Əsas Səhifə > Partiya, Güney Press > "Vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar haqqında ölçü götürülməlidir"
"Vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar haqqında ölçü götürülməlidir"10-04-2017, 11:52 |
"Hesab edirəm ki, turizmin inkişafı ilə yanaşı ölkənin təhlükəsizlik məsələləri də bununla paralel və koordinasiyalı şəkildə təkmilləşdirilməli və dövrümüzün geopolitik reallıqlarının tələbləri səviyyəsində qurulmalıdır”. Bu fikirləri Unikal.org-a müsahibəsində YAP-ın İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bəyan edib. YAP rəsmisi müsahibəsində ölkədəki bəzi süni qiymət artımından, problemli kreditlər, səhiyyə sektoru ilə bağlı da maraqlı açıqlamalar verib. -Siyavuş müəllim parlamentin iclasında "Azərbaycanda manatın məzənnəsinin dəyişməsindən sui-istifadə edib pul qazanmaq istəyənlər bir daha düşünməlidirlər" fikriniz sosial şəbəkələrdə müsbət qarşılandı. Bu barədə nə deyə bilərsiz? -Ümumiyyətlə, dünyada qiymət artımı məsələsi var. Dolların milli valyutalara nisbət güclənməsi tendensiyası hər yerdə müşahidə olunur. Çünki bir çox ölkələr ərzağı dollarla alır. Ona görə də dolların qalxması istər-istəməz daxili bazara təsir göstərməyə bilməz. İkinci bir tərəfdən, bu məsələdən sui-istifadə edən insanlar da var. Məsələn, heç bir iqtisadi reallığa söykənməyən şaiyə buraxırlar və dərhal qiymətlər qaldırılır. Artıq ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb. Qiymətlər müəyyənləşir, reydlər keçirilir. Bayramda qalxan qiymətlər 1-2 manat fərqi ilə hətta aşağı düşüb. Bu cür vəziyyətdən istifadə edən insanlar var. Hesab edirəm ki, bunun qarşısı alınmalıdır. Bu məsələlər ciddi şəkildə tənzimlənməlidir. Hamı vətəndaşın hesabına istəyir ki, öz vəziyyətin düzəltsin.İndi vətəndaşın da imkanları geniş deyil ki, hər bir sahəyə bu qədər vəsait ayırsın.Yəni, istər bazarlara və digər sferalara nəzər salsaq görürük ki, süni şəkildə ətin, digər ərzaq məhsullarının və gündəlik təlabat mallarının qiyməti qaldırılır. Amma bunun maya dəyəri hesablanmır. Bu məhsul neçəyə başa gəlib? Bu, hesablanmayıb.Sadəcə olaraq, istənilən qiyməti müəyyənləşdirib satırlar. Bu da yolverilməzdir və möhtəkirlər üçün geniş spekulyasiya imkanları yaradır. Artıq hökumət bununla bağlı ciddi addımlar atır və bundan sonra da atacaq ki, vətəndaş aldadılmasın. Həmçinin, vətəndaşlar da ictimai nəzarəti gücləndirməlidirlər. ki, belə hallara qarşı aidiyyatı orqanlara məlumat verilsin və bunun qarşısı alınsın. -Bəzi məmurlar da vətəndaşlarla düzgün münasibət qura bilmirlər. Bu məsələyə münasibətiniz necədir? -Təbii ki, bunlarla bağlı da ciddi ölçü götürülməlidir və götürülür də. Cənab prezident də qeyd edir ki, ictimai nəzarət güclənməlidir. Tək dövlət strukturları deyil, hər bir vətəndaş da təkliflərin, rəylərin, şikayətlərin çatdırmalıdır. Artıq "qaynar xətlər" də var. Bu məsələlər qərəzsiz şəkildə olmalıdır. Öz vəzifəsinin öhdəsindən gələ bilməyən, vətəndaşı narazı salan, onun problemlərinin həllinə nail ola bilməyən məmurlarla bağlı həm məlumatlar verilməli, həm də bunlar haqqında ölçü götürülməlidir. Cənab prezident dəfələrlə müşavirələrində də qeyd edib ki, ölkəmizdə yaradılan hər bir xidmət insanlar üçündür. Məmur təyin olunub ki, insanlara xidmət göstərsin.Təyin olunmayıb ki, özünə sərvət toplasın və yaxud da başqa addımlar atsın. O baxımdan da nazirlər regionlara gedir və orada qəbullar keçirirlər. Artıq şikayəti olanlar Bakıya gəlmir və öz problemlərini yerlərdə nazirlərə çatdırırlar. Vətəndaşlar da çalışmalıdır ki, reallığı düzgün qiymətləndirib öz müraciətlərini məhz bu çərçivədə etsinlər. Mən gündə 20-25 nəfər vətəndaşla görüşürəm. Qeyri-real o qədər məsələ ilə bağlı mənə müraciət edirlər ki… Sonradan da deyirlər ki, mənim müraciətlərimə baxılmır. Hesab edirəm ki, ümumilikdə insanların problemləri həll edilməlidir və bununla bağlı da aidiyyatı qurumlar cəhd göstərməlidirlər. -Cənab prezidentin insanların tibbi müayinədən keçmələri üçün xüsusi göstərişi var. -Amma bəzi icra orqanları şişirdilmiş rəqəmlər yayırlar. Buna münasibətinizi bildirərdiniz. -Birinci növbədə, müayinə vətəndaşın özünü maraqlandırmalıdır. Yəni, bu hansısa icbari qaydada olmamalıdır. Baxmayaraq ki, bunu icbari qaydada yerinə yetirirlər.Vətəndaşı məcbur edirlər ki, get tibbi müayinədən keç. Bəziləri gəlir ki, mənim müalicəm üçün İsrailə müayinəyə 100 min pul lazımdır və təbii ki, hər adama bu pulu tapıb vermək mümkün deyil. Bunun üçün indidən hər bir vətəndaş müayinədən davamlı olaraq keçməlidir ki, sabah bunun müayinəsi, müalicəsi burada mümkün olsun. Elementar bir misal çəkim. Biz qanun qəbul edəndə üzərimizə çox gəldilər. Bildirdilər ki, nikah mərasimindən qabaq cütlüklərin tibbi müayinədən keçməsi milli mənəviyyatımıza ziddir. Lakin nəticə etibarı ilə ortaya hansı faktlar çıxdı? Məlum oldu ki, bəzən bir ayda elə olur, Azərbaycanda QİÇS-ə yoluxan onlarla vətəndaş aşkarlanır. Beləliklə də, gör, nə qədər gələcək problemlərin qarşısı alındı. -Ölkəmizə xaricdən, dünyanın müxtəlif ölkələrindən turist axınını və ümumən turizmin inkişafını necə qiymətləndirirsiz? -Ümumilikdə, Azərbaycanda turizmin inkişafını çox müsbət qiymətləndirirəm. Amma bu məsələ ilə bağlı hesab edirəm ki, biz ciddi araşdırma və təhlillər aparmalıyıq. Təbii ki, biz Azərbaycanı dünya turizminə açıq ölkə elan etmişik və dünyanın müxtəlif ölkələrindən bura insanlar gəlir, mədəniyyətlərin mübadiləsi və zənginləşməsi prosesi baş verir. Amma təfəkkürlərin və məqsədlərin müxtəlifliyi var və bu məsələlər təhlükəsizlik orqanları tərəfindən araşdırmalıdır. Tək maddiyyat aspektindən bu məsələyə yanaşmaq olmaz. Bunun gələcəkdə yarada biləcəyi problemlər, vura biləcəyi ziyanlar ölçülüb-biçilməlidir. Bu düşünülmüş proqram və sistem şəklində olmalıdır. Hazırda fəxrlə deyirik ki, 5-6 milyon turist gəlib. Sabah ola bilər ki, bu 6 milyonun vurduğu ziyan gətirdiyi xeyirdən qat-qat çox olsun. Yaxud da tərsinə. O baxımdan bu məsələ ciddi şəkildə araşdırılmalıdır və buna çox böyük ehtiyac var. Hesab edirəm ki, turizmin inkişafı ilə yanaşı ölkənin təhlükəsizlik məsələləri də bununla paralel və koordinasiyalı şəkildə təkmilləşdirilməli və dövrümüzün geopolitik reallıqlarının tələbləri səviyyəsində qurulmalıdır. Azərbaycanda turizmdə qiymətlər məsələsi də tənzimlənməlidir. Otel və restoran biznesində qiymətlər bazar iqtisadiyyatının tələb-təklif münasibətləri və əhalimizin orta aylıq gəlir reallıqları da nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Necə gəldi qiymət qoymaq olmaz. -Prezident İlham Əliyev tövsiyə etdiyi "Naz Lifan" avtomobilini dövlət qurumları alırlarmı? -Bəli alırlar. Bu proses gedir.Bizim müharibə veteranları, əlillər bu avtomobillərdən istifadə edirlər. Bu şirkətə məxsus müxtəlif növ markalı avtomobil istehsal edilir. Bu gün nazirlər, komitə rəhbərləri xarici markalı avtomobillə təmin olunublar. Gələcəkdə əgər yenisini alacaqlarsa, yəqin ki, yerli avtomobilə üstünlük verəcəklər. Məsələn, Naxçıvanda bütün taksilər "Naz Lifan"dı. -Süni qiymət artımından çıxış yolu, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün nə kimi tədbirlər görülməlidir? -Artıq bununla bağlı Azərbaycan hökuməti tərəfindən ciddi proqramlar hazırlanır və həyata keçirilir. Bu, bir gündə həll edilə bilməz. Vaxti ilə neftin qiymətinin yüksək olması səbəbindən qeyri-neft sektoruna ola bilsin ki, indiki qədər diqqət yetilmirdi. Tam şəkildə bu məsələ demək olar ki, özəl sektorun ixtiyarına buraxılmışdı. Lakin artıq məlum olduğu kimi, qeyri-neft sektorunun inkişafı ilə bağlı da əsaslı dövlət proqramları işləyir və ortaya qoyulur. Hesab edirəm ki, Azərbaycan neftdən asılılığı azaldaraq qeyri-neft sektoruna keçid mərhələsindədir. Bu nisbət ikincinin xeyrinə ildən-ilə artırılır. İstər kənd təsərrüfatı, sənaye müəssisələrinin açılması və tikinti sektorunda ciddi işlər həyata keçirilməkdədir. Bu, vacibdir, olmaldır və hesab edirəm ki, bununla bağlı ciddi addımlar davamlı olaraq atılmalıdır. O cümlədən vergi güzəştləri nəzərdə tutulmalı və faiz dərəcələri azaldılmalıdır. Kreditlərin verilməsi ilə bağlı problemlər var və bu aradan qaldırılmalıdır. İstənilən vətəndaşımızın kiçik müəssisələr yaratması, o cümlədən fermer təsərrüfatlarının təşkili üçün lazimi güzəştli krediti ala bilməsi üçün şərait yaradılmalıdır. Lakin təssüflər olsun ki, bəzən krediti alan şəxslər bundan səmərəli istifadə edə bilmir və ya vəsait təyinatı üzrə istifadə olunmur. Kreditlər tamam başqa məqsədlərə sərf olunur və nəticə etibarı ilə bank və vətəndaş arasında ciddi qarşıdurma yaranır. Bu baxımdan, kredit götürülübsə, bank mütəmadi olaraq nəzarət etməlidir ki, ayrılan vəsait biznes planda göstərilən istiqamətə sərf olunsun. Bank sahəsi düzgün tənzimlənərsə, qeyri-neft sektorunun inkişafında, əhalinin rifahında, həm də digər sahələrdə ciddi şəkildə irəliləyiş ola bilər. -Dolların məzənnəsi artıqdan sonra banklarla vətəndaşlar arasında problemlər mövcuddur. Bəzi banklar dollar kreditlərində güzəşt etmək istəmir və bunu dövlətdən tələb etməyi məsləhət görür.Bu məsələyə münasibətiniz necədir? -Bu, düzgün fikir deyil. Öncə deyim ki, banklar dollarla vətəndaşdan 3 faizə depozit götürür. Digər vətəndaşa 24 faizə kredit verir. Bunu dövlət eləmir ki? Bunu həmin kommersiya bankı edir. Nəticə etibarı ilə 21 faiz adi bir vəsaitdən gəlir əldə edir. Bu iki dəfə, lap uzağı 3 dəfə artıq ola bilər. Təxminən 8-9 dəfə artıq ola bilməz. Çünki vətəndaş bunu qaytaranda müəyyən çətinliklə qarşılaşır və yaxud da ödəniş etməsi mümkünsüz olur. Hesab edirəm ki, bank əgər 3 faizə depozit götürürsə, maksimum 9 faizə bunu kredit kimi verə bilər. Bu həm bankın saxlanmasına, həm də verilən kreditlərin qorunmasına xidmət edə bilər. Bəzi vətəndaşlar bu və ya digər səbəbdən hansısa maliyyə çətinliyinə düşəndə, məcburiyyət qarşısında qalaraq bankdan kredit götürür. Bu hal xüsusilə istehlak kreditlərinə aiddir. Pulu olan gedib bankdan pul götürməz ki? Təbii ki, vətəndaşın buna ehtiyacı var ki, bu addımı atır. Belə vəziyyətdə bankların vətəndaşdan yüksək faizlər tələb etməsi sosial ədalət prinsipinə ziddir. Halbuki, Mərkəzi Bank kommersiya banklarına kiçik faizlə kredit verir. Onlar bunun üzərinə bir neçə faiz qoyub vətəndaşa verə bilər. Lakin kommersiya bankları bunun üzərinə dəfələrlə çox faiz qoyub vətəndaşa kredit verir. Təbii ki, bu da çətinlik yaradır. Hesab edirəm ki, bu məsələlər ciddi şəkildə tənzimlənməlidir. Geri qayıt |