Əsas Səhifə > Partiya, Güney Press > AXCP üçün Elçibəy kimliyi əhəmiyyət kəsb etmir?

AXCP üçün Elçibəy kimliyi əhəmiyyət kəsb etmir?


17-05-2016, 09:27
AXCP üçün Elçibəy kimliyi əhəmiyyət kəsb etmir?
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy haqqında dedikləri gündəmdən düşmür.

Pənahlının açıqlamalarından bir həftə ötsə də, hər keçən gün onun fikirlərinə qarşı çıxanların sayı çoxalır, yeni-yeni simalar prosesə qoşulur.

Demək olar ki, ölkənin bütün demokratik düşərgəsi Nemət Pənahlının dediklərinə susqun yanaşmır, açıq şəkildə mövqelərini ifadə edirlər. Hətta iqtidaryönlü bəzi şəxslər tərəfindən də məsələyə münasibət bildirilir. Yalnız bir müxalif camiədən başqa...

Belə ki, özlərini Elçibəyin varisləri sayan, onun qurduğu partiyaya rəhbərlik etdiklərini deyən AXCP və qurumun mətbuat orqanı funksiyasını icra edən “Azadlıq” qəzeti susdu. Özü də danışmaq haqları bəlkə də, ən çox onlarda idi. Çünki Elçibəyin qurduğu partiyanın yeganə varisləri kimi özlərini təqdim edənlər yalnız onlardır...

AXCP və “Azadlıq” qəzetinin bu susqunluğu ictimaiyyət arasında da əsas müzakirə obyektinə çevrilib. Maraqlıdır ki, əsasən AXCP-dən ibarət olan Milli Şura da baş verənlərə biganə yanaşdı. Bir siyasi qurumun lider sandığı şəxsə qarşı Pənahlının ittihamlarını indiyə qədər hakimiyyət belə etməmişdi. Bundan ağır təhqir AXCP üçün olmazdı. Ölkədə baş verən istənilən hadisənin istisi soyumamış, AXCP sədri Əli Kərimlinin dərhal hadisə ilə bağlı sosial şəbəkələrdə statusu görünür. Amma bu dəfə Kərimli N.Pənahlıya cavab vermək iqtidarında olmadı. Nədən? Bu sualın arxasında gizlənən həqiqətlərdən kimsənin xəbəri yoxdur. Sadəcə, bəzi iddialar var.

Şübhəsiz ki, AXCP məsələyə adekvat cavab versəydi, bu, “Azadlıq” qəzetində dərhal dərc olunardı. Kərimlinin nəzarətində olan bu mətbuat orqanının mövqeyi müəyyən mənada başa düşüləndir. Yeganə başa düşülməyən nüans Elçibəyi özünə mənəvi lider seçən, zamanında ona ən yaxın şəxslərdən biri olan, qurduğu partiyanın ikinci şəxsi funksiyasını daşıyan Kərimlinin mövqeyidir. Maraqlıdır ki, bütün günü sosial şəbəkələrdə Elçibəydən paylaşımlar edən cəbhəçilər də Nemət Pənahlının ittihamlarına münasibət bildirmədilər. Görünür, tapşırıq çox ciddi olub...

Kərimli və Pənahlının eyni binada yaşadıqları heç kəsə sirr deyil. Çoxları qonşuluq əlaqələrinin “Kərimli susqunluğu”na səbəb olduğunu istisna etmir. Amma nəzərə alsaq ki, burada söhbət milli-azadlıq hərəkatının liderindən gedir, artıq şəxsi maraqlar arxa plana keçir.

Bu məsələnin fonunda maraqlı bir məqam da diqqət çəkir. İndiyə qədər Nemət Pənahlının Elçibəy haqqında istər sağlığında, istərsə də ondan sonra olsun, ittihamları çox olub. Hər birində də Kərimli və çevrəsinin sərt təpkisi olub. Amma bu dəfə situasiyamı dəyişdi, yaxud dəyişən nəsə oldusa, AXCP düşərgəsi ittihamları qulaqardına vurdu.

Belə nəticəyə gəlmək olar ki, siyasi maraqlar naminə Elçibəyin şəninə təriflər yağdırmaq heç nəyi dəyişmir. Zamanında ona qarşı “Yurd” adı altında “iş çevirmək”lə bağlı ittihamlar belə məqamlarda xatırlanır və tarix faktları çılpaqlığı ilə üzə çıxarır. Bəlkə də Kərimli siyasi maraqları naminə, yəni Nemət Pənahlı kimi şəxslə münasibətləri korlamamaq üçün belə addım atdı. Nə də olmasa, gələcəkdə Nemət bəyin Milli Şuraya qatılmaq məsələsi də gündəmə gələ bilər. Belə imkanları əldən verməmək üçün lider “satqın”çılıqda suçlananda Əli Kərimli kimi susmaq da olar...

P.S. AXCP və “Azadlıq” qəzetindən məsələ ilə bağlı mövqe öyrənmək mümkün olmadı. (musavat.com)

Geri qayıt