Əsas Səhifə > Partiya, Güney Press > Deputatdan Lütfi Zadə ilə bağlı onu mühakimə edənlərə cavab:

Deputatdan Lütfi Zadə ilə bağlı onu mühakimə edənlərə cavab:


11-08-2017, 10:09
Deputatdan Lütfi Zadə ilə bağlı onu mühakimə edənlərə cavab:
Böyük alim Lütfi Zadənin səhhətinin ağırlaşması və onun Azərbaycanda dəfn olunması ilə bağlı vəsiyyəti ictimai mühitdə böyük rezonans doğurub. Sosial şəbəkədə “Axı o Azərbaycan üçün nə edib” deyə alimin bu vəsiyyətinə qarşı çıxanların sayı da çoxdur.

Milli Məclisin deputatı Fazil Mustafa isə Lütfi Zadənin vəsiyyətinə irad bildirənlərə cavab verərək alimin ABŞ-da gördüyü işləri əsaslandırmağa çalışdı. Amma, deputat bu açıqlamadan sonra özü sosial şəbəkə izləyiciləri tərəfdən mühakimə olundu.

AzNews.az xəbər verir ki, Fazil Mustafa sosial şəbəkə izləyicilərinə cavab verib. O, bildirib ki, böyük azərbaycanlı alim Lütfi Zadə vəfat etməmiş etdiyi vəsiyyəti əməlli-başlı Azərbaycan cəmiyyətində müzakirə mövzusu olub:

“Əslində bir dahi şəxsiyyətin obrazında tamam, natamam və sıfır dərəcəli azərbaycanlı necə olmalıdır kimi məsələlərin müzakirəsi daha çox diqqət çəkdi. Bir daha əmin oldum ki, hələ də əksəriyyətimizin düşüncəsi qlobal parametrlərdən çox-çox uzaqdır. Maraqlı bir tarixi epizodu xatırladım. Nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn İzrail dövlətinin yaranması üçün əlini ağdan-qaraya vurmamışdı. İsrail dövləti yarananda yəhudilər ona rəsmi şəkildə müraciət etdilər ki, gəl bu dövlətin prezidenti ol. Eynşteyn isə imtina etdi və elmi çalışmalarını davam etdirməyə üstünlük verdi. İndi bu Lütfi Zadənin oğlu və xanımı nə deyib, qoyun bir kənara, özü ən çox kiminlə ünsiyyət saxlayır, kiminlə birgə çalışmalar gerçəkləşdirir? Deyəcəksiniz ki, Azərbaycanın dəyərli alimi professor Rafiq Əliyevlə. Demək ki, ortada Azərbaycanla bağlı nə isə var. Azərbaycana dərindən, dayazdan bağlı olmanın meyarları nədən ibarətdir, söyləyin, izah edin bizlər də agah olaq. Əzizlərim, bu cür mənasız populizmdən bacardıqca uzaq durmaq lazımdır”.

Fazil Mustafa qeyd edib ki, əgər Lütfi Zadə dünya şöhrətli bir futbolçu, maniken, müğənni, yaxud da milyarder olsaydı bu məsələyə zərrə qədər də əhəmiyyət verməzdi:

“Alimdən söhbət gedir e... Dünya elmində inqilab etmiş alimdən. Nobel mükafatı almış Əziz Sancar da Türkiyədə labaratoriya qurmamışdı ki... O da gedib ABŞ-da çalışaraq bu adı aldı da... Xanımı da türk deyildi, nə olsun? Doğru mühakimə olmayan cəmiyyətlərin aqibəti acınacaqlı olur. Bu yalnızca Lütfi Zadə məsələsi ilə əlaqəli deyil. Elə Qarabağla, təhsillə, sağlamlıqla, elmlə, tarixlə və gələcəklə də bağlı mühakiməmizdə özünü göstərir. Nə isə, Allah Lütfi Zadəyə uzun ömürlər versin ki, yarımçıq işlərini tamamlasın, bizə də doğru mühakimə qabiliyyəti versin ki, sərhədlərimizdən o tərəfdəki dünyanı doğru-dürüst oxuya bilək”.

Geri qayıt