Əsas Səhifə > Partiya, Güney Press > “ABŞ Qarabağ məsələsində Rusiyadan da yanlış mövqe tutub”

“ABŞ Qarabağ məsələsində Rusiyadan da yanlış mövqe tutub”


10-03-2017, 09:02
“ABŞ Qarabağ məsələsində Rusiyadan da yanlış mövqe tutub”
“Robert Sekutanın bu bəyanatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda ABŞ-ın prosesi öz əlinə almasına hesablanıb. Bu da təbiidir, çünki son vaxtlar Birləşmiş Ştatlar bu məsələdə bir qədər passiv görünürdü. Vaşinqtonla Moskva arasında prosesi ələ almaq uğrunda yarış gedir”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Calaloğlu ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekutanın son bəyanatına münasibət bildirərkən deyib. ADP sədrinin sözlərinə görə, Amerika Dağlıq Qarabağ məsələsində Rusiyadan da yanlış mövqe tutub:

“Dağlıq Qarabağda müharibə olmağını istəmirlərsə, BMT-nin işğal faktı ilə bağlı 4 qətnaməsi var. Onları tətbiq etsinlər. Hər şeyin hüququ var, söhbət Azərbaycana – Dağlıq Qarabağ məsələsinə gəldikdə kimsə bizim pozulmuş hüquqlarımızdan danışmır. ABŞ səfirinin və ATƏT nümayəndələrinin son bəyanatları tərəfləri güzəştə çağırır. Söhbət yeddi rayonun Azərbaycana Dağlıq Qarabağın ermənilərə verilməsindən gedir. Onların əsas istəyi budur. Azərbaycan heç vaxt belə bir güzəştə gedə bilməz. Bizim ərazilərimiz işğal olunub. İndiki Ermənistan ərazisi də bizim ata-baba yurdlarımızdır. Bir dəfə Ermənistan dövləti qurulub. İrəvan beynəlxalq hüquqa zidd olaraq 30 ildir Azərbaycan ərazilərini işğal altında saxlaylır. Həmin işğal nəticəsində ölkəmizə milyardlarla dollar ziyan dəyib. Xocalı kimi bir faciə törədiblər. İndi ABŞ və Rusiya ziyançəkənlə ziyanverəni tərəzidə eyni tutur. Həm Azərbaycandan, həm də Ermənistandan güzəşt tələb edirlər”.

Sərdar Calaloğlunun sözlərinə görə, indiki halda vasitəçilərdən ədalətin bərpa ediləcəyini gözləmək sadəlöhvlük olardı:

“Ən azından verdikləri bəyanatlardan bunu aydın şəkildə görmək olar. BMT-nin qətnaməsində də işğala məruz qalmış dövlətin müharibə etmək səlahiyyətinin olduğu bildirilir. Hətta digər dünya ölkələri də ədalətin bərpası üçün işğala məruz qalmış dövlətə kömək etmək tövsiyə olunur. Sekuta yaxşı bilir ki, Dağlıq Qarabağ müharibə yolu ilə əmələ gələn bir problemdir. Bunu başqa cür həll edə bilmiriksə, müharibə yolu ilə alınmalıdır. Müharibənin olmasını istəməyənlər elə əvvəlcədən, torpaqlar işğal edilməmişdən ermənilərə təzyiq göstərməli idilər. İşğala imkan verməyəydilər, onda bu cür problem də yaşanmazdı. Rusiya Ermənistanı silahlandırdı, torpaqlar işğal olundu. Sonra da Kremldən bəyanatlar gəlir ki, Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə həll edilə bilməz. Bu, hansı ədalətə sığır”.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Dağlıq Qarabağ məsələsi ilə bağlı açıqlama verib. Səfirin sözlərinə görə, Dağlıq Qarabağ problemi çox uzanıb. Münaqişənin hərbi yolla həlli mümkün deyil.

Geri qayıt