Əsas Səhifə > Partiya, Güney Press > "Partiya sədrliyindən getməyim demokratiya yox, xəyanət olar"
"Partiya sədrliyindən getməyim demokratiya yox, xəyanət olar"10-06-2016, 12:21 |
Azərbaycan Demokrat Partiyası (ADP) Ramazan ayından sonra növbəti qurultayını keçirməyi planlaşdırır. Bunu Trend-ə ADP sədri Sərdar Cəlaloğlu deyib. S.Cəlaloğlu bildirib ki, indi Ramazan ayı olduğu üçün partiyada hamı bir aylıq məzuniyyətə çıxıb: "Məzuniyyətdən qayıtdıqdan sonra partiyanın qurultayını keçirməyi planlaşdırırıq. Ramazandan sonra qurultayın təşkilat komitəsini, çağırılma vaxtını, prosedurlarını müəyyənləşdirəcəyik və qurultayın keçirilməsi ilə bağlı lazım olan işləri görəcəyik". S.Cəlaloğlu partiya sədirliyinə yenidən namizədliyini irəli sürəcəyini də bildirib: "Təbii ki, mən öz namizədliyimi irəli sürəcəyəm, çünki həm ölkədəki ictimai-siyasi vəziyyət baxımından, həm də ümumiyyətlə, partiyamızdakı durum baxımından indiki halda partiyada qalmağımı, şəxsən özümün sədrlik etməyimi zəruri hesab edirəm. Düzdür, partiya sədrliyi üçün başqa namizədlər olacaq, amma mənim sədrlik etməyim daha məqsədəuyğundur. Azərbaycanda belə bir təcrübə var: bir sıra siyasi partiya liderləri formal demokratiya nümayiş etdirərək tutduqları postu tərk etdilər. Misal üçün, Lalə Şövkət, Etibar Məmmədov, İsa Qəmbər bu addımı atdı və qısa müddətdə bu partiyaların nə qədər böyük itkilərə məruz qaldığının, nə qədər zəiflədiyinin, siyasi səhnədən çıxmağının şahidi olduq. Hesab edirəm ki, indi də Azərbaycan Demoktarik Partiyasına eyni aqibəti yaşatmaq demokratiya yox, əksinə, xəyanətdir. Çünki əgər mən gedəcəyəmsə, partiya indikindən pis duruma düşəcəksə, nə üçün partiyanı belə məhv etməliyəm?!" ADP sədri bildirib ki, formal demokratiya faktiki demokratiyanın ən böyük qüsurlarından biridir: "İndiki vaxtda öz təcrübəmi, ağlımı, intellektimi, öz xalqıma, dövlətimə bağlılığı bir kənara qoyub formal oyunlara girməyi tamamilə yanlış hesab edirəm. Digər liderlərə də vaxtilə bunu demişdim. Həm Lalə Şövkətə, həm də İsa Qəmbərə dəfələrlə təkidlə demişdim ki, indiki mərhələdə formal demokratiyaya getmək olmaz, faktiki ictimai-siyasi vəziyyəti nəzərə almaq lazımdır. Başqalarına məsləhət gördüyümü indi özüm icra etməsəm, bu, tamamilə yanlış addım olar". Geri qayıt |