Əsas Səhifə > Partiya, Güney Press > "Mən belə bir qanunun qəbul edilməsinə ironiya ilə baxıram"
"Mən belə bir qanunun qəbul edilməsinə ironiya ilə baxıram"4-07-2017, 09:28 |
Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı Tahir Süleymanov deputat həmkarı Qüdrət Həsənquliyevin “Milli Məclis deputatlarının etik davranış qaydaları haqqında” qanun layihəsində yaltaqlığa qarşı cəzanın nəzərdə tutulması barədə təklifinə münasibət bildirib. T.Süleymanov “Ölkə.Az”-a açıqlamasında sözügedən təklifi “mücərrəd” adlandırıb. YAP-çı deputat deyib ki, heç kəs yaltaqlığın ölçüsünü dəqiq deyə bilməz: “Bu mümkün deyil. Mən belə bir qanunun qəbul edilməsinə ironiya ilə baxıram. Mən birinci dəfədir eşidirəm ki, yaltaqlıqla bağlı qanun layihəsi təklif olunur. Belə bir sualla da ilk dəfədir rastlaşıram. Bunun nə demək olduğunu anlamıram. Qüdrət bəy deyir ki, Özbəkistanda belə bir qanun var. Ancaq mənim bundan məlumatım yoxdur. Axı dünyanın hansı ölkəsində yaltaqlıqla bağlı qanun var? Əgər varsa da, mən bilmirəm”. T.Süleymanov qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda yaltaqlıqla bağlı qanun qəbul olunsa, ortaya əcaib məqamlar çıxar: “Bu gün Azərbaycan xalqı və dövləti üçün lazım olan o qədər qanun layihələri var. İndi biz onları qoyub, yaltaqlıq haqqında qanun layihəsi hazırlasaq, gülməli görünər. Axı belə bir qanun qəbul olunarsa, o zaman onun işlək mexanizmi necə olacaq? Mən söz tapıb deyə bilmirəm ki, bu qanun qəbul olunsa, necə icra olunacaq? Qüdrət bəy bunu təklif edir, ancaq demir ki, yaltaqlığın şkalası necə ölçüləcək. İndi Qüdrət bəy bu təklifi haqlı və ya haqsız verir, bu onun şəxsi fikridir. Mən hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Ancaq tutalım ki, biz sabah yaltaqlıq haqqında qanun qəbul etdik, bəs onu necə işlədəcəyik? Biz kiməsə necə deyəcəyik ki, sən hansı dərəcədə yaltaqsan? Özbəkistanda da bunu necə qəbul ediblər, mənə çox maraqlıdır. Yaxşı olar ki, Qüdrət bəy özü bu təklifi əsaslandırsın”. Xatırladaq ki, Milli Məclisin növbədənkənar son iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev “Milli Məclis deputatlarının etik davranış qaydaları haqqında” qanun layihəsində deputatların yaltaq olmaması ilə bağlı açıq və aydın bir maddə yazılmasını təklif edib. Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı deyib: “Bu gün məmur və ya deputat elə formada yaltaqlıq edir ki, heç bir əndazəyə sığmır. Deyir ki, bu ölkədə bir kişi var. Bu kişiyə yaraşan hərəkət deyil. Burada xanımlarımız və onların ailələri var, bu ölkədə ağsaqqallar, generallar var ki, ölkəni müdafiə edirlər. Yaltaqlığın da bir dərəcəsi olmalıdır. Odur ki, qanun layihəsinə və bələdiyyə üzvlərinin etik davranışı ilə bağlı qanuna da belə bir müddəa salınmalıdır ki, yaltaqlığa yol verilməməlidir. Bu, qanunda açıq formada əksini tapmalıdır. Belə yaltaqlıq edən şəxslər dərhal vəzifədən kənarlaşdırılmalıdır. Bu adama evdə uşağı demir ki, bəs sən kişi deyilsən?! Ona görə də bəzi məmurlar və deputatlar yaltaqlıq edəndə bilsinlər ki, hansı formada yaltaqlıq edirlər”. Geri qayıt |