Əsas Səhifə > Partiya, Güney Press > "Araz Əlizadə kimdir? O, bəstəkardır?.. Hərə öz işi ilə məşğul olsun..."

"Araz Əlizadə kimdir? O, bəstəkardır?.. Hərə öz işi ilə məşğul olsun..."


2-04-2016, 10:01
"Araz Əlizadə kimdir? O, bəstəkardır?.. Hərə öz işi ilə məşğul olsun..."
“100 il bundan qabaq yazılmış dövlət himnimizin “ora-burası düz deyil, musiqisi pisdir” demək səhv yanaşmadır. Araz Əlizadə kimdir? O, bəstəkardır?.. Hərə öz işi ilə məşğul olsun... Musiqi mədəniyyəti deyilən bir şey var. Əgər kimsə musiqini, onun tonallığını tənqid edirsə, ən azı musiqiçi olmalıdr. Musiqidən xəbəri olan da, olmayan da ağzına nə gəldi danışır”.

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyev son günlər dövlət himni barədə tənqidi fikirlərə münasibət bildirərkən deyib.

Deputat həmkarı Araz Əlizadənin Azərbaycan himni ilə bağlı səsləndirdiyi neqativ fikirləri pisləyən Ağacan Abiyev eyni zamanda Milli Konservatoriyasının rektoru Səyavuş Kərimiyə də cavab verib. Deyib ki, o, himn əvəzinə bir major mahnı yazıb xalqa təqdim etsin:

“Əgər Səyavuş Kərimi belə fikirləşirsə ki, himn bu gün üçün yararsıdır, onda bunun əvəzinə başqa bir major musiqi yazıb xalqa təqdim etsin. Deyrlər təzə himn yazılsın... Yox, bəlkə hələ bir film də çəkək?.. Belə də şey olar ?.. Azərbaycan Respublikasının dövlət himni vaxtı ilə müzakirə olunaraq, qəbul edilib. Ona toxunmaq olmaz. Bu yolverilməzdir.

Himn ölkənin bütün sahələrini, dövlətin mədəniyyətini, incəsənətini, elmini insanlarını təmsil edir.

Azərbaycanın dövlət himni dahi Üzeyir bəy tərəfindən yazılıb. Himnimizin gözəl sözlərini də böyük şairimiz Əhməd Cavad bizlərə miras qoyub gedib”.

Deputat qeyd edib ki, Azərbaycanı sevən insanlar bu cür fikirlər səsləndirməz:

“Bu gün Azərbaycanın inkişafını istəyənlər və vətəni sevənlər bu cür populist çıxışlar etməz.

Amerikanın himni 250 il bundan qabaqkı kimidir. Harada yazılıb ki, dövlət himni dövlətin inkişafı ilə əlaqədar dəyişməlidir. Azərbaycan 1918-ci ildən bu yana inkişaf edir və dəyişir. Amma bu o demək deyil ki, dövlətin qəbul etdiyi milli himnimiz dəyişilməlidir. Himni dəyişməklə nə əldə edirsən sən?..”

Ağacan Abiyev deyib ki, dövlət himni haqqında bu cür fikirlər səsləndirənlər onların formada olmadığını göstərir:

“Bəzi adamlar özlərinin formada olmadığını gizlətmək üçün bu cür fikirlər səsləndirirlər. Bu yenilik deyil. Mən heç bir dövlətdə himnin dəyişildiyini eşitməmişəm.

Hər bir Azərbaycan vətəndaşının da , deputatın da azad söz demək hüququ var. Amma deyilən söz və fikir 50 faizdən az səs qazanırsa, xalq tərəfindən dəstəklənmirsə, bu, yalnız mənasız və boş söz olur. Mən 9 milyon azərbaycanlıdan biriyəm. Məndən soruşursunuzsa, mən himnin musiqisinin, yaxud sözlərinin dəyişilməsinin qəti əleyhinəyəm.

Himn xalqın, millətini və dövlətin toxunulmaz simvoludur. Simvol bir dəfə yaranır və özünə yer tapır. Himnimizin musiqisi də, sözləri də yetərincə gözəldir. Ruslar dəyişsinlər də, niyə dəyişmirlər? Bu gün Çar Rusiyasi ilə müasir Rusiya arasında fərq olsa da, amma yenə də himnlərinə toxunmayıblar”.

Geri qayıt