Əsas Səhifə > Partiya, Güney Press > “Xalq Cəbhəsinin varisi kimdir?” müzakirələri yenidən başlayıb

“Xalq Cəbhəsinin varisi kimdir?” müzakirələri yenidən başlayıb


18-07-2017, 08:29
“Xalq Cəbhəsinin varisi kimdir?” müzakirələri yenidən başlayıb
Azərbaycanda milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilatın-Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 28 il ötür. AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən konfransda təsis edilib.

Təsis konfransında 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb. İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümmətov İdarə Heyətinin ilk üzvləri olublar. Onlardan ikisi - xalq yazıçısı Yusif Səmədoğlu və “Azadlıq” qəzetinin ilk redaktoru Nəcəf Nəcəfov artıq dünyalarını dəyişiblər. Təsis konfransında AXC-nin sədri Əbülfəz Elçibəy seçilib. Ə.Elçibəy AXC-nin ilk və son sədri olub. 2000-ci ildə isə Əbülfəz Elçibəy dünyasını dəyişib.

1989-1990, 1990-1992 və 1992-1993-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub. 1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adı alıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən partiyaların bir çoxu vaxtilə AXC-nin bazasında yaradılıb. Hərəkatda olan siyasətçilərin əksəriyyəti sonradan özlərinin ayrıca partiyasını yaradıblar.

AXC Milli Azadlıq Hərəkatını yönləndirən və müstəqil Azərbaycan dövlətinin qurulması üçün formalaşan təşkilat kimi tarixə düşüb. Eyni zamanda AXC Əbülfəz Elçibəyin 1992-ci ilin iyununda prezident seçilməsi ilə hakimiyyətə yiyələnib. 1993-cü ilin iyununa qədər bir il hakimiyyətdə olub. 1993-cü ilin iyun ayında Surət Hüseynovun xarici havadarlarının diktəsi ilə silahlı qiyam qaldırması AXC-nin hakimiyyətdən getməsi ilə nəticələnib.

AXC-nin ilk idarə heyətinin üzvlərindən və liderlərindən biri olan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təsis konfransı yarıgizli şəraitdə keçirilib: “Çünki o vaxt respublikada fövqəladə vəziyyət rejimi var idi. Həm də Xalq Cəbhəsinə qarşı repressiya tədbirləri həyata keçirilirdi. Amma təşkilat komitəsi ciddi hazırlıq işlərini apararaq, həmin təsis yığıncağını keçirməyə nail olub. Qurultayın təşkilati hazırlıq məsələlərinə İsa Qəmbər rəhbərlik edirdi. Əvvəldən İsa Qəmbər də daxil olmaqla, əksəriyyət Əbülfəz Elçibəyin Xalq Cəbhəsinin sədri olmasını müdafiə edirdi. İlk idarə heyətində olan şəxslərin əksəriyyəti Xalq Cəbhəsinin yaranması, təsis konfransının hazırlanmasında önəmli rol oynayan şəxslər olublar. Elçibəyin Xalq Cəbhəsinin sədri seçilməsində səsvermədə, səhv etmirəmsə, 180-dən bir az artıq nümayəndə iştirak edirdi, 12 nəfər əleyhinə səs vermişdi, qalan hamısı lehinə səs vermişdi. İlk idarə heyətinin üzvləri olan 15 nəfərin də sırasında ikisinin Əbülfəz Elçibəyin sədrlik əleyhinə səs verdiyi deyilirdi. AXC-nin 16 iyul təsis konfransından bir müddət sonra rəsmi olaraq dövlət qeydiyyatına alındı”.

P.Hüseynin sözlərinə görə, AXC-nin məqsəd və vəzifələri onun proqramında əks olunmuşdu. Həmin proqram da təsir konfransında qəbul edilib: “Proqramda Azərbaycanın müstəqil dövlət olması, suverenliyinin əldə edilməsi, bütöv Azərbaycan ideyası, totalitar rejimin, birpartiyalı rejimin ləğvi, çoxpartiyalı demokratik cəmiyyət quruluşu və digər məsələlər əksini tapmışdı. Həmin proqramdakı hədəflərin böyük bir qisminə nail olundu. Azərbaycan müstəqillik əldə etdi, demokratik islahatların əsası qoyuldu, milli ordu quruculuğu başlandı və sair. Xalq Cəbhəsi özünün tarixi missiyasını xeyli dərəcədə yerinə yetirdi. Xalq Cəbhəsinin proqramında hədəflərdən biri də təkpartiyalı sisitemin ləğvi idi. Buna da nail olundu, Xalq Cəbhəsinin sıralarında olmuş bir sıra insanlar 1992-ci ildən etibarən yeni partiyalar yaratdılar və Azərbaycanda çoxpartiyalı sistem bərqərar oldu. Bunun özü Xalq Cəbhəsinin nail olduğu müsbət işlərdən biri idi.

Bununla belə, AXC qarşısına qoyduğu bütün məqsədlərə nail ola bilmədi. Bir sıra hədəflər var idi ki, onlara çatılmadı, həmin milli hədəflər gündəmdə qalmaqda davam edir. Bura Azərbaycanın bütövlüyü, ölkənin demokratik inkişaf eləmiş cəmiyyətə çevrilməsi kimi hədəflər daxildir".

“Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə siyasi partiya olaraq qeydiyyata alındı. Sonrakı illərdə isə AXCP-nin də sıralarından qopmalar oldu və gedən şəxslər müxtəlif adlarda partiyalar yaratdılar. Bu gün vaxtilə AXC şinelindən çıxmış bir sıra partiyalar məhz özlərini AXC-nin varisi adlandırırlar. Siz necə hesab edirsiniz, Azərbaycan Xalq Cəbhəsinin varisi hansı partiyadır” sualına Pənah Hüseyn belə cavab verdi: “Burada siyasi və hüquqi varislik məsələləri var. Hüquqi varislik baxımından Azərbaycan Xalq Cəbhəsi qanuna görə siyasi partiya olmadığı üçün onun hüquqi varisi məsələsi qanunda necə tənzimlənib məsələsi diskussiyadır. Əbülfəz Elçibəyin AXC-yə, sonradan isə AXCP-yə sədr olması həmin dövrdə ona hüquqi varisliyi təmin elədi. Ona görə də AXCP indi hüquqi varis kimi çıxış edir. Siyasi cəhətdən isə bir sıra partiyalar, hətta fərdlər AXC-nin siyasi varisi kimi çıxış edirlər. Tarix öz yoluna qoyacaq bu məsələləri”.

Diqqətçəkən məqamlardan biri isə odur ki, Əbülfəz Elçibəydən sonra AXCP-nin sədri olan Əli Kərimli Azərbaycan Xalq Cəbhəsinin ilk rəhbərliyi sayılan ilk idarə heyətinin üzvü olmayıb.

Geri qayıt