Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycana gələn erməniyə şillə-təpik atmaq qəhrəmanlıq deyil”

“Azərbaycana gələn erməniyə şillə-təpik atmaq qəhrəmanlıq deyil”


14-11-2016, 08:46
“Azərbaycana gələn erməniyə şillə-təpik atmaq qəhrəmanlıq deyil”
“Bakıya gələn hər üç erməni Sarkisyan rejiminə qarşı barışmaz mövqedə olan, Ermənistanın işğalçılıq siyasətini açıq şəkildə pisləyən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Xocalıda soyqırım faktını qəbul edən insanlardır. Ermənilərin arasında belələrinin sayı az deyil. Dünyadakı və regiondakı reallıqları, bölgənin etnik coğrafiyasını, demoqrafik vəziyyətini bilən və bu vəziyyəti qiymətləndirməyi bacaran ermənilər işğalın onlara yaxşı heç bir şey vəd etmədiyini, bütün bunların bir sonu olacağını başa düşür və qiymətləndirirlər”.

Politoloq Elçin Mirzəbəyli bu fikirləri ötən həftə Bakıya gələn və Ermənistanı ifşa bəyanatları ilə çıxış edən üç erməni fəalla bağlı “Yeni Müsavat”a danışarkən söylədi. Siyasi şərhçinin fikrincə, bu adamlar öz xalqlarının gələcəyini düşünməyi bacaran, ağıllı, soyuqqanlı insanlardır: “Onların fəaliyyətini xeyli vaxtdır ki, izləyirəm. Qənaətimə görə, onların Azərbaycana gəlişini əsaslandıran da onların bu günə qədər nümayiş etdirdikləri mövqedir. Yəni bu adamların Azərbaycana gəlişi göydəndüşmə bir hadisə deyil və hər 3 şəxs Ermənistanda onlar kimi düşünənlərin sayının kifayət qədər çox olduqlarını yaxşı bilirlər. Əks halda belə ağır yükün və məsuliyyətin altına girməzdilər. Sankt-Peterburqda təhsil aldığım dönəmdə və ayrı-ayrı ölkələrdə keçirilən tədbirlərdə Vahe Avetyan, Vaan Martirosyan və Syuzan Çaqinyan kimi düşünən, lakin mövqe sərgiləməyə qorxan çoxsaylı erməni ilə qarşılaşmışam. Onları həqiqəti etiraf etməyə kimsə məcbur etmirdi və məndən də heç bir asılılıqları yox idi. Mənim də Azərbaycan millətçisi olduğumu yaxşı bilirdilər. Demək istəyirəm ki, erməni fəallarının Azərbaycana gəlişi və səsləndirdikləri fikirlər məni qətiyyən təəccübləndirmədi”.

E.Mirzəbəyli ermənilərin Bakıya gəlişində yardımçı olmuş şəxslərin ünvanına səslənən ittihamları da qəbul etmədi: “Onların Azərbaycana səfərini, həmçinin onların iştirakı ilə keçirilən tədbiri təşkil edənlərin fəaliyyətini yüksək qiymətləndirirəm və təqdir edirəm. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, bölgədə sülhün və əminamanlığın təmin olunması üçün bütün mümkün vasitələrdən istifadə etmək lazımdır. Qənaətimə görə, belə bir tədbirin təşkili Azərbaycan tərəfinin son dövrlərdə atdığı ən uğurlu addımlardan biridir və bu fəaliyyəti yüksək peşəkarlıqla davam etdirmək lazımdır. Bu tədbirin əleyhinə çıxan və populist şüarlar səsləndirən adamları isə gerçək vətənpərvərlik anlayışını gözdən salmamağa çağırıram. Belələri başa düşməlidir ki, onların fəaliyyəti Qarabağı da, Qarabağa olan sevgini də gözdən salır. Biz belə bəsit təfəkkürlə, şou xarakterli hərəkətlərlə, populizmlə Qarabağı azad edə bilmərik”.

Politoloq qeyd etdi ki, Azərbaycana gələn hər hansı bir erməniyə şillə-təpik atmaq qəhrəmanlıq deyil: “Bizi bu günə qədər ayaq üstə tutan milli kimliyimiz və bu kimliyi təşkil edən dəyərlərdir. Düşmənlə döyüş üçün məkan da var, imkan da. Əgər bir erməni sənin ayağına gəlib yanlış yolda olduğunu etiraf edirsə, onun hərəkətini təqdir etmək lazımdır ki, öz mövqeyini ifadə etməkdən çəkinən digərləri eyni addımları ata bilsinlər. Onlara qarşı pis münasibət isə işğalçı rejimin təbliğatına xidmət edir. 1-2 erməninin Bakıya gəlib Ermənistanın səhv yolda olduğunu etiraf etməsi bəzilərinin dediyi kimi, şəhidlərin ruhuna sayğısızlıq deyil. Şəhidlərimizin qanını yerdə qoymamaq, Qarabağı azad etmək üçün isə hər kəs sözün yox, bacardığı işin qulpundan yapışmalıdır. Hərbçi səngərdə, jurnalist KİV-də, QHT nümayəndəsi fəaliyyət göstərdiyi sektorda... üzərinə düşən vəzifəni yerinə yetirməlidir. İş! İş! Yenə də İş!”.

Geri qayıt