Əsas Səhifə > Partiya, Güney Press > “Adım qədər əminəm ki, Əli Kərimlinin deyilən videosu var”
“Adım qədər əminəm ki, Əli Kərimlinin deyilən videosu var”18-02-2016, 11:42 |
AXCP sədri Əli Kərimlinin xəyanətkar olması və etdiyi satqınlıqlarla bağlı iddialar gündəmdən düşmür. Belə ki, Yeni Azərbaycan Partiyası icra katibi müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun sözügedən şəxsin xəyanətləri, hakimiyyətlə danışıqlara getməsilə bağlı əlində kifayət qədər ciddi sübutlar olduğunu açıqlaması bir neçə şəxsin ona dəstək çıxması ilə nəticələndi. Xatırladaq ki, YAP rəsmisi bildirmişdi ki, 2000-ci ildə Əli Kərimli dəfələrlə yüksək vəzifəli rəsmi şəxslərlə xaricdə görüşmək arzusunda olduğunu bəyan edib: “Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı “Xankəndi” restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var. Əli Kərimli şəxsi mənafeyi naminə ömrü boyu öz dostlarını, yoldaşlarını satmaqla məşğul olub”. Bu fikirləri təsdiq edənlərdən biri də bir müddət öncə Ə.Kərimlinin müavini, sağ əli hesab olunan, hazırda isə əsil AXCP adına iddia edən və özünün AXCP-sini təsis edən Razi Nurullayevdir. Belə ki, o da S.Novruzovun dediklərinə qoşulur və keçmiş sədrinin hakimiyyət nümayəndələrilə görüşünü əks etdirən video-görüntülər olduğunu düşünür: “Əli Kərimli hakimiyyətlə işbirliyinə getmək istəyirdi. İqtidarla işbirliyinə getməyin, müxalifət arasında dağınıqlıq yaratmağın, onu parçalamağın bünövrəsini Əli Kərimli qoyub və bunu öz istəyi ilə edib. Əli Kərimlinin hakimiyyətlə apardığı gizli görüşlərin videosu var. Çox yüksək səviyyələrdə Əli Kərimli ilə iqtidar nümayəndələri arasında gecə görüşləri keçirilib. Hakimiyyət Əli Kərimlinin keçirdiyi görüşlərin video-görüntülərini saxlayır”. R.Nurullayev “Kaspi”yə açıqlamasında bildirdi ki, Ə.Kərimlinin xəyanəti və müxalifəti məhv etməsi barədə fikirlər ilk dəfə deyil ki, səsləndirilir: “AXCP-dən ayrılan və həqiqi Elçibəyçiliyə iddia edən KAXCP və BAXCP də bunu söyləyib. Ayrı-ayrılıqda bu gün Əli Kərimlinin yanında yer alan şəxslər də səsləndirib. Müsavat təmsilçiləri dəfələrlə bu məsələni qabardıb. Sonuncu dəfə ən ağır ittihamları deputat Siyavuş Novruzov qabartdı. Mən də adım qədər əminəm ki, deyilən video var. O videolar yayımlansa, Əli Kərimli bir günün içində siyasətdən silinər və bəlkə də adam içinə çıxmağa belə cürəti çatmaz. Bəs niyə yayımlanmır? Çünki, orada bu gün hakimiyyətin yüksək eşolanlarında təmsil olunan məmurlar var”. Həmsöhbətimizin fikrincə, video yayımlanarsa, yüzlərlə əməkdaşın, gizli orqanlarla əməkdaşlıq edən kiçik və böyük rütbəli siyasətçi və məmur açığa çıxa bilər. Əli Kərimli bunu çox gözəl bildiyindən bu qədər rahatdır və onu qoruyan əsas faktor budur: “Necə olar bilər ki, digər cəbhəçilər qaçaqaçda olduğu halda, Əbülfəz Elçibəy Kələkidə yaşadığı halda, Əli Kərimli Bakı şəhərində at oynadırdı? Yanında onlarla cangüdənlə gəzirdi və heç kim onu saxlamırdı? Neçə il parlamentdə təmsil olundu və hər zaman da həlledici məqamlarda mərkəzdənqaçma effekti yaradan addımlar atırdı və nəticədə müxalifəti zəiflədirdi. Bilirsinizmi niyə Əli Kərimli 2000-ci ildən başlayaraq gözdən düşməyə başladı? Çünki oyun qaydalarını pozdu. O hakimiyyətlə saziş bağlamışdı, kişi sözü vermişdi və əvəzində deputat yerləri, mal-mülk və nüfuz qazanmışdı. Mərhum Heydər Əliyevin xəstələnməsindən sonra xəyallara daldı, böyük iddialara düşdü və hakimiyyətin tezliklə yıxılacağına inandı. Oyun qaydalarını pozaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etdi. Hadisələr də buradan başladı. Onun müxalifətə xəyanəti bu gün də davam edir. Özünü xalqa və siyasətçilərə sırımaq istəsə də, artıq onu qəbul edən yoxdur. Açığı mətbuatın onun şəxsiyyətinə hələ də maraq göstərməsi məni təəccübləndirir”. Geri qayıt |