Əsas Səhifə > Hadisə, Manşet > "Şərurlu İsfəndiyar"a qarşı 9 milyonluq fırıldaq ittihamı

"Şərurlu İsfəndiyar"a qarşı 9 milyonluq fırıldaq ittihamı


17-12-2015, 09:29
"Şərurlu İsfəndiyar"a qarşı 9 milyonluq fırıldaq ittihamı
Redaksiyamıza ərizə ilə müraciət etmiş iş adamı Asif Pirvəliyev bildirmişdi ki, keçmiş MTN əməkdaşlarının soyğunçuluq əməlləri nəticəsində onun rəhbərlik etdiyi “Vaqifoğulları Holdinq” şirkətinə 9 842 000 (doqquz milyon səkkiz yüz qırx iki min) ABŞ dolları məbləğində ziyan dəymişdir. Vətəndaşın müraciəti əsasında saytımızda 28.11.2015-ci il tarixdə ““MTN işi” ilə bağlı daha bir şirkət açıqlama verdi” başlıqlı yazı dərc olunmuşdu. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməyə hazırlaşan Asif Pirvəliyev bildirmişdi ki, onun rəhbərlik etdiyi və 370 nəfərdən artıq əməkdaşı olmuş “Vaqifoğulları Holdinq” şirkəti bir müddət öncə ölkənin inşaat sektorunda çoxşaxəli fəaliyyət göstərirdi. Belə ki, şirkət paytaxt ərazisində tikinti işləri aparmaqla yanaşı, həm də beton məmulatların istehsalı və satışı ilə məşğul idi. Lakin bu fəaliyyət 2009-cu ildə MTN-in keçmiş rəhbərliyinin də diqqətini cəlb edir. Bundan sonra, Asif Pirvəliyev və holdinqin bəzi digər rəhbərləri müxtəlif təsir vasitələrinə məruz qoyulurlar. İş adamı MTN-ə aparılır və onun yaxınlarından müəyyən məbləğdə pul alınana qədər orada saxlanılır. Həmçinin məlumatda xüsusi qeyd olunmuşdu ki, hətta tələb olunan məbləğlər ödənildikdən sonra da, “Vaqifoğulları Holdinq” şirkətinin rəhbəri tamamilə qeyri qanuni olaraq, hələ düz bir il də azadlıqdan məhrum edilib. Bundan başqa isə, sözügedən məqalədə biz göstərmişdik ki, Asif Pirvəliyev yaxın günlərdə bu işlə bağlı redaksiyamıza bəzi əlavə məlumatlar təqdim edəcəyini də bildirib. Artıq dünən, MTN-in keçmiş rəhbərliyinin qanunsuz əməllərindən ziyan çəkmiş iş adamı növbəti dəfə “Bizim Dövr”ün redaksiyasına müraciət edərək, söz verdiyi kimi, işin bəzi təfərrüatları barədə yeni açıqlamalar verib. Asif Pirvəliyev deyir ki, “Vaqifoğulları Holdinq” şirkətinə MTN-in basqısından öncə, bu qurum tərəfindən bəzi “kəşfiyyat xarakterli həmlələr” də həyata keçirilmişdi. Bu həmlələr üçün isə, digər bir şirkətin “Şərur İnşaat” MTK-nın imkanlarından istifadə olunub. Asif Pirvəliyevin sözlərinə görə, “Vaqifoğulları Holdinq” şirkəti müəyyən bir müddət ərzində “Şərur İnşaat” MTK ilə müqavilə əsasında əməkdaşlıq ediblər. Aralarında bağlanmış müqavilənin şərtlərinə görə “Vaqifoğulları Holdinq” qarşı tərəfi müəyyən inşaat materialları ilə təmin edib. Aldığı mal-materialın əvəzində isə, “Şərur İnşaat” MTK inşa etdiyi binalardan holdinqə mənzillər verib. Lakin bir müddət sonra, daha dəqiq desək, 2008-ci ildə “Şərur İnşaat” MTK-nın rəhbəri İsfəndiyar Axundov “Vaqifoğulları Holdinq”-ə verdiyi mənzillərin qiymətini əsassız olaraq qaldırıb. Həm də maraqlıdır ki, bu qiymət artımı sadəcə qərar qəbul ediləndən sonra satılacaq mənzillərə deyil, həm də artıq satılmış mənzillərə şamil olunub. Beləliklə də, bu absurd qərarın nəticəsində “Vaqifoğulları Holdinq” şirkətinin “Şərur İnşaat” MTK-ya bir neçə milyon manat məbləğində borcu yaranıb. Təbii ki, qarşı tərəf ilkin olaraq bu məbləği ödəməkdən imtina edib. Lakin İsfəndiyar Axundovun özünəməxsus “təkid üsulları” bu dəfə də işə yarayıb. Beləliklə də, “Vaqifoğulları Holdinq” şirkəti “Şərur İnşaat” MTK-ya nə az, nə çox, düz 3 milyon 600 min manat məbləğində vəsait ödəməyə məcbur edilib. Bu ödənişdən az bir müddət sonra isə, artıq yuxarıda təsvir olunan hadisələr baş verib.

Daha sonra Asif Pirvəliyev bildirdi ki, hazırda “Vaqifoğulları Holdinq” şirkəti “Şərur İnşaat” MTK-ya ödədiyi məbləği geri almaq üçün müəyyən addımlar atır. Digər tərəfdən isə, holdinq rəhbəri ehtiyyat edir ki, İsfəndiyar Axundov hələ də malik olduğu geniş imkanlardan yararlanaraq, bu dəfə də ona qarşı hansısa bir yeni təxribata əl ata bilər. Bununla belə, Asif Pirvəliyev özünün və digər holdinq əməkdaşlarının haqqını geri ala bilmək üçün sonadək mübarizə aparacağını da vurğulayıb.

Geri qayıt