Əsas Səhifə > Partiya, Güney Press > Qanunda eks-prezidentlərə abidə qoyulması tələbi varmı?

Qanunda eks-prezidentlərə abidə qoyulması tələbi varmı?


17-03-2017, 08:29
Qanunda eks-prezidentlərə abidə qoyulması tələbi varmı?
Eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Belə ki, Ə.Elçibəyin qardaşı Almurad Əliyev modern.az-a açıqlamasında bildirib ki, bu yaxınlarda bir adam ona Elçibəyin adına küçə də olacağını, prospekt də olacağını deyib. Sadəcə, bir az zaman lazımdır: “İnanıram ki, Elçibəyin adının əbədiləşdirilməsi prosesi uğurla həyata keçiriləcək”.

Almurad Əliyevin sözlərinə görə, Novruz bayramından sonra bir daha Elçibəyin adının əbədiləşdirilməsi işi ilə bağlı müvafiq instansiyalara müraciət edəcək: “Bu proses çox uzanır. Bildiyiniz kimi, bir neçə dəfə müraciət olunub. Amma Dövlət Komissiyası konkret nəsə demir. Novruz bayramından sonra Dövlət Komissiyası ilə bir də əlaqə saxlayacağam”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Qanun bir neçə il öncə qəbul olunub. Müstəqillik dövründə Azərbaycanın 3 keçmiş prezidenti olub: Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev. Sözügedən qanun onların hər üçünə şamil edilib.

1992-ci ildən Rusiyada yaşayan eks-prezident Ayaz Mütəllibov məhz sözügedən qanun qəbul edildikdən sonra Azərbaycana dönüb. Hazırda Ayaz Mütəllibov qanunun eks-prezidentlərə verdiyi imtiyazlardan istifadə edir. Eks-prezident Əbülfəz Elçibəy həyatda olmadığından onun həyat yoldaşı qanunun verdiyi imtiyazlardan yararlanır.

Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi məsələsinə gəlincə, “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Qanuna görə, keçmiş prezidentə, habelə onun vəfatından sonra xanımına, 18 yaşı tamam olmayan övladına müxtəlif imtiyazlar verildiyi kimi, eks-prezidentlərin adının əbədiləşdirilməsi istiqamətində də addımlar atıla bilər. Qanun bunu qadağan etmir. Lakin qanunda eks-prezidentlərə imtiyazlar verilməsi tələb şəklində qoyulsa da, onların adının əbədiləşdirilməsi tələb olaraq qoyulmayıb.

Sadəcə olaraq, bu təcrübə əksər demokratik dövlətlərdə mövcuddur. Belə ki, bu dövlətlərdə eks-prezidentlərin adlarına mərkəz və ya fondlar yaradılır, universitetlər açılır, küçə və meydanlara onların adları verilir.

Məsələn, qardaş Türkiyədə son 25 ilin eks-prezidentləri Turqut Özalın, Süleyman Dəmirəlin adına universitetlər, dərnəklər, küçələr, elmi mərkəzlər, xəstəxanalar yaradılıb. Bunu dövlət rəsmi qaydada edib.

ABŞ-da hətta seçki vasitəsilə hakimiyyəti uduzan, impiçmentə məruz qalmış eks-prezidentin də-Ricard Niksonun adına mərkəzlər, küçələr var.

Bu vaxta qədər eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi barədə heç bir rəsmi addım atılmayıb. Vəfatından 17 ilə yaxın zaman keçməsinə baxmayaraq, paytaxt Bakıda, yaxud respublikanın iri şəhərlərindən birində Elçibəyin heykəli, büstü, adına küçə, prospekt verilməyib.

Əbülfəz Elçibəyin müstəqil Azərbaycan tarixində göstərdiyi müstəsna xidmətləri nəzərə alan partiyalar, siyasətçilər təklif ediblər ki, Bakının mərkəzində onun heykəli qoyulsun. Partiyalar arasında Elçibəy haqqında bədii filmin çəkilməsini təklif edənlər də var. Bu cür təklifi verənlər Əbülfəz Elçibəyin Azərbaycanın eks-prezident olmaqla yanaşı, müstəqillik uğrunda xalq hərəkatının lideri olmasını əsas göstərirlər.

Məsələn, Elçibəyin silahdaşlarından olan deputat Fərəc Quliyev də Milli Məclisin plenar iclaslarından birində Elçibəyin adının əbədiləşdirilməsini təklif etmişdi. Bununla bağlı hökumətə rəsmi müraciət də edib. F.Quliyev “Yeni Müsavat”a açıqlamasında bu müraciəti xatırladıb. Onun sözlərinə görə, müraciətdə konkret təkliflər də irəli sürülüb: “Təkliflər sırasında eks-prezidentin kitabxanasının, ev muzeyinin yaradılması, adına küçə verilməsi, heykəlinin qoyulması və digərləri var. Əbülfəz Elçibəy də eks-prezident olmaqla yanaşı, milli azadlıq hərəkatının lideri olub. Elçibəy böyük demokrat və dövlət xadimi idi. Bu və digər xidmətlərinə görə haqqıdır ki, onun adı əbədiləşdirilsin. Ölkədə siyasi mədəniyyətin inkişafına imkan yaradılmalı, onun adının əbədiləşdirilməsi üçün işlər görülməlidir”.

Geri qayıt