Əsas Səhifə > Partiya, Güney Press > Etibar Əliyevdən Əli İnsanovla bağlı sərt mövqe

Etibar Əliyevdən Əli İnsanovla bağlı sərt mövqe


1-09-2016, 08:35
Etibar Əliyevdən Əli İnsanovla bağlı sərt mövqe
Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova yenidən cinayət işinin açılması mətbuatda bəzi müzakirələrə yol açdı. Bunlardan biri də Ə.İnsanovun həmyerlilərinin onun barəsində susması oldu. “Yeni Müsavat”ın əməkdaşı qərbi azərbaycanlı kökənli bir neçə tanınmışa zəng edərək sabiq naziri müdafiə edib-etməmələrini soruşmuşdu. Onlardan bəziləri bu mövzuda danışmaqdan imtina etmişdi. Yalnız “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a danışmış, məsələyə öz mövqeyini bildirmişdi.

Bundan sonra Qərbi Azərbaycandan olan təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev “Yeni Müsavat” qəzetinə müraciət edərək mövzu ilə bağlı öz mövqeyini bildirib:

“Keçmiş səhiyyə naziri Əli İnsanovun yerliləri olan bir neçə tanınmış şəxsə sabiq nazirlə bağlı danışmaları üçün müraciət edilməsi haqqında ”Yeni Müsavat" qəzetində yazı oxudum. Məqalədə bildirilirdi ki, onlar bu mövzuda danışmaqdan imtina ediblər. Deyiblər ki, mətbuatda adlarının sabiq nazirlə yanaşı çəkilməsini istəmirlər. Əslində bu, reallıqdır. Ancaq həmin bölgəni təmsil edən şəxs kimi bu barədə fikirlərimi qısa şəkildə yazıb sizə göndərirəm.
Əli İnsanovu yeri gəldi-gəlmədi qərbi azərbaycanlıların ağsaqqalı hesab edirlər. Bilirsiniz, ağsaqqal məsələsi çox mürəkkəb məsələdir. Ailənin, nəslin ağsaqqalı olmaq mümkündür. Ancaq regionun ağsaqqalı olmaq, absurddur. Regionun ağsaqqalı olmaq üçün gərək regionu təmsil edən bütün insanların qayğısına qala biləsən. Əli İnsanov 12 il səhiyyə naziri vəzifəsində çalışıb. Belə çıxır ki, o, öz sahəsində regionun ağıllı və qabiliyyətli nümayəndələrini işə götürüb, yaxud başqa yerlərdə onların işlə təmin olunmasına çalışıb?

Biz həmin illərin canlı şahidləriyik və onun regionun hansı keyfiyyətlərə malik olan insanlarını dəstəklədiyini çox gözəl bilirik. Təvazökarlıqdan uzaq, yeri gəlmişkən, özümlə bağlı bir məsələni deyim. Misir Mərdanov da bizim regionun adamıdır. O, qanunsuz olaraq məni işdən çıxarmışdı. Belə çıxır ki, regionun ağsaqqalı onu tənbeh etməli idi. Özü də mən pis təhsil işçisi deyildim. Amma Əli İnsanov məni müdafiə edib, Misir Mərdanovu tənbehlədimi? Yox. Əvəzində nə etdi? Dəhşətə gəlmişdim. Əli İnsanov mənim işdən çıxarılmağıma hüquqi don geyindirmək üçün poliklinikadan mənə verilən qanuni bülleteni ləğv etdirdi. Bu, bəlkə də tibb sahəsində yol verilən ən əcaib hallardan biri idi. Belə olan halda konkret olaraq o, necə mənim ağsaqqalım ola bilər?! Yaxud mən onu necə müdafiə edim? Bunu qoyaq bir tərəfə, müdafiənin mənası nədir? Əslində dövlətdə böyük vəzifələr tutan adamlar siyasətlə məşğul olmamalıdırlar. Hansısa Amerika sosioloqunun maraqlı fikri var: “Kimin pulu milyonu ötdüsə, o özü də bimədən siyasətə girişir”. Buna görə də qərbi azərbaycanlıları qınamayın. Kiminsə siyasətin burulğanına düşməsi mənim və başqalarının problemi deyil".

E.Əliyev bildirir ki, indiyədək qərbi azərbaycanlıların adından kifayət qədər imitasiyalar edilib: “Ayaz Mütəllibov hakimiyyətini möhkəmləndirmək üçün bu kartdan istifadə edərək bir çox vəzifə düşkünlərini ətrafında toplamağı bacarmışdı. Yəni bizi özünün elektoratına çevirmək üçün təbliğatını qura bilmişdi. Sonra nə oldu - bunu da hamımız bilirik. Hansısa regionun insanlarının adından sui-istifadənin bumeranq effekti yaman pis olur.

Dövlətdə sabitlik yarandıqdan sonra seçkilərdə regional faktor sıradan çıxdı. Bu, təbii idi. Yürüdülən səriştəli siyasət bu kabusu aradan qaldırdı. Əslində bu, rasional düşünən bütün insanların istəyidir. İndi heç kim deyə bilməz ki, mən hansısa regionun ağsaqqalıyam. Bu paradiqma artıq işləmir. Yaxud hansısa region dayanıqlı elektorat kimi seçkidə məsələləri həll etmir. Ümumxalq səsverməsi var, vəssalam. Sual olunur, bizdən başqa digər regionların “ağsaqqalı”nın olmasını kimsə eşidibmi? Əlbəttə ki, yox. Onda bizim regiona nə düşüb?"

Geri qayıt