Əsas Səhifə > Partiya, Güney Press > "Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq?"
"Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq?"8-10-2016, 07:56 |
Milli Məclisin deputatı, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı parlamentin son iclasındakı çıxışına görə sərt tənqidlərə məruz qalır. Xanım deputatın internet televiziyaları barədəki sözləri sosial şəbəkələrin və mətbuatın müzakirə mövzularından birinə çevrilib. M.İbrahimqızı təklif edib ki, internet televiziyalarının fəaliyyəti barədə qanun qəbul olunmalı və onların fəaliyyəti bu qanunla tənzimlənməlidir. Oktyabrın 6-da internet media ilə bağlı keçirilən dəyirmi masada çıxış edən M.İbrahimqızı yenə də bu mövzuda sərt danışıb. Deputat sosial şəbəkələrdə və bütünlükdə internetdə nəşrlərə nəzarət tətbiq etməyə çağırıb: “İnsanlar mətbuatda sərhədi aşan, əxlaqımıza uyğun olmayan fikirlərdən beziblər. Təhqiramiz sözləri görəndə dəhşətə gəldim, görəsən biz beləyikmi? Dövlət atributlarımız haqda ağıllarına gələni yazırlar. İnsan hüquqlarının nə olduğunu bilməyən insanlar təhqiramiz fikirlərlə ziyalılarımızı cəmiyyətdə gözdən salmağa çalışırlar. Bunun qarşısı alınmasa, proses sürətlənə bilər”. M.İbrahimqızı internetdə nəşrlərə nəzarət üçün xüsusi monitorinq qrupunun yaradılmasını da təklif edib. Bu fikirlərindən sonra o, yenə də tənqid obyektinə çevrilib. Xüsusilə, facebookda xanım deputat daha çox tənqid olunur. Barəsində sərt tənqidlərlə bağlı M.İbrahimqızının mövqeyini aldıq. YAP-çı deputat nəzarət deyəndə senzuranı nəzərdə tutmadığını söylədi: “Küçə sözlərindən istifadə olunanda, mənəviyyatımıza zidd şəkillər qoyulanda buna etirazımı bildirirəm. Düşünürəm ki, kimsə əxlaqsız fikirlər səsləndirirsə, onun mənəviyyatı odur. İnsan insanla niyə təhqirlə danışmalıdır? Bu fikirlərim təkcə jurnalistlərə deyil, istənilən şəxsə aiddir. Bütün cəmiyyətlərdə əxlaqında belə problemi olan şəxslər var. Onları tərbiyələndirmək fikrimiz yoxdur. Belə insanlar tarix boyu olub, indi də var, bundan sonra da olacaq. Burada söhbət ziyalıdan, jurnalistdən, cəmiyyətdə tanınan şəxsdən gedir”. Xanım deputat onu təhqir edənlərə sərt cavab verdi: “Tənqid nə qədər istəyirlər etsinlər. Bacarıqsız, qabiliyyətsiz yazsınlar, buna heç zaman etiraz etmərəm. Bəlkə məni o cür tanıyırlar. Ola bilər ki, özümü düzgün tanıda bilməmişəm. Amma parlamentdəki çıxışımdan sonra paylaşılan şəkilləri görəndə dəhşətə gəldim. Onlar evdə ailələri ilə də o tərzdə davranırlar? Mənim 30-40 yaşım olsaydı, bəlkə də bu məsələlərdə bu qədər danışmazdım. Onların mənəviyyatsız hərəkətlərinə münasibət bildirməzdim. Mənim 58 yaşım var, nənəyəm. Öz övladlarım yaşında olan şəxslərə qarşı fikir bildirməyə haqqım çatır. Bizim minlərlə insanlarımız sosial şəbəkələri, həmin saytları izləyirlər. Elə şəkillər görmələri onların mənəviyyatına təsir edə bilər. Bu baxımdan normaların olmasını vacib saydım. Biz harada yaşayırıq ki, belə hallarla üzləşirik. Əlinə qələm alan şəxs ziyalı, məmur sayılırsa, belə şəxslər hərəkətlərinə diqqət etməlidirlər. İndiyə qədər mətbuatla heç bir problemim olmayıb. Niyə də olmalıdır? Bizim fəaliyyətimizi sizlər qiymətləndirir, cəmiyyətə çatdırırsız. Sizlər olmasaydı, bizləri heç kim tanımazdı. Məni kimlər tanıyırsa, mətbuatın vasitəsilə tanıyırlar. Amma ogünkü çıxışımdan sonra bəzi mətbuat orqanları barəmdə olmazın sözlərini yazdılar, sosial şəbəkələrdə təhqir olundum. Bunları sübut etmək üçün əlimdə screenlər var. Onları məhkəməyə də verə bilərəm, şərəf və ləyaqətimin pozulması ilə bağlı. Amma yenə də bunu vicdanıma buraxıram. İşlətdikləri ifadələr bizlərə yapışmır, ən yumşaq halda bu fikirləri işlədən şəxslər qınaq obyekti olurlar. Kim deyir ki, tənqid etməyin? Edin, amma normaları keçməyin. Mətbuat cəmiyyətin işığıdır, hamımızın buna ehtiyacımız var. Məlumatları mediadan alırıq, qısa zamanda dünyada və ölkədə gedən proseslərdən bunun vasitəsilə məlumat tuturuq. Sosial şəbəkələr, internet əsrində yaşayırıq. Təsəvvür edin ki, həmin şəxslərin instagram səhifələri bundan da dəhşətlidir. Mən Azərbaycan qadınıyam, bu ölkənin ziyalısıyam. Belə hallara göz yummamalıyıq? Bu əsla olmaz. Bir mətbuatdan xahiş edəcəm ki, onların paylaşdıqları fotoları, yazdıqları statusları dərc etsinlər. O zaman hər kəs görəcək ki, heç bir əxlaqlı insan belə şeylərdən istifadə etməz. İnsanların şəxsi həyatının toxunulmazlığı var. Elə şəxslər üçün mənəviyyat, dəyərlər yoxdur. Onların təhqirlərindən sonra yüzlərlə insanlar zəng edib, dəstək olduqlarını bildirdilər. Artıq onlar sərhədi keçiblər. İş o yerə çatıb ki, küçə söyüşlərini bu şəxslər adi sözlər kimi qarşılayırlar”. YAP funksioneri internet televiziyalarının fəaliyyətləri ilə bağlı təkliflərinin təhqirlərə məruz qalmasından sonra qaynaqlanmadığını da qeyd etdi: “Bu qətiyyən elə deyil. Əgər belə olsaydı, heç danışmazdım. Deyərdim ki, məni təhqir etmirlər, mənəviyyatıma toxunmurlar. Buna görə də nəyimə gərəkdir. Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq? On minlərlə izləyiciləri var, utanmırlar. Bunlara ana-bacılarımız baxırlar. Öz ailələrində həmin fotolardan, sözlər istifadə edirlər? İmzalarına hörmət etdiyimiz çoxsaylı jurnalistlər var. İndi bunları həmin jurnalistlərlə eyniləşdirək? İşlərim kifayət qədər çoxdur. Amma belə hallara göz yuma bilmərəm. Nizami Gəncəvi, Səməd Vurğun, Üzeyir Hacıbəyov və digər bu kimi tarixi şəxsiyyətlərimizdən yazırlar. Demək bunların məqsədi Azərbaycanın dəyərlərini məhv etməkdir. Bunlar milli mənəvi dəyərlərimizə terrordur". Geri qayıt |