Əsas Səhifə > Partiya, Güney Press > Rəsul Quliyev ölkəyə qayıtmaq, yoxsa müxalifət lideri olmaq istəyir?
Rəsul Quliyev ölkəyə qayıtmaq, yoxsa müxalifət lideri olmaq istəyir?23-02-2016, 08:59 |
Amerikada mühacirətdə yaşayan sabiq spiker Rəsul Quliyev facebookda paylaşdığı özçəkim videoları ilə gündəmə gəlib. İlk videosunda Azərbaycan xalqı üçün gərəkli bir siyasətçi olduğu, eləcə də lideri xalqın seçdiyini deməsi onu ciddi tənqid atəşinə tuş gətirmişdi. Son videosunda isə eks-spiker konkret hədəfini müəyyənləşdirib. O, Azərbaycan müxalifətini və özlərini müxalifət liderləri hesab edən Milli Şura rəhbərliyini top atəşinə tutub. Quliyevin videolarına münasibət ictimaiyyət arasında birmənalı olmayıb. Onun fikirlərini həqiqət sayanlar da var, inkar edənlər də. Milli Məclisin keçmiş sədri Milli Şuranın 2013-cü ilin prezident seçkilərindən sonra süqut etdiyini, hazırda AXCP üzərində dayanan mövcud qurum olmadığını açıq şəkildə bəyan edib. Maraqlıdır ki, Quliyevin fikirlərinə Azərbaycan müxalifətinin böyük kəsimi öz fikrini bildirib, yalnız Milli Şuradan başqa. Bu qurum, sadəcə, susur. Bu isə hər kəsdə sual yaradır. Çünki AXCP-dən ibarət olan bu qurumun rəhbərliyi, eləcə də tərəfdarları ölkədə qarayaxma kampaniyası aparmaqda mahirdirlər. Amma indi sabiq spikerin ittihamlarını görməməzlikdən gəlirlər. Bu da parlamentin sabiq sədrinin Milli Şura ilə bağlı fikirlərində həqiqət axtaranların sayının çoxalmasına səbəb olub. Əksəriyyət son günlərdə Rəsul Quliyevdə dəyişiklik yarandığı qənaətindədir. Belə ki, son 20 ildə ölkədə olmayan sabiq spiker indiyə qədər Azərbaycanda keçirilən prezident və parlament seçkiləri ərəfəsində gündəmə gəlməyə üstünlük verib. Amma indi o, taktikanı dəyişib. Daha çox sosial şəbəkələrdə qalmaqal yaradan videoları ilə gündəmə gəlməyə çalışır. Buna isə dolayısı yolla nail olur. Çoxları hesab edir ki, Quliyev Azərbaycana qayıtmaq üçün bu yolu seçib, yəni müxalifəti sərt tənqid etmək yolunu. Əks düşünənlər də var. Bir kəsim də hesab edir ki, eks-spiker müxalif camiə daxilindəki boşluqdan istifadə edib, yenidən lider kimi meydana çıxmağı düşünür. Bunun üçün münbit şərait də yetişib. Belə ki, hazırda demokratik düşərgə paramparçadır. Xalq isə lider axtarışındadır. Bu versiyaların hər birində dolayısı yolla həqiqət axtarmaq mümkündür. Politoloq Natiq Miri hesab edir ki, Rəsul Quliyevin videosunda bir neçə hədəf nöqtəsi var: “Hədəflərdən biri müxalifət düşərgəsidir. Əgər ölkədə müxalifət yoxdursa, bu haqda danışmağa dəyməz. Əgər danışılırsa, demək, bu güc mərkəzləri var. Son devalvasiya və hakimiyyət daxilində müəyyən parçalanmaların olması Rəsul Quliyevin hakimiyyət dövrünün başlamasına bir rəvac verib. O, Azərbaycanın siyasi müstəvisinə yenidən atılmaq, öz elektoratını formalaşdırmaq istəyir”. N.Miri sabiq spikerin Milli Şura barədə dediklərinin reallığı əks etdirdiyini də qeyd etdi: “Milli Şura deyilən siyasi güc mərkəzi yoxdur. Bu qurumun nüvəsi AXCP-dir. Əgər söhbət bu partiyadan gedirsə, bu qurum Əbülfəz Elçibəy dönəmindən sonra sadəcə bir marginal qrupa çevrilib. Ona görə də bu marginal qrup dünyanın maliyyə güclərinin əlində alətə çevrilib. Bu qurumun gələcək perspektivini də görmürəm. Amma buna müqabil ölkədə güc mərkəzləri var. Hazırda bu istiqamətdə yeni-yeni güc mərkəzləri formalaşmaqdadır. Rəsul Quliyevin Milli Şura barədə dediklərini mən də təsdiq edirəm”. Politoloq Quliyevin İsa Qəmbər, Əli Kərimli və Cəmil Həsənli barədə dediklərinə də toxundu: “2005 və 2013-cü illərdəki birliyi dağıdan AXCP oldu. Bunu siyasi proseslərdə iştirak edən hər kəs bilir. Bilavasitə Əli Kərimlinin rəhbərlik etdiyi bu qurum birliyi məhv etdi. İddialar həddən artıq çox idi. Kərimli 72 deputatdan artıq yer tələb edir, bir növ parlamenti ələ keçirmək istəyirdi. Amma İsa Qəmbər tamam fərqli düşünürdü. Buna baxmayaraq, İsa bəy də təəssüf ki, prosesin girovuna çevrildi. Nəticədə prosesi dayandıra bilmədi. Eyni prosesi 2013-cü ildə də gördük. Milli Şuranın Rusiya projesi olduğunu bilən İsa Qəmbər Müsavatın bu qurumdan çıxmasına qətiyyət göstərmədi. Sadəcə, İsa Qəmbər müxalif birliyə zərbə vuracaq ittihamlarına görə Milli Şura ilə sona qədər seçkilərə getdi. Seçkilərdəki məğlubiyyətdən sonra İsa Qəmbər Milli Şuranı dərhal tərk etdi. Amma İsa bəy Müsavatla seçkilərə qatılmalı idi. 2005-ci ildə buraxılan səhvlər 2013-də təkrarlandı. Amma bu yanlışlıqların yeganə səbəbi Müsavat və İsa Qəmbər deyil. Əli Kərimli ilə İsa Qəmbəri eyniləşdirmək doğru deyil. Kərimlinin yanlışlarını İsa bəy düzəltməli idi. Etik normaları qoruyan, ittihamlara məruz qalmaq istəməyən İsa Qəmbər bəzi proseslərə göz yumdu. Nəticədə bugünkü parlamentdə bir nəfər də olsun, təmsil olunmayan müxalifət yarandı”. Geri qayıt |