Əsas Səhifə > Partiya, Güney Press > “Beynəlxalq Bank məsələsində Samir Şərifov da məsuliyyət daşıyır, başqa səlahiyyətli şəxslər də”

“Beynəlxalq Bank məsələsində Samir Şərifov da məsuliyyət daşıyır, başqa səlahiyyətli şəxslər də”


28-09-2016, 07:59
“Beynəlxalq Bank məsələsində Samir Şərifov da məsuliyyət daşıyır, başqa səlahiyyətli şəxslər də”
“Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmli ailə üzvləri ilə bərabər konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar Azərbaycanda keçirilən ümumxalq səsverməsində (referendum) iştirak edib.

Hacı İbrahim və onun ailə üzvləri - xanımı və 2 oğlu Bilgəh qəsəbəsində yerləşən 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 18 saylı seçki məntəqəsində səs veriblər. Prosesin ən maraqlı cəhəti isə onun məntəqəyə gül çələngi ilə gəlməsi olub.

“Yeni Müsavat”a müsahibəsində İ.Nehrəmli səsvermə günündəki bu qeyri-adi jesti, habelə gündəmdəki bəzi mövzular ətrafında danışdı.

- İbrahim bəy, səsverməyə bu cür qatılmaq öz ideyanız idi, ya piar menecerlərinizin tövsiyəsi ilə belə etdiniz?

- Mən hər bir hadisəyə qeyri-adi münasibət göstərirəm. İçimdən gəldi ki, bahalı maşınımı - "Rolls Royce" - sürüm, həyat yoldaşımı və uşaqlarımı da götürüm, gedək ailəlikcə, bir yerdə səs verək. İstədim ki, hamıdan fərqli olsun. Referendum, konstitusiya Azərbaycan üçün çox vacibdir. Ölkəmiz üçün vacib olan başqa bir məqam isə onun sabitliyidir. Stabillik olan yerdə pul da olur, yaxşı yaşayış da. Nəticədə ölkədə turizm də inkişaf edir, ölkədə xarici investisiya dövriyyəsi artır ki, bu da çox müsbət haldır. Ona görə də prezidentimizə bu səlahiyyətləri vermək çox lazımlı addımdır. Mən bunu ilk gündən alqışlayırdım. Ona görə də ürəklə getdim, gül çələngimi də apardım özümlə.

- Gül çələngini kimə verdiz içəridə?

- Konkret kiməsə vermədim ki. Dedim ki, salam, güllə gəlmişəm, olarmı? Dedilər, buyurun, elə bir qanun yoxdur ki, siz içəri gül çələngi ilə girə bilməzsiniz. Mən də çələngi götürüb girdim içəri, qoydum ordakı guşənin qabağına. Dedim ki, bu gözəl güllərə baxa-baxa seçkini keçirin, səsləri sayın, hesablayın, ovqatınız xoş olsun.

- Yəni bunun məntiqi nə idi ki?

- İçəri girən hər bir kəs bu gülləri görüb, əhval-ruhiyyəsini yaxşılaşdırsın. Məntiq bu idi. Amma yaxşı bir səsvermə idi. Şəffaf, ədalətli... Səs vermək istəyirsən? Al bülletenini, gir içəri, səsini ver. Bir adama yaxınlaşıb söz deyən yox idi.

- Maşını da özünüz sürüb gəlmişdiz seçkiyə?

- Xeyr. Sürücüm, köməkçim vardı. Arxamda da oğullarım, xanımım maşınla gəlirdilər. Dörd maşınla getmişdik. Hərə öz maşını ilə gəlmişdi seçkiyə.

- Bu mənzərə ilə mesaj vermək istəyirdiz ki, bankrot olmamısız?

- (Gülür) Əsla... Mən niyə bankrot olum ki? Bu gün Maliyyə Nazirliyinin hesabatlarına görə, mənim 2 milyard dəyərində əmlakım var. Əslində mən milyarderəm, amma tam rəsmiləşdirməmişik. Azərbaycanda iş adamı olaraq rüşvətsiz, öz ağlımla, zəhmətimlə özümə o sərvəti toplaya bilmişəm. Təkcə Xəzər adalarının 1 milyard 251 milyon 35 min 500 manat dəyəri var.

- Amma Xəzər adalarını sata bilmirsiz də..

- Niyə satıram ki? Xəzər adaları üçün oktyabr ayında investorların hamısı gələcək. 6 investor gələcək, görüşəcəyik, noyabr ayında işə başlayacağıq.

- Hazırda Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin məhkəməsi gedir. Sizin də o banka 400 milyon manat borcunuz vardı...

- Artıq yoxdur. Aqrokredit Banka keçmişəm, ilbəil ödəmələrimi edirəm. Mənim kreditlərim 2019-2020-ci ilə qədərdir. Onları da yavaş-yavaş ödəyəcəm. Yəni mənim heç bir bank ödəməsində gecikməm yoxdur, heç bir banka da ödənməmiş borcum yoxdur.

- Yəni sizi Cahangir Hacıyevin məhkəməsinə şahid, zərərçəkmiş qismində çağırmayacaqlar?

- Xeyr. Mənim cinayət işim olmadı axı. Mənim kreditlərimin vaxtı keçməmişdi. Mənim cəmi 1 milyon 350 min manat vaxtı keçmiş kreditim vardı. Gedib 1 milyon 500 min manat ödədim.

- Cahangir Hacıyevin məhkəməsini izləyə bilirsiz?

- İzləyirəm.

- Orda Cahangir Hacıyev bəyanat verir ki, “Samir Şərifov da mənimlə birgə müttəhimlər kürsüsündə oturmalıdır”. Siz prosesləri bilən adamsız. Nə dərəcədə doğru çağırışdır?

- O, Cahangir Hacıyevin öz işidir. Bu, onların daxili mətbəxi idi. Mən də o mətbəxi bilmirdim. Ona görə də indi fikir bildirib, müdaxilə edə bilmərəm. Amma bircə onu deyə bilərəm ki, Beynəlxalq Bank hamımızı “vurdu”. Təkcə Beynəlxalq Bankın yox, bütün bank sisteminin bir problemi var: Azərbaycanda bank sistemi öz öhdəliklərini yerinə yetirmir. Azərbaycanlı iş adamlarının bu gün yaşadığı bütün problemlərin başında banklar dayanır. Əlbəttə ki, burda maliyyə naziri də məsuliyyət daşıyır, başqaları da. Çünki onlar nəzarət etməlidirlər ki, banklar öz öhdəliklərini yerinə yetirsinlər. Onlara bunu söyləyən yoxdur. Məsələn, bank gəlib səndən 100 milyonluq obyekti girov götürür. Deyir ki, 80 milyon verməliyəm bunun əvəzində. Amma gətirib 8 milyon verir, sonra da pul vermir. Sən də gəlib deyirsən ki, qardaş, mən beton tökdürmüşəm, işim yarımçıq qalıb, nə edim? Deyir, gəl borcunu ödə. Ödəyə bilmirsən. O da ilin axırında gəlib sənə deyir ki, 2 milyon borcun yaranıb, gəl sənə kredit ayırım. Sonra da yazır ki, Hacı İbrahim 2 milyon ödədi. Bununla da sənin 10 milyon borcun oldu. O biri il yenə 2 milyon ayırır. Belə-belə sənin borcun artan silsilə şəklində gedir. Amma bu, iş adamını bankrot etdirmək, evini yıxmaq deməkdir. Axırda da aparıb onu cinayətkar gününə salır, üstünə maddə qoyurlar ki, sən dələduzluq etmisən, qanunu pozmusan.

- Sizcə, indiki mərhələdə bu problem həll olunubmu?

- Xeyr, Azərbaycanda bank sistemi düzəlməyib, düzəlməyəcək də. İnanmıram ki, hansısa bank gəlib deyə ki, mən öz öhdəliyimi yerinə yetirəcəm. Hələ bizdə o mədəniyyət inkişaf etməyib. Ona görə də banklarımız pis vəziyyətdədir. Onların iş adamına yanaşma tərzi düz deyil. Məmura yanaşma tərzi belədir ki, əgər o, rüşvət alırsa, banditdirsə, oğrudursa, çox ağıllı adamdır. Amma iş adamıdırsa, banditdir, oğrudur, quldurdur. Bu cür baxışla iş adamı ölkədə heç cür inkişaf edə bilməz.

- Bir iş adamı olaraq yaşadığınız bu problemlə bağlı dövlət başçısına müraciət etmək fikriniz varmı?

- Ölkə rəhbərliyi təkdir. Nə qədər adamı tutsun, cəzalandırsın? Biz ölkə rəhbərliyinə yardım etməliyik. Düşünürəm ki, bu referendumdan sonra çox adam ağıllanar, ağlını başına yığar, məsuliyyət hiss edər.

- Referendumdan sonra 3 vitse-prezidentin olacağı gözlənilir. O 3 nəfərin arasında kimləri görmək istəyərdiz?

- Birinci vitse-prezident yox, amma ikinci vitse-prezident olmaq istərdim. İş adamı kimi.

- Bəs birinci vitse-prezident olaraq kimi görmək istəyərdiz?

- O, mənim işim deyil. Cənab prezident kimi qoymaq istəsə, biz də onu dəstəkləyəcəyik. Amma vitse-prezidentlərdən birini iş adamlarından seçsəydilər, yaxşı olardı. Bununla da ölkədəki iş adamları özlərinə bir güvən tapardılar. Çünki bu halda onların qayğılarını, problemlərini prezidentə birbaşa çatdıran biri olacaq, onlar barəsində yanlış rəy çatdırmayacaq, yalan məlumat verməyəcəklər.

- Vitse-prezident olsanız, öncə hansı işləri görər, hansı islahatları edərsiniz?

- Cənab prezident qarşıma hansı vəzifəni qoysa, onu layiqincə yerinə yetirərdim. Bununla da həm cənab prezidentin, həm xalqın, həm də iş adamlarının etimadını doğruldardım. Əslində mən bu vəzifəni istəmirəm. Sadəcə, vitse-prezidentlərdən biri iş adamı olsun ki, iş adamlarına dəstək olsun.

Geri qayıt