Əsas Səhifə > Partiya, Güney Press > Moskvada İbrahimbəyovla ilginc Milli Şura müzakirələri
Moskvada İbrahimbəyovla ilginc Milli Şura müzakirələri29-06-2016, 09:13 |
AXCP funksioneri Sahib Kərimli Moskvada Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla görüşüb. Bu barədə o, öz feysbuq səhifəsində məlumat yayaraq, kinorejissorla fotosunu paylaşıb. Son dəfə Azərbaycana qardaşının-xalq yazıçısı Maqsud İbrahimbəyovun dəfninə gələn Milli Şuranın fəxri sədri uzun müddətdir gündəmdə deyil. Passiv siyasi fəaliyyəti onun özünün seçdiyini desək daha doğru olar. S.Kərimli ilə İbrahimbəyovla görüşü barədə söhbət etdik. AXCP funksioneri əvvəlcədən görüşü planlaşdırdıqlarını bildirdi: “Görüş mənim təşəbbüsümlə oldu. Rüstəm müəllimə zəng etdim, görüşmək istədiyimi bildirdim. Normal müzakirələr apardıq, maraqlı söhbətimiz alındı. Rüstəm müəllim ölkəsində normal cəmiyyət, idarəetmə görmək istəyir. Danışıqlarımız əsasən bu yöndə oldu. Onunla son proseslər, 2013-cü ildəki prezident seçkiləri, eləcə də həmin ildə prezidentliyə namizədliyi ilə bağlı müzakirələr apardıq. Suallarımı verdim, cavablarımı aldım. O, ölkəmizin tanınmış ziyalısıdır. Rüstəm müəllim istəyir ki, Azərbaycan demokratik bir ölkə olsun, hakimiyyət xalqa xidmət etsin. Mən onunla Milli Şura üzvü, o da sədr kimi mənimlə görüşdü. Burada qeyri-adi heç nə yoxdur. Milli Şuranın fəaliyyəti, ölkədəki siyasi düşərgənin səfərbər olunması, demokratik dəyişikliklərə start verilməsi ilə bağlı geniş müzakirələrimiz oldu. Təmsilçisi olduğum AXCP və Milli Şuranın əvvəlcədən mənim Rüstəm müəllimlə görüşümdən xəbərlərinin olduğunu deyə bilmərəm. Görüşüm AXCP-də heç bir narazılıqla qarşılana bilməz. Mən görüş üçün Rüstəm müəllimə telefon açanda o, Cəmil Həsənli ilə birlikdə idi. Cəmil müəllimlə görüşüm orada olmasa da, yəqin ki, Rüstəm müəllim ona dedi. Rüstəm İbrahimbəyov kifayət qədər tolerant, liberal dəyərlərə sadiq olan birisi kimi, mənim AXCP daxilindəki məlum fəaliyyətimdə qeyri-adi heç nə görmür. O, ölkədə güclü siyasi qurumların olmasında maraqlıdır. Bu yolla demokratiyanın bərqərar olacağına inanır. Onun Azərbaycana gəlməsi ilə bağlı heç bir problem olmamalıdır. Qardaşının dəfn mərasimində iştirak etdi. O, yaradıcı şəxsdir. Görüşümüz də elə kino mərkəzində oldu. Hazırda yaradıcı fəaliyyətlə məşğuldur”. Sahib bəy Milli Şuranın fəxri sədrinin Azərbaycandakı siyasi qüvvələr arasında növbəti böyük birliyin yaranmasını istədiyini söylədi: “Rüstəm müəllim Milli Şura yaranarkən bu qurumun ətrafında böyük müxalif birliyin bir araya gəlməsində xidmətləri olmuşdur. Bu gün də istəyir ki, daha böyük bir müxalifət birliyi yaransın”. S.Kərimli kinorejissorun Rusiya-Türkiyə münasibətləri ilə bağlı pozitiv düşüncədə olduğunu da qeyd etdi: “Regionda gedən gərgin münasibətlərin sonda demokratik proseslərə gətirib çıxaracağına inanır. Rusiyadakı ermənilərlə bağlı müəyyən söhbət apardıq. Bu yöndə bilgilərimi artırmaq üçün suallarım oldu. Rusiyadakı ermənilərin, eləcə də Azərbaycan diasporalarının fəaliyyətləri ilə bağlı danışdıq. Müqayisələr oldu” Geri qayıt |