Əsas Səhifə > Partiya, Güney Press > "Trampın qələbəsi Amerikanı daha realist bir siyasət yürütməyə məcbur qoyacaq"

"Trampın qələbəsi Amerikanı daha realist bir siyasət yürütməyə məcbur qoyacaq"


11-11-2016, 08:17
"Trampın qələbəsi Amerikanı daha realist bir siyasət yürütməyə məcbur qoyacaq"
ABŞ-da ilk dəfə idi ki, dövlət sistemi bu qədər sınaqlara məruz qaldı. Seçkinin nəticələrinə Amerika və dünya arenasından çox fərqli reaksiyalar var. Böyük bir hissə bunu faciə, digər bir qisim isə Amerikada uzun on illər hökmranlıq edən cinayətkarlıq mexanizmləri, lobbi mərkəzləri, silah korporasiyaları və digər xalqların üzərində qurulan sümürməçilik sistemlərinin məğlubiyyəti sayır. Məsələyə hansı ideya üzərindən baxsaq, fakt dəyişilməz qalır.

Bu barədə Axar.az-a ABŞ-da keçirilən prezident seçkisinin nəticələri, bunun ABŞ-Azərbaycan, ABŞ-Rusiya münasibətlərinə və dünya siyasətinə təsiri haqda danışarkən millət vəkili Zahid Oruc deyib. Millət vəkili bu seçkini cəmiyyətin qlobal proseslərə qoşulmasının nəticəsi olaraq qiymətləndirib:

“Amerika vətəndaşı uzun illər Balkanlara, Əfqanıstana, İraqa, Yaxın Şərqə, Rusiya ilə savaşa və Ukraynadakı proseslərə qoşulmaqla sosial simasını dəyişdikcə, məlum Amerika müstəsnalığı dağıldıqca bu, ən sonda Obamanın ağdərililərin özünü diskriminasiyaya məruz qoyması reallığında Trampın qələbəsi ilə nəticələndi. Amerikalıların bir çoxunda xəyal qırıqlığı yaradan onların milyardlara dollar ödədiyi büdcə vəsaitlərinin beynəlxalq məkanda müxtəlif konfrantasiyalara xərclənməsidir. Təsadüfi deyil ki, Klintonun məğlubiyyəti həm də Barak Obama, hakimiyyət sistemi və bütün dövlət mexanizmlərinin uğursuzluğudur.

Bir çoxları hesab edir ki, Trampın qələbəsi Amerikanı daha realist bir siyasət yürütməyə məcbur qoyacaq. Çünki onun bir sıra məsələlərdə söylədiyi fikirlər özünü doğrultdu. Yəni ərəb dünyasına müxtəlif layihələri göndərməklə qlobal vəzifələri qarşısına qoyduğu halda öz problemlərinin unudulması, Rusiya ilə süni konfrantasiya və III Dünya savaşı təhlükəsi məsələlərində Tramp haqlı çıxdı. Ağ Evin ətrafında bütün böyük layihələri qazanmaq istəyən dairələr bu fonda yerdə qalan namizədləri arzuolunmaza çevirdilər. İş o yerə çatdı ki, Respublikaçı namizədlərə belə barmaq qoyub, zəif namizəd kimi Trampın seçilməsinə görə digərlərinin vurulmasında və siyasi məhvində iştirak etdilər, bu şəxsin bütün dünya çapında kloun obrazını yaradaraq onu Rusiyaya casusluqda ittiham etdilər”.

Onun sözlərinə görə, Tramp qısa bir müddət sonra inaqurasiya mərasimini keçirərək rəhbərliyə başlayanda ABŞ-la dünya dövlətlərinin münasibətlərindən çox şey asılı olacaq:

“Hazırda Amerikada siyasi zəlzələ kimi xarakterizə olunan bu hadisə dünya proseslərində özünü göstərəcəksə, Donald Trampın seçim dövründə söylədiklərini bütün dünya görmək istəyəcək. Tramp təkcə bir ölkənin prezidenti kimi seçilməyib, ABŞ-ın dünya ağalığı iddiası var. Ona görə də ABŞ-ın region dövlətlərinə, Yaxın Şərqə, Afrikadakı proseslərə, o cümlədən Qafqazdakı proseslərə təsirinə ciddi ehtiyac olacaq”.

Azərbaycan-ABŞ münasibətlərinə gəlincə isə Zahid Oruc Obamanın bu müddət ərzində Azərbaycan dövlət başçısına münasibətini heç də birmənalı saymayıb:

“Zamanında Türkiyə ilə Ermənistan arasında sərhəd açılımı əməliyyatının müəllifi şəxsən Klinton idi. 2009-cu ilin sonu, 2010-cu ilin əvvəllərində Prezident İlham Əliyevin 4 dəfə zəng edilərək Türkiyəyə dəvət olunması ilə Azərbaycandan bu prosesə müqavimət göstərməməsi tələb olunurdu. Bu isə birbaşa Qarabağ prosesində ermənilərin xeyrinə işləyəcəkdi. Klinton və onun satqın çevrəsinin Azərbaycan rəhbərini hədəfə çevirərək Qərb mediasında bəlli ittihamlar yağdırmasının səbəbi İlham Əliyevin göstərdiyi milli iradənin nəticəsində sözügedən dəvətin reallaşmaması idi. Biz iki ölkə münasibətlərinin inkişafında maraqlıyıq. Heydər Əliyev çətin şəraitdə Qərblə çox yaxşı iqtisadi, siyasi əlaqələr qurdu. İlham Əliyev dəfələrlə buna çalışdı, ancaq ABŞ rəhbərliyi Qafqaza yönəlik siyasətində Azərbaycana qarşı yanlışlığa yol verdi.

Obama dönəmi itirilmiş bir zamandır. Hər bir halda Azərbaycan üçün regionun ən əsas siyasi problemlərinin Amerika elitasına çıxması çox önəmlidir. Klintonun mənsub olduğu platformanın iflası əslində bölgənin xeyrinə işləyir.

Bu mənada bir çoxları gözləyirdi ki, Klintonun gəlişi ərəb dünyasındakı müharibə və silah partiyalarının dünyada hökmranlığının davam olacaq. Kimin qalib gəlməsindən daha çox Klintonun məğlubiyyəti xüsusi əhəmiyyətli hadisədir. Dünya üzərində qurulan hörümçək torunu hərəkətə gətirənlər fərqində deyildilər ki, öz maraqlarına zərbə vurur, Amerikanın dünyadakı mənafelərini təhdid edir, həmçinin nifrət toxumu səpirlər.

Azərbaycan prezidentinin Trampa göndərdiyi təbrik məktubunda qarşıdakı dönəmdə münasibətlərin yenidən qurulmasına və normallaşmasına dair çağırış var. Həmçinin Qarabağ məsələsi üçün addımların atılması istəniləcək”.

Z.Orucun sözlərinə görə, Rusiya-ABŞ əlaqələri normallaşacağı təqdirdə bu, birbaşa regional münasibətlər sisteminə öz təsirini göstərəcək:

“Düzdür, Amerikada təkbaşına bir şəxs qlobal səlahiyyətlərə malik deyil, lakin Trampın bir sıra məsələlərə təsiri olacaq. Yaxın Şərqdəki proseslərin necə inkişaf edəcəyi və Rusiya ilə münasibətlərin aqibəti bu sarıdan çox önəmlidir.

O da bəllidir ki, 3-4 faiz nomenklatur vəzifələri boşalda bilirlər və yerdə qalan sistem fəaliyyətini davam etdirir. Lakin bununla bərabər, iki partiyalı sistemin monopoliyası da mövcuddur. Kampaniya başa çatdıqdan sonra partiyalılıqlarını yerə qoyur, necə deyərlər dövlət üçün çalışmağa davam edirlər. Bu məxfi məlumatlar Trampın masasına qoyulduqda o da daha riskli qərarlar verməyə və bundan əvvəlki siyasəti davam etdirməyə məcbur olacaq.

Yaxın Şərq və Rusiya ilə əlaqələrin bərpa olunması baxımından şübhəsiz müəyyən dəyişikliklər ola bilər. Putinin Amerika ilə münasibətlərin yenidən başlaması istəyini dilə gətirilməsi də məhz buna işarədir. Ona görə də Amerika gerçəkdən öz mənafelərini düşünürsə, dünyada sülhə və təhlükəsizliyə real töhfə verməlidir”.

Millət vəkili yekun olaraq Trampın prezident seçilməsinə maliyyə bazarlarının daha tez reaksiya verəcəyini, dolların kursunun aşağı düşəcəyini deyib:

“Silah partiyaları Yaxın Şərqə 100 milyardlarla dollarlıq silah satacaqdısa, indi müəyyən müddət fasilə verməli olacaqlar”.

Geri qayıt