Əsas Səhifə > Hadisə, Manşet > Neft və dollar böhranının Azərbaycandakı ana hədəfi:

Neft və dollar böhranının Azərbaycandakı ana hədəfi:


23-12-2015, 09:40
Neft və dollar böhranının Azərbaycandakı ana hədəfi:
Heç kimə sirr deyil ki, yüksək çinli məmurların, komitə sədrlərinin, nazirlərin, deputatların bizneslə məşğul olması, şirkətlər qrupu yaratmaları ölkəmizdə adi hal alıb. Qanunvericiliyin sözügedən fəaliyyəti onları qadağan etməsinə, bununla bağlı Cinayət Məcəlləsində xüsusi maddənin nəzərdə tutulmasına baxmayaraq, indiyə qədər nəinki hər hansı məmur cəzalandırılmayıb, əksinə, onlar biznes fəaliyyətlərini genişləndirərək iqtisadiyyatın ən gəlirli sahələrində inhisarçı mövqe yaradıblar.
Araşdırmalar göstərir ki, hər bir məmurun biznesi onun vəzifə səlahiyyətlərinə və şəxsi nüfuzuna adekvatdır. Yəni oliqarxa çevrilmiş nazirin sarayda sözü nə qədər keçərlidirsə, onun biznesi bir o qədər çoxşaxəli, qüdrətlidir. Hazırda iri məmurlar arasında şirkətlər qrupuna sahib olanlar da var, nisbətən orta biznes fəaliyyəti ilə məşğul olanlar da.
Amma belə görünür ki, istər ölkənin neft gəlirlərinin kəskin azalması, istərsə də qlobal iqtisadi böhranın getdikcə dərinləşməsi məmur şirkətlərinə də qarşıdakı ildə olduqca ağır bir dövr vəd edir. Belə ki, 2016-cı ilin əvvəllərindən etibarən Azərbaycanda çox sayda şirkətin bağlanmağa başlaması gözlənilir. Buna səbəb gələn il bir sıra dövlət investisiya layihələrinin təxirə salınması, ümumiyyətlə bu məqsədlə nəzərdə tutulan dövlət vəsaitlərinin kəskin şəkildə azaldılmasıdır.
Bu mövzu ilə bağlı əldə etdiyimiz məlumatda bildirilir ki, bağlanması gözlənilən şirkətlər əsasən müəyyən məmurların himayəsi və nəzarəti altında fəaliyyət göstərirlər. Bu da onlara dövlət satınalmalarında önəmli pay sahibi olmaq üşün “yaşıl işıq” yandırırdı. Amma neft hasilatının kəskin azalması və neftin qiymətinin sürətlə aşağı düşməsi nəticəsində ölkənin gəlirlərinin azalması hökuməti həmişəki kimi “səxavətli” davranmaq imkanlarından məhrum edir.
Beləliklə, gələn ilin büdcəsində xüsusilə dövlət investisiya layihələri üçün nəzərdə tutulan vəsaitin kəskin azaldılması məmurların dövlət xəzinəsindən mayalanan şirkətlərinə yaxşı heç nə vəd etmir və onların ard-arda bağlanması tamamilə realdır.
Qeyd edək ki, hələ bu ilin əvvəllərindən etibarən ölkənin bəzi iri məmurlarına məxsus şirkətlərdə maaş problemi yaranıb. Hətta bir çox oliqarxlara məxsus müəssisələrdə əmək haqlarının aylarla ödənilməməsi və ya gecikdirilməsi müşahidə olunur.
Yaranmış vəziyyət iki səbəblə izah edilir. Bunlardan biri neftin qiymətinin kəskin ucuzlaşması və nəticədə ölkəyə maliyyə axınının azalması, bunun da sonucunda bir çox iri məmurların şirkətlərinin həyata keçirməyə hazırlaşdıqları və yaxud başladıqları dövlət investisiya layihələrinin təxirə salınması, ya da həmin layihələrin büdcəsinə yenidən baxılaraq azalmalara gedilməsidir.
Başqa bir səbəb isə bu ilin fevralında manatın dollara nisbətən ucuzlaşması göstərilir. Bildirilir ki, manatın devalvasiyası ölkədə qiymət artımı ilə yanaşı, bir sıra başqa problemlər də yaradıb. Belə ki, manatın devalvasiyasından öncə udulan tender layihələri ilə bağlı ciddi problem yaranıb. Buna səbəb manatın devalvasiyasından sonra bir sıra tender layihələrinin dəyərinin dəyişməsinə baxmayaraq, əvvəlki öhdəliklərin yerinə yetirilməsinin tələb edilməsidir.
2016-cı ildə isə bu ümumi mənzərənin daha çox “qara rənglərə” boyanacağı qaçılmazdır. Xüsusilə büdcədən və ya Dövlət Neft Fondundan maliyyələşdirilən investisiya layihələrinin azaldılması bir sıra məmurların dövlət satınalmalarında pay sahibi olmaq üçün yaratdıqları şirkətlərin bağlanması, bunun fonunda isə ölkənin işsizlər ordusunun sıralarının genişlənməsi qaçılmazdır. Çətin ki, vəzifəli şəxsləri məhz bu məqam narahat etsin; yəqin ki, onları ən çox düşündürən qanunsuz bizneslərinin zəifləməsi, şəxsi gəlirlərinin isə azalmasıdır.

Geri qayıt