Əsas Səhifə > Hadisə, Manşet > TQDK sədrinin adamı görün, nədə ittiham olunur...

TQDK sədrinin adamı görün, nədə ittiham olunur...


3-02-2016, 08:56
TQDK sədrinin adamı görün, nədə ittiham olunur...
TQDK-nın sabiq mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin ölkə universitetlərində boş qalan yerlərə tələbə qəbulu ilə bağlı uzun müddətdən bəri həyata keçirdiyi maxinasiyalardan, nəhayət ötən il Təhsil naziri Mikayıl Cabbarovun keçid ballarının aşağı salınmaması barədə qərar qəbul etməsindən sonra bu maxinasiyaların da artıq qarşısının alınmasından və bu xüsusda yaranmış qalmaqallardan bəhs edən bir neçə yazı dərc etmişdik. Bu yazılarda biz həmçinin göstərmişdik ki, baş verənlər səbəbindən Elnur Nağızadə 298 nəfər qarşısında boynuna götürdüyü “öhdəlikləri” yerinə yetirə bilməmiş və bu səbəbdən də həmin insanlara külli-miqdarda pul borclu qalmışdı. Düzdür, yığılan pulların böyük bir hissəsi artıq sahiblərinə qaytarılıb. Amma Elnur Nağızadə, yığıdığı pulların özünə çatacaq hissəsini hələ qərar çıxmazdan əvvəl “xərcləməyə” macal tapdığından, borcları sonadək bağlamaq mümkün olmayıb. Bundan sonra isə, öz pullarını geri tələb edən vətəndaşlar TQDK-ya kütləvi şəkildə üz tutblar. Beləliklə də, məsələ “böyüyərək” artıq yuxarı insyansiyaların diqqətini cəlb etməyə başlayıb. Məhz bu məqamda, TQDK sədri Məleykə Abbaszadə mətbuat xidmətinin rəhbəri ilə vidalaşmaq məcburiyyətində qalıb.
Dünən redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsində də, həmin 298 nəfərin arasında yer almış vətəndaşlardan daha bir nəfəri, bu dediklərimizin təsdiqi olaraq, bilavasitə özü ilə bağlı epizodun təfərrüatları barədə açıqlama verir. Qeyd edək ki, redaksiyamıza ərizə ilə müraciət etmiş vətəndaş Mikayılov Minadi Veysəl oğlu eyni zamanda da, qəzetimiz vasitəsilə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin diqqətini bu məsələyə cəlb etmək istəyir.

Ərizədə deyilir: “Yazıb sizə bildirirəm ki, TQDK-nın sabiq mətbuat xidmətinin rəhbəri Elnur Nağızadəni tələbəlik illərindən bu günə kimi şəxsən tanıyıram. Mən tam məsuliyyətlə təsdiq edirəm ki, 2015-ci ilin yayında (ölkəmizdə I Avropa Oyunları başa çatdıqdan dərhal sonra) Elnur Nağızadə məndən, yaxınım olan bir şəxsi Bakı Dövlət Universitetinə qəbul etdirəcəyi bəhanəsilə, 26 000 (iyirmi altı min ) manat məbləğində pul almışdır. Bu zaman onun yanında öz yeznəsi də olub. Pulu məndən alanda, Elnur belə bir bir ifadə də işlətdi ki, xanım gözləyir. Xanımın kim olduğunu ondan soruşanda isə, cavab verdi ki, Məleykə xanım. Mən də ona inanıb, pulu verdim...”

Daha sonra ərizədə yazılanlardan belə məlum olur ki, Elnur Nağızadə artıq Təhsil naziri Mikayıl Cabbarovun verdiyi məlum qərardan sonra, qəbul maxinasiyalarını həyata keçirə bilməyəcəyinə əmin olduqdan sonra da, hələ bir müddət “müştərilərini” müxtəlif vasitələrlə gözləməyə məcbur edə bilib. Hətta bu zaman Elnur Nağızadə artıq ötən materiallarda qeyd etdiyimiz üsullara, yəni əsası olmayan, saxta məktub və arayışların təqdim olunması üsuluna da əl atıb. Bu barədə Minadi Mikayılov öz ərizəsində yazır: “Təhsil nazirinin universitetlərdə boş qalan yerlərə qəbul üçün keçid ballarının aşağı salınmaması barədə qəbul etdiyi qərardan sonra, biz də artıq bu işin baş tutmayacağını bilirdik. Lakin, Elnur Nağızadə abituriyentin və onun valideynlərinin diqqətini yayındırmaq, bir qədər də vaxt qazanmaq üçün, onların yaşadıqları ünvana bir neçə dəfə saxta teleqram və məktublar göndərmişdi. Hətta bir neçə dəfə Namiq Babayevin də adını hallandırmışdı ki, guya bizi vaxtında məhz Namiq müəllim məlumatlandıracaq...”
Bununla belə, son imkanlar da tükəndikdən sonra, Elnur Nağızadə bir çox digər hallarda olduğu kimi, Minadi Mikayılovdan aldığı pulların da bir hissəsini qaytarıb. Qeyd edək ki, bu məqamda da TQDK-nın sabiq mətbuat xidmətinin rəhbərinin hərəkəti, eynilə ötən materiallarda göstərdiyimiz sxemə uyğun olub. Yəni “müştərilərinin” narazılıqlarını minimuma endirmək üçün, Elnur Nağızadə bir nəfərin pulunu tam kəsməkdənsə, bir neçə nəfərin pulunu qismən kəsməyə üstünlük verib. Bu barədə ərizədə oxuyuruq: “Elnur Nağızadə məndən aldığı 26 000 manat puldan hissə-hissə, ümumilikdə 14 000 (on dörd min) manat indiyədək qaytarıb. Amma qalan on iki mini indiyədək ondan ala bilmirik”.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt