Əsas Səhifə > Hadisə, Manşet > Yevlax sakini prezidentdən kömək istəyir
Yevlax sakini prezidentdən kömək istəyir22-12-2015, 10:23 |
İsmayılov Vasif Nazim oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətində başına gətirilən müsibətlərin baiskarının cəzalandırılmasını xahiş edir... Müraciətdə deyilir: - Möhtərəm cənab Prezident! Bildirirəm ki, mən İsmayılov Vasif Nazim oğlu, 5 il bundan əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3.500 manat maddi zərər çəkmişəm. Bu barədə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin müvafiq qərarı vardır. Məhkəmə qərarına əsasən borclu qismində tanınmış Kərimov Habil Kərim oğlu uzun müddətdir həmin borcu ödəməkdən yayınır. Onun borcu ödəməkdən yayınmasına bu şəraiti isə ona birbaşa Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Əmirov Amil Ağaşirin oğlu (055-223-67-67) yaratmışdır. Borclu Kərimov Habil Kərim oğlunun əmlakı üzərinə həbs qoyulması və onun ölkədən çıxışına məhdudiyyət qoyulması haqqında məhkəmə qərarları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1 maddəsinə əsasən barəsində tədbir görülməsinə tapşırıq verilməsinə baxmayaraq birbaşa Sabunçu rayon İcra Şöbəsinin və Sabunçu rayon Məhkəməsinin himayəçiliyi ilə borclu Kərimov Habil Kərim oğlu çox asanlıqla borcu ödəməkdən yayınır. Bu barədə Azərbaycan Respublikası Ədliyyə Naziri cənab F.Məmmədova, Nazirliyin İcra Baş İdarəsinin rəisi cənab X.Zeynalova təkidli müraciətlərimizə baxmayaraq bizə heç bir cavab verilmir və heç bir tədbir görülmür. Sabunçu rayon İcra Şöbəsinin rəisi cənab İdris Həsənquliyevə 05.07.2015-ci il tarixli ərizə ilə müraciət edərək bu işin icrası barədə məlumat verməsini xahiş etmişəm. İntensiv telefon danışıqları nəticəsində cənab İ.Həsənquliyev mənə 23.09.2015-ci il tarixli, 24976/13 saylı məktubla cavab (???) verərək bildirmişdir ki, borclu Kərimov Habil Kərim oğlunun “Toyota Land Cruiser” markalı, 10XV750 dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmuşdur. Təsəvvür edin ki, sonradan borclu Kərimov Habil Kərim oğlu əsas etibarnamə ilə həmin avtomobili başqa şəxsə satmış, yeni istifadəçi və mülkiyyətçi ərizə ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə 04.03.2013-cü il tarixli qərardadla həmin avtomobilin üzərindən həbsi götürmüşdür. Sabunçu rayon Məhkəməsinin başqa bir qərarı ilə borclu Kərimov Habil Kərim oğluna məxsus “VAZ-21154” markalı, 90BU822 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə də həbs qoyulmuşdur. Borclu Kərimov Habil Kərim oğlu yenə də həmin avtomobili əsas etibarnamə ilə Qəbələ rayon sakini Koçari Vitaliy Rafikiyə satmışdır. Ona görə də Sabunçu rayon İcra Şöbəsi 25.11.2013-cü il tarixli məktubla icra vərəqəsini icra tədbirlərinin davam etdirilməsi üçün Qəbələ rayon İcra Şöbəsinə göndərsə də bu barədə 2 il müddətində tələbkara rəsmi məlumat verməmişdir. Qəbələ rayon İcra Şöbəsinə iş 05.12.2013-cü ildə daxil olmuş və icra məmuru Məftun Şirəliyevin icraatına verilmişdir. O isə vətəndaş Koçari Vitaliy Rafikidən izahat almaqla kifayətlənmişdir. Vətəndaş Koçari Vitaliy Rafiki izahatında bildirmişdir ki, mən həmin avtomobili əsasə etibarnamə ilə satın almışam və pulunu da razılaşdığımız qaydada borclu Kərimov Habil Kərim oğluna tamamilə ödəmişəm. İcra məmuru Məftun Şirəliyev bununla da öz işini bitmiş hesab edərək materialları arxivə vermişdir. Yenə də tələbkara heç bir cavab verilməmişdir. 04.12.2015-ci ildə mən rəsmi nümayəndəm M.Süleymanovla birlikdə Qəbələ rayon İcra Şöbəsinə gedərək şöbənin rəisi vəzifəsini icra edən, I dərəcəli ədliyyə qulluqçusu Elbrus Hacıyevlə (070-594-06-39) görüşmüşəm. O, toz basmış materialları arxivdən çıxararaq icra vərəqəsinin icra olunmamasının səbəbini onunla izah etmişdir ki, icra məmuru Məftun Şirəliyev xeyli vaxtdır işdən çıxmışdır və ona görə də icra vərəqəsi icra olunmamış saxlanılmışdır??? Sabunçu rayon İcra Şöbəsinin rəisi cənab İ.Həsənquliyev icra vərəqəsinin Qəbələ rayon İcra Şöbəsinə göndərilməsini “İcra haqqında” Qanunun 24-cü maddəsi ilə əsaslandırır. Halbuki Qanunun həmin maddəsi əmlak məsələlərinə şamil edilmir. Sabunçu rayon İcra Şöbəsi “İcra haqqında” Qanunun 50-ci maddəsinin bütün tələblərini kobud surətdə pozaraq borclu Kərimov Habil Kərim oğlunun məsuliyyətdən yayındırılmasına və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulan tədbirlərin tətbiq edilməməsinə bilavasitə şərait yaratmışdır. Sabunçu rayon Məhkəməsinin əsas etibarnamə ilə satılmış avtomobilin üzərindən həbsin götürülməsi barədə Qərardadına lazımi hüquqi qiyməti isə yəqin ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi verəcəkdir. Sabunçu və Qəbələ rayon İcra Şöbələrinin rəisləri İdris Həsənquliyev və Elburus Hacıyev öz vəzifə səlahiyyətlərini lazıminca icra etməmiş, “İcra haqqında” Qanunun 26-cı maddəsinin tələblərini kobud surətdə pozaraq daxil olmuş icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəti təmin etməmişlər. Onların bu qanunsuz əməllərinə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi tərəfindən müvafiq qiymət verilməsi barədə müraciətlərimizə isə heç bir cavab verilməmişdir. Cənab Prezident! Yuxarıda göstərilən qanunsuzluqlara yol vermiş vəzifəli şəxslər barəsində lazımi tədbirlər görülməsi və vətəndaşa dəymiş maddi ziyanın təqsirkardan alınıb ödənilməsi üçün müvafiq qurumların rəhbərlərinə göstərişlər verilməsini xahiş edirəm.\\Təzadlar\\ Geri qayıt |