt ola bilərmi? Ya da başqa cür desək, insan sosial maska daşıya-daşıya rahat ola bilərmi?

- Ümumiyyətlə, sosial maska insana daxili konflikt yaradan bir şeydir.

- Məsələn, sizdə yaradıbmı?

- Mənim xoşbəxtliyim və bədbəxtliyim odur ki, sosial maska taxmışamsa da keçici olub. Mənim aldığım tərbiyədə sosial maska olmamışdı deyə sosial maskada narahat oluram. Hamıya da deyirəm ki, mən beləyəm. İnsan özü ilə xoşbəxt deyilsə, heç kimlə olmayacaq, olsa da müvəqqəti olacaq. İnsanın ən böyük qazancı, özü ilə xoşbəxt olmasıdır.

- Deyirsiniz ki, sosial maska taxmağı sevmirəm. Amma sizin bir sosial statusunuz olub. İstər-istəməz ictimai rəylə hesablaşmalı olmusunuz.

- Kütlə psixologiyası onsuz da belədir, qəfil alovlanır, heç bilmir də nədən. Aqressiya olub mənə. Amma mən bilmişəm ki, düz etmişəm, olduğum yerdə də dayanmışam. Sən yazılmış və yazılmamış qanunlarla düz etdiyini bilirsənsə, qalan şeylər ağır gəlmir.

- Önəmli olan sizin nəyi düz hesab etməyinizdir?

- Yox, elə şeylər var ki, onu hamı düz hesab edir. Buna əməl edir ya etmir, bu başqa, amma nəyin düz olduğunu hamı bilir. Ümumi dəyərlər var da: xəyanət etmək, oğurluq, haram olmaz, kiminsə haqqına girmək olmaz.

- Deməli, obyektiv dəyərlər var.

- Yox, bunlar da subyektivdir.

- Məsələn, oğurluq bütün dinlərdə, bütün dövlətlərdə düz deyil. Obyektiv deyilmi?

- Axı burada başqa məsələlər də var. Tövbə məsələn. Tövbə subyektivdir. Heç kim deyə bilməz ki, heç vaxt bunu etməyəcəm. Hər kəs öz içində bilir ki, nəyi düz etməyib. Günahı var, hər kəs bilməyə bilər, amma sən bilirsən. Quranın “Bəqərə” surəsində bu var: “Əgər siz heç vaxt günah etməyən bir qövm olsaydınız, mən sizi məhv edər və yerinizə günah edib sonra tövbə etməyi bacaran bir qövm yaradardım”. İlk günahı elə ilk peyğəmbər – Adəm edib.

- Əlbəttə. Ədəbiyyat da məhz bu günahların tekstləşdirilməsidir. Günah olmasa, ədəbiyyat olmazdı. Ədəbiyyat bir növ islaha aparan yoldu.

- Aha, gəldik ədəbiyyata. Psixologiya o qədər maraqlıdır ki, bir şəkildə çıxa bilmirik mövzudan...

- Elədir. Ədəbiyyat sizə hansısa dəyərlərin dəyişməsində və ya yaranmasında təsir edib?

- Çox gözəl kitabxanam var. Tanıyanlar bilir ki, kitabımı oxuyub qaytarmayan birinci “düşmənimdir’’. Çox kiçik yaşlarımdan oxumuşam və çox oxumuşam. Deyəsən Qorkinin sözüdür, həyatımda ən çox kitablara borcluyam, bunu desəm bayağı çıxır. Amma doğrudan kitablara çox borcluyam. Və kitab oxuyarkən belə bir vərdişim var: bir dəftər ayırırdım və ora kitabdan sevdiyim fikirləri yazırdım, kitabı bitirəndə isə aldığım təəssüratı yazırdım. Olur axı, adam unudur, sonra açanda elə gözəl təzələnir ki yaddaş. Bu texniki tərəfidir. Sizə səmimi deyirəm, Tolstoyun, Çexovun mənə böyük təsiri olub. Amerika realistləri, məsələn Drayzer mənə təsir edib. İndi bölgü apara bilmərəm. O vaxt da qlobalist, ya antiqlobalist yazıçılar yox idi. İndi durub desəm ki, Floberin “Bovari”si təsir edib, Zolya yox, doğru deyil. Hamısı mənə təsir edib.

- Bəs alter eqo kimi gördüyünüz qəhrəmanınız olubmu?

- Mənim bəxtim gətirib ki, yaxşı ədəbiyyat müəllimim olub. Yazıçı Sabir Əhmədovun həyat yoldaşı mənim ədəbiyyat müəllimim idi. Yaxşı müəllim görmüş şagird kimi deyim ki, müəllimin gücü odur ki, qəhrəmanın hansısa xüsusiyyətlərini analiz etsin. Ümumiləşdirmək yox. Bizdə deyirlər hansı qəhrəman kimi olmaq lazımdır, ay uşaqlar? Bu doğru deyil. Bunu soruşmaqla uşağı psixoloji problemlərə salırsan. Çünki hər insan o qədər fərdidir ki.

Psixoloji cəhətdən də insanın kimləsə özünü müqayisə etməsi düz deyil. Bu insanı daxili nataraz vəziyyətə gətirib çıxarır. İnsan özünü kiminləsə yox, yalnız öz-özü ilə müqayisə edə bilər. Özünü başqası ilə müqayisə edən uduzur.

Ədəbiyyatın, kinonun gücündən düzgün istifadə etmək lazımdır. Çünki gücü böyükdür. Yuqoslaviya konflikti hələ bitməmiş konflikt haqda yüksək səviyyədə iki film çəkildi. Və konfliktin həll olunmasında, ictimai rəyin hazırlanmasında bu filmlərin çox böyük rolu oldu, nəinki hansısa xalq diplomatiyasının. Bizdə mən bunu görmürəm. Sosial şəbəkələrdə insanların reaksiyalarına baxıram. Sosial şəbəkələr insanları tənbəlləşdirir və aqressivləşdirir. İnsan ümumiyyətlə, tənbəl olanda aqressivləşir. Mən ümumiyyətlə, millətindən asılı olmayaraq adamları iki yerə bölürəm, Allahdan qorxan və qorxmayan. Allahdan qorxan adamla hər şey etmək olar. Yaşamaq da, işləmək də, yol getmək də. Qorxmayanlarla yox.


- Son illərdə bizdə Qarabağla bağlı çəkilən filmlərə baxmısız?

- Hamısına baxmışam. “Dolu”ya da, “Xoca”ya da. “

- Məsələn, “Xoca” necə idi?

- Təsirli idi. Film birnəfəsə çəkilib birnəfəsə də baxılır. Gözəl film idi. Xocalı elə yaradır onu unutmaq olmur. O filmin çəkilməyi yaranın üstünə məlhəm qoymaq kimidir. “Dolu”da pələngin anası, özünün ölüm səhnəsi məni kövrəldib. Ümumiyyətlə, mənə daha çox öz fərdi -milli-dövlətçilik problemim təsir edir. Uşaq olanda məni hind filminə aparmışdılar, hamı ağladı amma mən güldüm.

Mən çox millətçi deyiləm, kosmopolit də deyiləm daha çox ümumbəşəri, beynəlmiləlçi adamam. Amma Azərbaycanla bağlı məsələlərə çox həssasam. Bəlkə dövlətçiliyə xidmətləri olan adamam ona görə. Hər halda mənə elə gəlir. Bəlkə mən siyasətçi olmasaydım son 24 ilin siyasi proseslərinin içində olmasaydım bu məsələlərə çox həssas olmazdım. Ədəbi-tarixi dəyərindən asılı olmayaraq Qarabağla bağlı bildiyim bütün kitabları oxumuşam. Elə kitablar oxumuşam heç tirajı yoxdur. Çünki zaman-zaman biz tariximizi bilməmişik. Yanlış kitablar bizi yanıldıb.

- Seriallara baxırsızmı?

-“Vicdan haqqı”na baxıram. Rövşən İsaxın serialına.

- Müasir ədəbiyyatı necə izləyirsiz?

- Nərmin Kamalı, Aysel Əlizadənin yazdıqlarını izləyirəm. Adını çəkməyəcəm, elələri var ki, oxumuşam, amma oxumasam yaxşıdır. Hamısının problemi odur ki, dar çərçivədən, özündən baxırlar.

- Ancaq qadınların adını çəkdiz...

- Yaxşı elədik. Kişilər də bizim adımızı çəkmirlər onsuz...

- Ümumiyyətlə, siyasət həyatınızda qadın kimi itirdikləriniz oldumu?

- Qadını əsas formalaşdıran şey ailə həyatıdır. Ailə özü də ictimai formadır. Siyasətə gələndə mən artıq 15 il idi ki, ailəli idim. Ona görə də mən formalaşmışdım. Düzdür ailə həyatıma, ailə üzvlərimə ziyan vurdum. Diqqət, qayğı, vaxt oğurlayıb verdim siyasətə.

- Amma aldıqlarınız da oldu...

- Əlbəttə. Oğlanlarımı xaricdə oxutdumsa bu mənim düşdüyüm mühitlə bağlıdır. Mən həyatımın ən önəmli adamını tanıdım, Heydər Əliyev kimi adamla şəxsi ünsiyyətlərim oldu. Çox gözəl ziyalılarla, siyasətçilərlə tanış oldum. Madlen Olbrayt, Fransa Senatının sədri, cənab Pons, prezident Jak Şirak, Türkiyə Cümhuriyyətinin lideri, sayın Ərdoğan, həmçinin sayın Baxçalı və daha kimlərlə həmsöhbət oldum, Azərbaycanımızın Lütvi Zadəsinin qonağı oldum. Yazıçılarımız, şairlərimiz, jurnalistlərimizlə, incəsənət adamları ilə dostluq əlaqələrim yarandı... Övladlarımla onları tanış etdim... Məgər bu azdırmı?

- Teatra gedirsiniz dediniz...

- Gedirəm. Ən son Şükufə Yusupovanın oynadığı “Mənim günahım” a baxdım. Şükufə xanım mənim sevdiyim aktrisadır. Rejissor işini də çox bəyəndim. İlham Hüseynov da əla oynadı.

Mən teatr cameəsinə yaxınam. İndi yox, əvvəldən. Onları çox sevirəm. Mən onları qeyri-adi hesab edirəm. Məndən asılı olsa çalışıram onlar adiləşməsin. Məncə belə toxunulmaz kastalar olmalıdır. Ailədə ana müqəddəs olduğu kimi, cəmiyyətdə də belə müqəddəslər olmalıdır. Teatr çox sehrlidir. İstəmirəm, o peşənin sehri itsin...

Geri qayıt