Əsas Səhifə > Partiya, Güney Press > "Hesab edirlər ki, Azərbaycan yenə həmin zəif ölkədir"

"Hesab edirlər ki, Azərbaycan yenə həmin zəif ölkədir"


6-02-2017, 08:52
"Hesab edirlər ki, Azərbaycan yenə həmin zəif ölkədir"
"Ermənistana xas olan destruktiv baxış və davranışla regionda davamlı sülhü təmin etmək çox çətin görünür” – bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Trend-ə müsahibəsində deyib. Bildirib ki, Ermənistan xarici işlər nazirinin diplomatik etikadan kənar olan açıqlamaları danışıqlar prosesinin mahiyyətini təhrif edir.

Bunlar yalnız daxili istehlaka yönəlmiş militarist və aqressiv bəyanatlardır: "Bu əsassız ittiham və böhtanlarda regionda sülhün təmin olunması, regionun gələcək inkişafı və münaqişənin həlli perspektivləri ilə bağlı bir dənə də olsun pozitiv fikir yoxdur. Sağlam məntiqdən kənar olan bu kimi emosional və destruktiv açıqlamalar qəsdən vəziyyətin gərginləşdirilməsi, gərginlik fonunun yaradılması və nəticə etibarilə danışıqların pozulması cəhdlərinə xidmət edir. Ermənistanın siyasi rəhbərliyinə xas olan bu kimi destruktiv baxış və davranışla regionda davamlı sülhü təmin etmək və münaqişənin həllinə nail olmaq çox çətin görünür”.

Göründüyü kimi, Ermənistan tərəfi danışıqlar prosesini növbəti dəfə dalana dirəməklə məşğuldur. Onlar bununla Azərbaycanı müharibəyə təhrik etmək istəyirlər? Özlərini belə aparmalarına səbəb nədir?

Bu haqda fikirlərini "Kaspi” ilə bölüşən millət vəkili Aydın Mirzəzadə dedi ki, ola bilsin, Ermənistan nəsə möcüzə gözləyir: "Ötən ilin aprel hadisələri zamanı Ermənistan prezidenti təlaşa düşmüşdü. Avropa Birliyinin Ermənistanda olan səfirlərini yığaraq onlardan Azərbaycana təzyiq göstərilməsi və hərbi əməliyyatların dayandırılması üçün yalvarırdı. Eyni zamanda, Azərbaycanla danışıqlara razı olmuşdu. İki görüş keçirildi. Ermənistan danışıqlarda bir sıra məsələlərə razı olduğunu bildirdi. Amma bu gün onları yenidən 90-cı illərin əhval-ruhiyyəsi bürüyüb. Hesab edirlər ki, Azərbaycan yenə həmin zəif ölkədir. Baş aldatmaqla, həmçinin populizmlə problemi uzatmağın mümkün olduğunu düşünürlər. Bu gün Sarkisyan komandasının hakimiyyətdə qalmasının yeganə səbəbi Dağlıq Qarabağ münaqişəsidir. Cəmiyyət qarşıdan gələn parlament seçkilərində ilk növbədə, bu problemi həll edəcək, Ermənistanı izolyasiyadan çıxaracaq siyasi qüvvə axtarır. Sarkisyan hesab edir ki, bununla cəmiyyətə lazım olan qüvvə olduğunu göstərir. Amma başa düşmür ki, özünü çətin vəziyyətə salır”.

Millət vəkili onu da qeyd etdi ki, bu gün Azərbaycan bütün mövzularda, bütün sahələr üzrə Ermənistandan güclüdür və heç bir halda torpaqlarını işğalçı ölkəyə güzəştə getməyəcək: "Ermənistan indiki bəyanatları ilə gedişatı dəyişə, sülh danışıqlarından birdəfəlik imtina vəziyyəti yarada bilər. Bu, Azərbaycan üçün yox, Ermənistanın özü üçün böyük bir problem ola bilər”.

Politoloq Elxan Şahinoğlu qeyd etdi ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mümkün görüşündən nəticə gözləmək problematikdir. Birincisi, Ermənistan azərbaycanlı girovları geri qaytarmır və bununla gərginliyin azalmasının qarşısını alır. İkincisi, Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən narazı qaldığını bildiribsə, Moskvanın vasitəçiliyi ilə keçirilən növbəti görüşün də eyni nəticə ilə bitəcəyini proqnozlaşdırmaq mümkündür: "Xarici işlər nazirlərinin mümkün görüşü real nəticə verməyəcəksə, Azərbaycan və Ermənistan prezidentlərinin yaxın müddətdə görüşünə də ehtiyac qalmayacaq. Əgər Ermənistan hakimiyyəti Dağlıq Qarabağda girov saxladığı iki azərbaycanlını və Azərbaycan hərbçisinin nəşini geri qaytararsa, bu, vəziyyəti xeyli sabitləşdirərdi. Əgər Ermənistan hakimiyyəti bu addımı atmırsa, demək, qəsdən gərginliyin artmasında maraqlıdır. Yəqin, Ermənistan hakimiyyətində düşünürlər ki, yaranan gərginlik fonunda Azərbaycanla Rusiya arasındakı gərginlik bir az da artacaq. Ermənistan prezidenti Serj Sarkisyanın problemləri getdikcə artır. Apreldə parlament seçkisi keçiriləcək və müxalifət getdikcə sıralarını genişləndirir. İkinci tərəfdən, iqtisadiyyat və sosial həyatda gərginlik artır, resurslar yoxdur ki, müsbətə doğru dəyişiklik baş versin. Nəhayət, Ermənistan ordusunda artan itkilər cəmiyyətdə narazılığı artırır. Ancaq Sarkisyanı daha çox cəbhə bölgəsindəki vəziyyət narahat edir”.

Politoloq bildirdi ki, Sarkisyan Ermənistan cəmiyyətinin narahatlığını azaltmağa çalışır: "Məsələn, Ermənistan ordusunun yaranmasının 25 illiyə ilə bağlı çıxışında iki cümlə diqqəti cəlb edir. Sarkisyan birinci cümləsində deyib ki, yeni müharibə Qarabağ probleminin həllinə kömək etməyəcək, əksinə, vəziyyəti daha da çıxılmaz duruma sürükləyəcək. İkinci cümləsi isə belədir - "Dağlıq Qarabağ ətrafındakı təhlükəsizlik zolağı bizim üçün vacibdir. Biz növbəti və uzun müharibəni yenə də mətbəximizin içində aparmaq istəmirik”. Birinci cümlə əslində onun etirafıdır ki, müharibə riski yüksəkdir və Sarkisyan erməni ictimaiyyətini yeni müharibəyə hazırlayır. Adını "təhlükəsizlik zolağı” qoyduğu Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı hələ uzun müddət işğal altında saxlamaq istəyir ki, bunun əvəzinə Azərbaycandan Dağlıq Qarabağın statusunu qopara bilsin. Ancaq bunun mümkün olmadığını özü də anlayır”.

Geri qayıt