Əsas Səhifə > Partiya, Güney Press > "10 min səhifəlik ciddi elmi iş yazıb ortaya qoymuşam"

"10 min səhifəlik ciddi elmi iş yazıb ortaya qoymuşam"


29-10-2016, 10:32
"10 min səhifəlik ciddi elmi iş yazıb ortaya qoymuşam"
ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda elmə diqqətsizlikdən gileylənib. “Yeni Müsavat”a açıqlamasında Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycan televiziyalarında bir dənə də olsun normal elmi bir veriliş yoxdur.

Hakimiyyət partiyası olan Yeni Azərbaycan Partiyasının İdarə Heyəti üzvlərinin 90 faizi elmlər doktorudur. Məntiqlə həmin elmlər doktorları elmi müzakirələrin, elmin təbliğində maraqlı olmalıdırlar. Lakin reallıqda bunu da görmək mümkün deyil: “Özü də maraqlıdır ki, bu adamların əksəriyyəti YAP hakimiyyətə gəldikdən sonrakı illərdə elmlər doktoru, alim olublar. İndiyə qədər bir dəfə də olsun görmüsünüzmü YAP İdarə Heyətinin üzvü olan bu elmlər doktorlarının çıxıb televiziyalarda elmdən danışdıqlarını, hardasa elmi müzakirələr təşkil etdiklərini? Görə bilməzsiniz. Bu adamlar bəs necə alimdirlər? Axı alimin vəzifəsindən biri elmi təbliğ eləməkdir. Bunu dinimiz də buyurur. Hakim partiyanın elmlər doktoru olan İdarə Heyəti üzvləri elmin təbliğatını aparsalar elmin inkişafına təkan olar. Lakin onlar bunu etmirlər”.

ADP sədrinin sözlərinə görə, Azərbaycanda belə bir mühitdə yaşayıb həqiqi alim olmağın özü siyasətçi olmaqdan daha çətindir: “Mən bunun çətinliyini şəxsi təcrübəmdə illərdir yaşayıram. 10 min səhifəlik ciddi elmi iş yazıb ortaya qoymuşam. Prezident yanında Elmin İnkişafına Dövlət Dəstəyi Fondunun mənim bu üç cildlik elmi kitabımın çapına maliyyə yardımı ayırması üçün Prezident Administrasiyana rəsmi məktub göndərmişəm. Lakin artıq üzərindən xeyli vaxt keçsə də heç bir cavab vermədilər. Halbuki, həmin qurumun vəzifəsi dövlətin elm üçün ayırdığı vəsaitləri bu cür ciddi elmi işlərə sərf etməkdir. Təəssüf ki, ciddi elmlə məşğul olanlara diqqət yoxdur və nəticədə Azərbaycandan xaricə beyin axını ölkəmizin ciddi problemlərindən birinə çevrilib”.
Sərdar Cəlaloğlu dedi ki, indiyə qədər 6 elmi kitabının şəxsi vəsaiti hesabına çap etdirib. Artıq maliyyə durumu üç cildlik əsərini çap etdirməyə imkan vermir.

Qeyd edək ki, Sərdar Cəlaloğlu elmi kəşfinə görə Nobel mükafatı almağa iddialıdır.

Geri qayıt