Əsas Səhifə > Partiya, Güney Press > Türkiyə iqtidarı Azərbaycan müxalifətini siyahıdan silib?

Türkiyə iqtidarı Azərbaycan müxalifətini siyahıdan silib?


5-09-2016, 09:14
Türkiyə iqtidarı Azərbaycan müxalifətini siyahıdan silib?
Sentyabrın 1-də Türkiyənin Bakıdakı səfirliyində Zəfər bayramı münasibət ilə keçirilən bayram mərasimində ölkə ictimaiyyətinin nümayəndələri, hökumət rəsmiləri, media təmsilçiləri iştirak etsələr də, Azərbaycan müxalifətindən heç kimin orada olmaması diqqətlərdən yayınmayıb. Qardaş ölkənin səfirliyi buna qədər əlamətdar günlərdə Azərbaycan müxalifətinin liderlərinə də dəvət göndərirdi və həmin şəxslər mərasimlərdə iştirak edirdilər.

Bu dəfə isə bəlli olub ki, heç bir müxalifət partiyasına dəvət göndərilməyib.

Bəs, bu hadisə Türkiyə iqtidarının Azərbaycan müxalifəti ilə münasibətləri kəsməsi sayıla bilərmi? Müxalifət partiyalarının rəhbərləri dəvət edilməməklərini necə qiymətləndirirlər?
AXP sədri Pənah Hüseyn bildirdi ki, bayram tədbirinin sahibinin öz işidir kimi dəvə etmək və etməmək: “Ona görə də mən bu məsələyə xüsusi münasibət bildirmək istəmirəm”.

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, artıq bir neçə ildir Türkiyə səfirliyi KXCP-ni bu kimi tədbirlərə dəvət etmir. Ona görə də Zəfər bayramına dəvət edilməməkdən də təəccüblənməyib: “Türkiyənin bu tədbirə qədərki, sonuncu böyük elçisi burada fəaliyyətə başlayandan sonra şəxsən bizə heç bir bayram mərasimlərinə dəvət gəlməyib. Hətta Türkiyədə baş verənlərlə bağlı bizim açıqlamalarımıza belə etinasız yanaşılıb. Türkiyə ilə bağlı bizdən başqa heç kimin etmədiyi tədbirlər haqqında məlumat vermişik, buna da etinasız yanaşılıb. Ona görə də mənim maraq dairəmdə deyil ki, Zəfər bayramına kimi dəvət edib, kimi dəvət etməyib. Kimi dəvət etmələri onların öz daxili işləridir”.

AzDP sədri Sülhəddin Əkbər isə bildirdi ki, bu hadisənin səbəbləri var: “Azərbaycan və Türkiyə hökumətləri arasında müəyyən danışıqlar gedir. Azərbaycanın daxili işlər naziri ötən həftə Türkiyədə səfərdə oldu. Digər tərəfdən Türkiyə hökuməti Azərbaycandakı səfirini dəyişib. Azərbaycan hakimiyyəti müxalifət qüvvələrinə qarşı son vaxtlar yeni həbslər həyata keçirir. Dəqiqləşdirməyə ehtiyac var ki, müxalifətin dəvət edilməməsi yeni gələsi səfirin davranışıdırmı, o Ankaradan belə təlimat alıbmı, yoxsa Azərbaycan hakimiyyətinin Türkiyə hakimiyyəti ilə apardığı danışıqların nəticəsidir. Yəni Azərbaycan hakimiyyətinin fürsətdən istifadə edib Azərbaycan müxalifəti ilə Türkiyə hakimiyyəti arasında əlaqələri kəsmək cəhdidir? Bunu dəqiqləşdirmək lazımdır. Bu, müvəqqəti tətbiq olunmuş təlimat da ola bilər. Türkiyədə fövqəladə hal hökm sürür. Ola bilsin ki, buna uyğun davranış sərgilənib”

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Azərbaycan müxalifətinin içində də Gülən hərəkatı ilə əlaqəli qrupun olduğu iddia edilir. Belə bir vəziyyətdə Türkiyə səfirliyi dilemma qarşısında qalıb müxalifəti parçalamaq istəməyib. Ona görə də heç kimə dəvət göndərməməyin məqbul yol olduğunu düşünüblər: “Biz bu addımdan inciməmişik. MHP başqanı Dövlət Baxçalının baş nazirin müavini olduğu dövr xaric, Türkiyə iqtidarı Azərbaycan müxalifəti ilə əlaqə saxlamayıb, əməkdaşlıq etməyib. Türkiyə iqtidarı üçün öncə Azərbaycan maraqlıdır. Azərbaycan maraqları baxımından isə təəssüf ki, onlar yalnız iqtidarla əməkdaşlığı düzgün taktika sayır. Bu taktika indi də davam edir. Hesab edirəm ki, doğru taktika deyil. İqtidarla yanaşı müxalifətlə də əməkdaşlıq etmək daha uğurlu taktika ola bilər”.

VİP sədri Əli Əliyev bildirdi ki, Türkiyənin Azərbaycan nümayəndəliyi ölkədaxili siyasi proseslərə ehtiyatla yanaşır. Bundan əvvəlki səfir də müxalifətdən məsafələnməyi çox vacib davranış tövrü kimi nümayiş etdirirdi. Lakin görüntü xatirinə də olsa, müəyyən siyasi təşkilatları rəsmi protokollarda saxlayırdı: “Yeni səfir Azərbaycana Türkiyədəki çevriliş cəhdindən sonra təyinat alıb. FETÖ-çülərə qarşı Azərbaycan hökumətinin də hərəkətlərinin şahidi olduq. Təbii ki, bunun qarşılığında AKP hökuməti də rəsmi Bakının ”sarı simi"nə həssas yanaşmalıdır, yanaşır da. Hakimiyyətimizin fobiyası müxalifətdəndir. Bu zərif nöqtəni də Bakıya gələn səfirlər də, diplomatlar da, rəsmilər də uzun illərdir gözləyirlər. Qəbulda müxalifətin görünməməsi də belə qarşılıqlı davranışların təzahürüdür. Məhəlli baxımdan Türkiyənin davranışı düz olsa da, strateji mənada yanlışdır. Türkiyəyə güclü Azərbaycan lazımdır. Siyasi müxalifətsiz və güclü siyasi sistemsiz güclü Azərbaycan ola bilməz. Bunu Ərdoğan bilməmiş deyil. İnanıram ki, vaxtı yetişdikdə bu ziyanlı davranış dəyişəcək. Ona görə Türkiyə səfirliyinin protokoluna və münasibətinə müvəqqəti yanaşılmalıdır".

Qeyd edək ki, sonuncu Zəfər bayramına qəzetimizdən iki təmsilçi dəvət edilmişdi. Onlar müxbirimizə deyiblər ki, Bakıdakı bayram tədbiri gecikməli olub: “Bakıda tərtiblənən bayram törəni vaxtından iki gün sonra baş tutub. Bu da Türkiyədəki hadisələrlə bağlıdır. Eyni zamanda, Azərbaycana yeni təyin olunan səfir hələ Bakıya gəlməyib. İndiki səfir də həmin günlərdə Bakıda yox idi. Görünür, bu cür qeyri-müəyyənlik dəvət siyahılarına da təsir edib. Bakıdakı Türkiyə səfirliyi bizim doğma evimizdi. Orada Azərbaycandan kimlərin dəvət olunub-olunmamasının önəmi azdır. Əsas olan Türkiyənin mövcud durumdan az itki ilə çıxması, daha da güclənməsi və problemlərdən arınmasıdır. Biz Türkiyəyə müxalifət-iqtidar düşərgəsindən baxmamalıyıq. Biz Türkiyəni şərtsiz, iqtidarların və səfirliklərin keçici münasibətlərindən asılı olmadan sevməliyik və sevirik”.

Geri qayıt