Əsas Səhifə > Partiya, Güney Press > YAP-çı deputatdan xaricdəki müxalifətə ağır suçlamalar

YAP-çı deputatdan xaricdəki müxalifətə ağır suçlamalar


16-03-2017, 08:32
YAP-çı deputatdan xaricdəki müxalifətə ağır suçlamalar
Azərbaycan müxalifətinin son zamanlar xaricdə təşkilatlanmağa daha çox meylli olduğu açıq şəkildə görünür. Bunu onların Avropaya mühacir kimi üz tutan tərəfdarlarının yaratdıqları təşkilatlara əsasən söyləmək mümkündür.

Təsadüfi deyil ki, hazırda azərbaycanlı müxalif mühacirlərin müxtəlif adlarda yaratdıqları çoxsaylı qurumlar mövcuddur. Hətta iş o yerə çatıb ki, öz təmsilçisi olduqları təşkilatların Avropada mərkəzlərini yaradırlar. Görünən də odur ki, ölkə daxilindəki müxalifətdən xaricdəki etirazçı qüvvə daha fəaldır. Onların hər həftə müxtəlif ölkələrin, şəhərlərin mərkəzlərində təşkil etdikləri aksiyalar bunu deməyə əsas verir. Bütün bunlar onu göstərir ki, müxalifətin xarici qanadı iqtidara qarşı daha sərt mövqe sərgiləyir.

YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirdi ki, nə xaricdən, nə daxildən iqtidara qarşı heç bir təhlükə yoxdur: “Müxalifət həddindən çox zəifdir, sosial bazası sıfıra bərabərdir. Bunun da səbəbi odur ki, müxalifəti tərəfdarları partiyalarının yeni heç nə təqdim etmədiklərini görürlər. Xalqın ürəyindən keçənləri ardıcıl formada iqtidar həyata keçirir. Müxalifətin ölkə daxilində sosial bazasını itirdiyindən tərəfdarlarının xaricə üz tutmalarının, orada ”müxalifət" olmalarının bir sıra səbəblərini görürəm. Azərbaycan iqtidarı bu istiqamətdə çox təsirli və ağıllı addımlar atıb. Bu nədən ibarət idi? Azərbaycan daxilində “Beşinci kolon” yaradılmışdı. Bu kolonun üzvlərinin çoxu xalqın milli maraqlarına xəyanət edən insanlar idi. Faktiki onlar antiazərbaycançı şəbəkənin üzvü olmaqla, ölkə daxilində fəaliyyət göstərirdilər. Bu şəbəkənin xaricdən gələn qrantlarını hökumət kəsdi. Qanun qəbul edildi ki, beynəlxalq QHT-lərdən gələn qrantlar aşkarlıq şəraitində olsun, bunlar nəyə görə verilir və kimlər alır? Eyni zamanda bu qrantlara görə onların vergi ödəmələri məsələsi həll olundu. Bu layihələr barədə xalqa informasiya vermələri də tələb olundu. Aşkara çıxdı ki, bir sıra şəxslər külli miqdarda qrantlar alaraq, vergi vermirlər. Ölkədə kütləvi iğtişaşlar törətmək üçün müəyyən insanları hazırlayırdılar. Xaricə gedənlər isə əvvəlcədən toplantılar zamanı şəkillər çəkdirir, bunu mətbuatda dərc etdirirdilər. Bu yolla da gedib sığınacaq alırdılar.

İstəmədən havayı yemək üçün hesab edirdilər ki, xaricdə yaşamaq daha yaxşıdır. Burada maraqlar da uzlaşıb. “Qan damarı” kəsildikdən sonra onlar həmin qrantları ala bilmədilər. Nəticədə xaricə getmək yolunu tutdular. Bu gün həmin “Beşinci kolon”un üzvlərdir ki, qrantlardan məhrum olublar və təəssüflər olsun ki, Azərbaycan əleyhinə fəaliyyətlərini davam etdirirlər. Xaricdə onları yaşadan anti-Azərbaycan qüvvələrinin şərtləri odur ki, ölkəmizin imicinə zərbə vuran, onu gözdən salan müxtəlif tədbirlər keçirsinlər. AŞ PA-da ölkəmizlə bağlı müzakirələr gedən, prezidentimizin Avropa ölkəsinə səfəri vaxtı bu tipli tədbirlər keçirirlər. Pula satılmış bu insanları vətən xaini hesab edirəm. Onlar pula görə bu aksiyaları təşkil edirlər. Prezidentimiz gedib Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırır, müzakirəyə çıxarır, Azərbaycan-Ermənistan arasında dalana dirənmiş Dağlıq Qarabağ problemində beynəlxalq aləmi hərəkətə gətirmək üçün fəaliyyət göstərir, bunlar isə dövlətin və prezidentin əleyhinə çıxmaqla, ən ağrılı problemimizin həllinə mane olmaq yolunu tuturlar. Bu da əvvəlcədən planlaşdırılır. Dünya erməniliyinin təsiri ilə onlar xaricdə fəallaşıblar. Xalqımız onları yaxşı tanıyır. Onların iqtidar əleyhinə aksiya keçirmələrinə heç bir səbəb yoxdur. Azərbaycanda onlara mitinq üçün yer ayrılanda heç 100/1-ni doldura bilmirlər. Belə olan halda müxalifət xaricə üz tutub. Azərbaycan öz yolu ilə gedir. Beynəlxalq nüfuzumuz yüksəkdir. İqtisadi gücümüz ortadadır. Ölkə başçısı çox müdrik və ağıllı siyasət yürüdür".

B.Sadıqov xaricdə keçirilən aksiyaların heç bir nəticəsinin olmayacağını düşünür: “Onların Avropada yığışıb bir-iki aksiya keçirmələrinin nəticəsi olmayacaq. Çox təəssüf ki, tək bu aksiyalarla onlar Azərbaycan əleyhinə işləmirlər. Hazırda dünyada müsəlmanlar əleyhinə bir kampaniya gedir. Son günlərdə Türkiyəyə qarşı müəyyən təzyiq göstərmək cəhdlərini gördük. Hollandiyada baş verənlərin hamımız şahidi olduq. O insanlar həqiqətən azərbaycanlıdırsa, qanlarından türk qanı axırsa, belə məqamda heç bir azəri türkü öz dövlətinə, millətinə, din qardaşlarına qarşı çıxmalı deyil”.
\\musavat.com\\
Geri qayıt