Əsas Səhifə > Partiya, Güney Press > “Birinci vitse-prezident təyinatı Azərbaycan xalqının rəyidir, arzusudur, istəyidir”

“Birinci vitse-prezident təyinatı Azərbaycan xalqının rəyidir, arzusudur, istəyidir”


23-02-2017, 07:42
“Birinci vitse-prezident təyinatı Azərbaycan xalqının rəyidir, arzusudur, istəyidir”
Azərbaycan prezidenti İlham Əliyevin ölkənin birinci xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsinə hakimiyyət düşərgəsindən ancaq müsbət mövqelər ifadə olunmaqdadır. Buna baxmayaraq, sosial şəbəkədə və bəzi saytlarda müxalifyönlü şəxslər müxtəlif iddialar irəli sürməkdədirlər.

İddiaların birində deyilir ki, bu təyinat hakimiyyət daxilindəki iki nəhəng qrupun gələcəkdə qarşıdurmasına səbəb ola bilər. Daha bir iddiaya görə isə Novruz bayramına qədər vitse-prezidentlərin də təyinatı barədə sərəncam olacaq və bundan sonra Nazirlər Kabinetinə ehtiyac qalmayacaq. Bunun ardınca da Nazirlər Kabineti ya ləğv ediləcək, ya da səlahiyyətləri daha da azaldılaraq kiçik bir struktura çevriləcək.

Sosial şəbəkələrdə və bəzi saytlarda irəli sürülən bu iddialarla bağlı YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlama verib. Siyavuş Novruzov bildirdi ki, kimlərinsə bu cür fikirləri, iddiaları irəli sürməsi əsassızdır. Azərbaycanda demokratik idarəçilikdir və hakimiyyət seçki ilə, xalqın rəyi ilə formalaşır: “Azərbaycan xalqı keçən il referendumda yekdilliklə konstitusiya dəyişikliyinə səs verdi. İndi həmin dəyişiklikdə nəzərdə tutulan konstitusiya tələbinə görə addımlar atılır. Keçənilki referendumda xalq dövlət strukturunda müvafiq dəyişikliklərin olunması ilə əlaqədar yeniliklərə səs verdi. Həmin qərar ondan ibarətdir ki, dövlətin idarəetmə strukturunda 1-ci vitse-prezidentlik və vitse-prezidentlik institutu yaradıldı. Ölkə ərazisində hər hansı bir seçki və ya referendum keçirəndə, hansısa təyinat olanda ancaq Azərbaycan xalqının maraqları nəzərə alınır. Biz hansısa bir cırtdan dövlət deyilik ki, hansısa ölkə və ya ölkələrlə bu cür məsələləri razılaşdıraq, onların rəyini dinləyək.

“Bu çox primitiv bir düşüncənin məhsuludur ki, kiminsə təyinatı hansısa ölkələrlə razılaşdırılmalıdır”

Bu baxımdan, birinci vitse-prezident təyinatı da Azərbaycan xalqının rəyidir, arzusudur, istəyidir. Buna uyğun olaraq da cənab prezident öz səlahiyyətindən istifadə edib qərar verib. Prezident istənilən şəxsi istənilən vəzifəyə təyin edə bilər. Burada başqa hansısa məqamlar, kənar rəylərin olduğunu iddia eləməyə heç bir əsas yoxdur. Bilirsiniz, bu, çox primitiv bir düşüncənin məhsuludur ki, kiminsə təyinatı hansısa ölkələrlə razılaşdırılmalıdır. Hansısa ölkə bizim üçün dövlətçilik baxımından hansısa rol oynayır ki, biz onlarla nəyisə razılaşdıraq və ya onların rəyini alaq? Guya onların rəyini almasaq nə olacaq? Avropada seçkilər keçirilir və yaxud müvafiq insanlar təyin olunur, onlar məgər bizdən soruşurlar. Soruşmağa da borclu deyillər. Hansısa təyinatlarla bağlı hansısa xarici ölkələrin rəyini, razılığını almaq iddiaları gülüş doğurur. Bu cür fikirlər 1992-ci ildə Xalq Cəbhəsi yeni hakimiyyətə gələn zaman Ali Sovetdə işlədilmişdi. Çıxıb edib demişdilər ki, 8 ölkə ilə razılaşmışıq. Belə razılaşmaların axırının necə qurtardığı göz qabağındadır. İndi isə Azərbaycanda hər hansı bir təyinat, seçki, atılan addım ancaq Azərbaycan xalqının maraqları ilə bağlı olur, Azərbaycan xalqının istəyinə uyğun edilir.

Qeyd olunan digər iddialar da tamamilə əsassızdır. Yeni Azərbaycan Partiyasının 700 minə yaxın üzvü var, Mehriban xanım Əliyeva bu partiyanın sədr müavinidir və onun 1-ci vitse-prezident olması bütün Yeni Azərbaycan Partiyası üzvlərinin, həmçinin Azərbaycan xalqının arzusundan irəli gələn məsələdir. Cənab prezident də bu istəyi nəzərə alaraq belə bir təyinatla bağlı sərəncam imzaladı".

S.Novruzov konstitusiyanın tələbinə görə, vitse-prezidentlərin də təyin olunacağını söylədi. Lakin qeyd etdi ki, bu təyinatların dəqiq vaxtını ölkə prezidenti bilir: “Bəziləri deyirdi ki, birinci vitse-prezident və vitse-prezidentlər martda təyin olunacaq, bəziləri adlar da çəkirdilər. Mən dəfələrlə demişəm ki, bu məsələlər birbaşa cənab prezidentin səlahiyyətinə aiddir. Prezident bilir ki, kim və nə vaxt təyin olunacaq”.

“Nazirlər Kabinetinin istər ləğvi, istərsə də səlahiyyətlərinin azaldılması üçün gərək referendum keçirilə”

1-ci vitse-prezidentin təyin olunmasından sonra Nazirlər Kabinetinə, baş nazirə ehtiyac qalmadığı, Nazirlər Kabinetinin buraxılacağı barədə deyilənlərə gəldikdə, S.Novruzov bəyan etdi ki, bu cür fikirləri irəli sürənlərin konstitusiyadan xəbəri yoxdur: “Keçən il konstitusiyaya edilən düzəlişlərə görə ölkənin ikinci şəxsi baş nazir yox, 1-ci vitse-prezidentdir. Nazirlər Kabinetinin səlahiyyətləri isə tamam başqa şeydir. Tez-tez mediada oxuyuram ki, konstitusiyadan məlumatlı olmayan insanlar iddia edirlər ki, Nazirlər Kabineti ləğv olunacaq. Nazirlər Kabineti konstitusion strukturdur. Nazirlər Kabinetinin səlahiyyətləri də konstitusiya ilə təsbit olunur. Nazirlər Kabinetinin istər ləğvi, istərsə də səlahiyyətlərinin azaldılması üçün gərək referendum keçirilə. Yalnız referenduma çıxarıldıqdan və xalqın səsverməsindən sonra bu baş verə bilər”.

Qeyd edək ki, 1-ci vitse-prezident təyinatından sonra belə məlumatlar da yayılıb ki, baş nazir Artur Rasi-zadə vəzifədən təntənəli surətdə yola salınır. 1-ci vitse-prezident təyinatı baş nazirlik funksiyalarını arxa plana keçirir.

Hətta mümkündür ki, baş nazirin müavinləri postu ləğv edilsin. Vitse-prezidentlik təsisatı tam formalaşdıqdan sonra Nazirlər Kabinetinin indiki statusunun da dəyişdiriləcəyi qeyd edilir. Bu formatda baş nazirin müavini postlarının ləğv ediləcəyi, onların funksiyalarının vitse-prezidentlərə ötürüləcəyi, yalnız baş nazir və onun köməkçiləri ştatlarının saxlanılacağı da yayılan xəbərlər sırasındadır. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsinin də nəzərdə tutulduğu deyilir.
\\musavat.com\\
Geri qayıt