Əsas Səhifə > Partiya, Güney Press > "Heydər Əliyev müstəqilliyi müdafiə etdi, kommunistlər onun arxasınca getmədi"
"Heydər Əliyev müstəqilliyi müdafiə etdi, kommunistlər onun arxasınca getmədi"18-10-2016, 08:45 |
Bu gün Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ili tamam olur. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, istiqlalçı deputat Etibar Məmmədov Modern.az-a açıqlamasında müstəqillik haqqında bunları deyib. “25 il bundan öncə müstəqilliyimizi yenidən qazandıq. Əsas bunu qeyd etmək lazımdı. 25 il bundan əvvəl Azərbaycan başqa bir dövlətin tərkibində olan respublika idi. Müstəqil deyildi. Müstəqil xarici, daxili siyasəti yox idi. Bir dövlətin parçası kimi fəaliyyət göstərirdik. Ona görə də millətin özünü formalaşdırması üçün müstəqil dövlətin yaranmasını vacib hesab edirdik. 1920-ci ildə itirilən müstəqilliyin bərpası və ürəklərdə yaşanan daimi müstəqillik bizi gözləyirdi. Buna da nail olduq”. İstiqlalçı deputat, müstəqilliyə gedən yolun hərəkatdan keçdiyini xatırladıb. “1980-ci illərin sonunda Milli Azadlıq hərəkatı geniş vüsət almağa başladı. 1989-cu ilin 23 sentyabrında dövlət suverenliyi haqqında Konstitusiya qanunu qəbul olundu. Nəticə etibarilə, buna nail olduq. Bu, keçmiş SSRİ-nin tərkibində birinci addım idi. Halbuki digər respublikalarda belə bir nəticə əldə olunmadı. İttifaq qanunları ilə Azərbaycan qanunları ziddiyyət təşkil edirdi və bizim öz qanunlarımız üstün olurdu. Bu, görünməmiş bir hadisə idi. Bundan sonrakı dövrdə də bu hərəkat davam etdi. Mərkəzi hakimiyyət tərəfindən bunun qarşısını almaq üçün “20 Yanvar” törədildi. Yavaş-yavaş bu hərəkatın dönməz olduğu üzə çıxdı və əhali tərəfindən qəbul edilən bir hərəkat oldu. Nəticədə isə 1991-ci ilin oktyabrında müstəqilliklə bağlı qanun qəbul edildi”. Etibar Məmmədov, həmin vaxtlarda Müstəqillik Aktına imza atmayanların səbəb kimi irəli sürdükləri konkret rəhbərin olmaması fikirlərini qısa olaraq belə cavablandırıb. “Kim deyirsə ki, “həmin vaxt rəhbər yox idi” bu yanlış fikirdi. Sonradan rəhbər elan edilən mərhum Heydər Əliyev müstəqilliyin tərəfdarı kimi çıxış edirdi. Keçmiş kommunistlər Heydər Əliyevin arxasınca getmirdilər. Onlar ancaq vəziyyət dəyişəndən sonra məcbur olub o qərarı qəbul etdilər” Geri qayıt |