Əsas Səhifə > Partiya, Güney Press > “Mütəllibov ona görə qəzəblidir ki...”

“Mütəllibov ona görə qəzəblidir ki...”


28-02-2017, 07:58
“Mütəllibov ona görə qəzəblidir ki...”
Hər il fevral-may ayları aralığında eks-prezidentlə Əbülfəz Elçibəy iqtidarının təmsilçiləri arasındakı narazılıq bir az da dərinləşir, qarşılıqlı ittihamlar havada uçuşur.

Buna səbəb Mütəllibovun dövründə-1992-ci ildə Xocalı faciəsinin törədilməsi, mart və may aylarında onun iki dəfə cəbhəçilər tərəfindən prezident kürsüsündən uzaqlaşdırılmasıdır. Əksəriyyət 25 il öncə baş verənlərin nəticəsində yaranan düşmənçiliyin bu günə qədər gəlib çıxdığını düşünür. Bundan əlavə, ideologiyalar fərqinin də burada əsas rol oynadığını deyənlər var. Yəni Ayaz Mütəllibov və tərəfdarlarının kommunist, rusmeylli olmaları, cəbhəçilərin isə əks qütbdə dayanmaları 25 illik narazılıqda önə çəkilir.

90-cı illərdən siyasi proseslərin içərisində aktiv iştirak edən sabiq dövlət müşaviri Qabil Hüseynli narazılığın səngiməməsinə səbəb olan amilləri sadaladı: “Bunun ideologiyalarla bağlı olduğunu düşünmürəm, çünki o, kommunist deyil. Ayaz Mütəllibov Rusiyaya rəğbətini gizlətmir. Açıq şəkildə bunu bəyan edir. Hətta bilə-bilə ki, Rusiya Ermənistana kömək edir, ermənilərin tərəfini tutur, yenə də düşmən ölkəni açıq surətdə müdafiə edir. Azərbaycanın isə Türkiyə ilə yaxın münasibətlərini qəbul etmir, bunu tənqid edir. Azərbaycan Kommunist Partiyasının I katibi idi, sonra da prezident oldu. Prezident olan kəs isə o dövrdə kommunist ideologiyasının daşıyıcısı olmalı idi. Amma onda kommunist ideologiyasına aid heç nə görmürəm. Hər tənqidi şəxs niyyətə, şəxsi imicə və hakimiyyət hərisliyinə söykənir. Xocalı soyqırımından yaxasını tamamilə kənara çəkir. Halbuki Xocalıya o zaman lazımi yardımlar göstərilməli idi. Deyir ki, yardımları guya göndərib, amma AXC fəalları onu başqa yerə yönəldiblər. Buna da münasibətim fərqlidir və onun dediklərinə inanmıram. Çünki həmin dövrdə Xocalı faciəsi bağlı verilən məlumatlar və Ayaz Mütəllibovun hərəkətləri gerçəklikləri əks etdirmirdi. Onun 20 Yanvar hadisələrində də tutduğu mövqe tamamilə fərqlidir. Onunla bağlı ən azından Xocalı faciəsi və 20 Yanvar hadisələri ilə bağlı cinayət işi qaldırılıb. Düzdür, bu cinayət işi dondurulub. Amma işə xitam verilməyib.

Təəccüb edirəm ki, Ayaz Mütəllibov eks-prezident kimi dövlətin ona verdiyi imtiyazlardan istifadə edir. Amma danışarkən tarixi həqiqətləri öz maraqlarına uyğun şəkildə yozmağa üstünlük verir. Halbuki baş verən hadisələrə görə ən azından siyasi mənsubiyyət daşıyır. Zənnimcə, indiki dövrdə Ayaz Mütəllibov sakit dayansa, siyasi proseslərə qarışmasa, hətta siyasi proseslərdə məsləhətverici pozada dayanmasa, daha yaxşı olar. Çünki hər danışığında ciddi xətalara yol verir. Bu da qarşı tərəfin, hətta əhalinin böyük hissəsinin narazılığına səbəb olur. Çünki Ayaz Mütəllibov dövrünü görmüşük, onun bütün nüanslarını bilirik. Lazım gələrsə, həmin hadisələr barədə daha geniş açıqlamalar vermək mümkündür. Sadəcə, milli birlik naminə münasibətləri və emosiyaları gərginləşdirəcək açıqlamalar vermək fikrində deyilik. Cəbhə hakimiyyəti ilə narazılığının səngiməməsinə səbəb iki dəfə hakimiyyətdən uzaqlaşdırılması ilə bağlıdır. Ona görə belə qəzəblidir. Öz rəqiblərini hakimiyyətdən uzaqlaşdırıldığına görə tənqid edir”.
\\musavat.com\\
Geri qayıt