Əsas Səhifə > Partiya, Güney Press > "İndi də cənab prezident İlham Əliyev elə bir siyasi xətt yürüdür ki..."
"İndi də cənab prezident İlham Əliyev elə bir siyasi xətt yürüdür ki..."5-05-2017, 08:33 |
Son vaxtlar Rusiyanın Sergey Markov, Oleq Kuznetsov, Aleksandr Duqin kimi məşhur politoloqlarının Azərbaycana səfərləri intensivləşib. Cəmiyyətdə maraqla qarşılanan bu səfərlərdə sözügedən politoloqlar Azərbaycan reallıqları ilə bilavasitə tanış olurlar və Qarabağ məsələsinin həllinin yolları ilə bağlı fikirlərini ifadə edirlər. Öz ölkələrində şərhləri, təklifləri ilə ictimai rəyə təsir edən politoloqların Rusiya hakimiyyətinin də mövqeyinə təsir edib-etməyəcəyi maraq doğurur. YAP-çı deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bildirdi ki, Qarabağ münaqişəsi yeni başladığı dövrlərdə dünya bu münaqişədən xəbərsiz idi. O dövrdə dünyaya çıxış ancaq SSRİ-nin informasiya agentlikləri, mətbuatı, televiziyası vasitəsilə mümkün idi. Onlar isə ermənilərin nəzarətində idi . Ona görə də dünyada belə bir ictimai rəy var idi ki, “zavallı məzlum ermənilərə” “vəhşi, qaniçən azərbaycanlılar” zülm edir, onlara Azərbaycanda yaşamağa imkan vermir: “Məqsədyönlü şəkildə bu cür təbliğat aparılırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan ətrafındakı informasiya blokadasının aradan qaldırılması istiqamətində çox ciddi iş başlatdı. Heydər Əliyev özü bu işin önündə gedirdi. Hətta xatirimizdədir ki, müxtəlif ölkələrə səfər edəndə Azərbaycan xəritəsini asırdı divardan, əlinə çubuq götürüb Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, hətta Ermənistanla sərhəddə yerləşmədiyini, Dağlıq Qarabağa daxil olmayan 7 rayonumuzun da işğal olunduğunu əyani şəkildə göstərirdi. Tədricən informasiya blokadası dağıdıldı. Dünyada, həmçinin Rusiyada erməni lobbisi çalışır ki, Azərbaycanın haqq işinə kölgə salsınlar, Azərbaycan haqqında mənfi rəy formalaşdırsınlar. İndi də cənab prezident İlham Əliyev elə bir siyasi xətt yürüdür ki, ermənilərin təbliğatı alt-üst olur və Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Rusiyanın tanınmış politoloqlarının kifayət qədər ciddi auditoriyaları var, həmin politoloqların fikirləri ictimai rəy formalaşmasında rol oynayır. Bu cür politoloqlar Qarabağ məsələsi ilə bağlı həqiqətləri söyləyirsə, bu, Azərbaycanın xeyirinədir. Biz onlardan istifadə etməliyik, əməkdaşlıq etməliyik. Onların şərhləri, təhlil və təklifləri şübhəsiz ki, Rusiyanın hakimiyyət dairələri tərəfindən də dinlənilir, onların mövqeyinə təsirsiz ötüşmür. Ermənistanın işğalçı olduğunu, Azərbaycanın işğala məruz qaldığını, müharibə başlanacağı halda Ermənistanın uduzacağını məhz rusiyalı politoloqların dilə gətirməsinin təsiri daha çoxdur, nəinki yerli siyasi ekspertlərin. Biz bütün tribunalardan, nüfuzlu adamlardan, xüsusən əcnəbilərin dilindən səslənən həqiqətlərdən istifadə etməliyik”. Deputat vurğuladı ki, rus politoloqların gəlib həqiqətləri görməsinin artıq təsirləri də ortadadır. Oleq Kuznetsov Rusiya Dövlət Dumasında Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbulu üçün petisiya hazırlayaraq Dövlət Dumasına göndərib. Petisiyanın qəbulu üçün 200 min səs tələb olunur. Petisiyanın müddəti 6 aydır, artıq iki ay keçib və 16.400 səs toplanıb. Ona görə bu işi sürətləndirmək lazımdır: “Fürsətdən istifadə edib sizin oxuculara, gənclərə müraciət edirəm ki, o petisiyanın bəyənilməsi üçün fəallıq göstərsinlər, lazım olan səsin toplanması üçün hərəkətə keçsinlər. Oleq Kuznetsova kömək olmalıdır ki, petisiya vaxtında hazır olsun”. Geri qayıt |