Əsas Səhifə > Partiya, Güney Press > "Eldar Mahmudovun həbsi istintaq araşdırmalarının nəticəsinə bağlıdır"

"Eldar Mahmudovun həbsi istintaq araşdırmalarının nəticəsinə bağlıdır"


18-10-2016, 08:09
"Eldar Mahmudovun həbsi istintaq araşdırmalarının nəticəsinə bağlıdır"
Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən qovulmasından 1 il ötür.

Ötən il oktyabrın 17-də Eldar Mahmudovun vəzifədən getməsinin ardından yüksək çinli məmurların həbsini və nazirliyin ləğvini izlədik. Bir çox mətbuat orqanları və ictimai şəxslər Eldar Mahmudovun həbsini proqnozlaşdırsa da, bunun şahidi olmadı. Bu bir il ərzində nəbaş verdi? Nədən Eldar Mahmudovu həbs etmədilər? Bir il ərzində Dövlət Təhlükəsizlik Xidmətində hansı dəyişikliklər olundu? Qaynarinfo.Az-ın bu suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə belə cavablandırdı:

"Eldar Mahmudovun həbsi istintaq orqanının araşdırmasının nəticəsinə bağlıdır. Konkret cinayətlərə görə, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin bir neçə rəhbər şəxsləri həbs edilib. Gedişatlar və bütün məsələlər araşdırmaların nəticəsindən asılıdır. MTN-nin yerində yaradılmış, Dövlət Təhlükəsizlik Xidmətinin bir il ərzində gördüyü işlərə gəlincə, ilk növbədə cəmiyyətin etimadını özünə qaytardı. Ən vacib məsələ bundan ibarətdir. Dövlət təhlükəsizliyinə birbaşa cavabdeh olan keçmiş Milli Təhlükəsizlik Nazirliyi cəmiyyətdə daha çox şəxsi maraqlarının qorunması üçün çalışan bir struktur gördü. Həmçinin, keçmişləri bir o qədər təmiz olmayan insanların MTN-də rəhbər vəzifələrə təyin edilməsinin özü də böyük suallar doğururdu. Dövlətin təhlükəsizlik məsələlərindən daha çox biznes maraqları ilə məşğul olduğu haqqında cəmiyyətdə bir fikir formalaşmışdı. Bu baxımdan, nazirliklə bağlı cənab prezident tərəfindən nazirliyin bazasında iki yeni təşkilatın yaradılması razılıqla qarşılandı. Bu gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) əvvəlki təhlükəsizlik orqanlarının itirdiyi etimadını yenidən qazana bilib və buna inam var. Cəmiyyət MTN-ə xas olan bir sıra qüsurların DTX-da olmadığını görür. Eyni zamanda DTX-ya çox sayda vətənpərvər, hazırlıqlı gənclərin cəlb edilməsi DTX-nın ilk növbədə öz işi ilə konkret məşğul olmaq istəyini ortaya qoydu".

Xatırladaq ki, Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri də həbs ediliblər.

Onlar barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla, sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin müvafiq qərarları əsasında barələrində həbs-qətimkan tədbiri seçilib.

Geri qayıt