Əsas Səhifə > Partiya, Güney Press > “İstəmirəm, çünki iclasları sevmirəm”

“İstəmirəm, çünki iclasları sevmirəm”


4-05-2017, 08:00
“İstəmirəm, çünki iclasları sevmirəm”
Məlum olduğu kimi Azərbaycanın insan haqları üzrə müvəkkili - ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti bu il martın 5-də başa çatıb. Lakin bu günə qədər hələ ki yeni ombudsman seçilməyib. Bunun üçün də iki aydır Elmira Süleymanova ombudsman vəzifəsini müvəqqəti icra edir. Azərbaycan qanunvericiliyinə görə, ombudsmanın namizədliyi prezident tərəfindən parlamentə təqdim olunur və millət vəkilləri tərəfindən təsdiqlənir.

Maraqlıdır, bəs tanınmış ictimai fəal qadınlardan kimlər ombudsman olmaq istərdi?

Telejurnalist İlhamiyyə Rza sorğumuza bu cür cavab verdi:

“Niyə bacarmaram? Nəyi bacarmadıq ki. Bu da əslində ictimai vəkillikdir. Biz jurnalistlər, xüsusən də ictimai fəal olan jurnalistlər, az-çox ictimai rəyə təsir gücündə olan insanlar müəyyən qədər vəkilliklə məşğuldurlar. Yəni mahiyyət etibarı ilə bu iş bizə yad deyil. Bu bizim gördüyümüz işlə eynidir, sadəcə, öz çapımızda edirik. Əslində bu işə səlahiyyətimiz çatmır, amma sadəcə, cəmiyyətdə bir çəkimiz varsa, hansısa məsələni həll edə, bir işi yaxşılığa doğru edə biliriksə nə xoş bizə. Ombudsman mənim düşüncəmdə insan haqları ilə bağlı, uşaq hüquqları ilə bağlı ayrı ombudsman olmalıdır. Bizdə bütün bu işlərin hamısının öhdəliyi Elmira Süleymanovanın üzərində olub. Lakin bütövlükdə götürsək, mən Elmira Süleymanovanın fəaliyyətini görməmişəm”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da ombudsman olmaq istədiyini bildirdi:

“İlk öncə Elmira xanımın fəaliyyətindən söz açmaq istəyirəm. Onun fəaliyyəti hər zaman məndə xoş təəssürat yaradıb. Çünki təşkilatımızla bağlı hansı məsələ üçün müraciət etmişiksə, bizə reaksiya, dəstək verib. Ümumiyyətlə, yanaşmalar hər zaman fərdi olur. Məsələn, ayrı-ayrı adamların müraciətində görürük ki, razı qalmayanlar da var. Lakin bir daha qeyd edirəm, bizim təşkilatın müraciətləri heç zaman cavabsız qalmayıb. Elmira xanım bizim sığınacağa da gəlib, vəziyyətlə bağlı maraqlanıb, araşdırıb. Tədbirlərdə də görəndə hər zaman sığınacaqla bağlı maraqlanıb. O ki qaldı mənim ombudsman olmaq istəməyimə, çox istərdim ki, olum. Amma düşünürəm ki, bu işdə kifayət qədər mükəmməl bir insan olmalıdır. O mənada ki, həmin şəxsin dil baxımından problemi olmamalıdır. Həmçinin ölkə təmsilçiliyi, insan haqları, ədalətli və prinsipial olmaq məsələləri var. Düşünmürəm ki, ədalətli olmaq məsələsində çatışmazlığım var. Amma o vəzifəyə seçilən adam, qeyd etdiyim kimi, bir çox məsələlərdə kifayət qədər mükəmməl olmalıdır”.

Əməkdar jurnalist İradə Tuncay ombudsman arzusunda olmaq istəmədiyini bildirdi. Səbəbini isə qısaca olaraq belə qeyd etdi:

“İclasları sevmirəm”.
\\musavat.com\\
Geri qayıt